Laçın rayonundan olan məcburi köçkün, hazırda Bərdə rayon, Qaradəmirçi kəndində məskunlaşmış şəhid ailəsi, II qrup əlil Yasəmən İsmayılova OAzərbaycan Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Baş prokuror Zakir Qaralov, Daxili işlər naziri Ramil Usubov və Laçın rayon icra hakimiyyətinin başçısı Akif Səlimova müraciət ünvanlayıb. Y. İsmayılova vicdanına və haqqın tərəfindən olduğuna inandığı insanlara müraciət etdiyini deyib. 1992-ci ildən Qaradəmirçi kənd poleklinikasında məskunlaşdığını deyən Yasəmən İsmayılovanın sözlərinə görə, 1999-cu ildən isə sovet dövründən Bərdədə yaşayan əmisinin bu kənddəki evinə köçüb: "Bu illər ərzində istər dövlət tərəfindən şəhid ailələrinə və Qarabağ əlillərinə tikilən fərdi evlə təmin olunmaq üçün, istərsə də ötən illərdə Bərdənin başqa ərazilərində yaşayan məcburi köçkünlər üçün tikilmiş evlərdən almaq üçün müraciət etsəm də Bərdə Rayon İcra hakimiyyəti və Qaçqınlar Komitəsinin Bərdə rayon Mərkəzindən, həmçinin digər aidiyyatı qurumlardan bildirirdilər ki, mən Qaradəmirçidəki poleklinikada qeydiyyatdayam, ora nə vaxt köçürülsə mən də evlə təmin olunacam. 23 il bu günü səbirsizliklə gözlədim. Nəhayət 17 avqust 2015-ci ildə nümayəndələr gəldilər. Mən də qəbula düşdüm, ancaq bildiyimə görə, Qaçqınkomun nümayəndəsi olan Elman adlı şəxs kobudluqla dedi ki, "çıx çölə sən fərdi evdə yaşayırsan, deyillər özünə villa yaratmısan”. Mən bunun yalan olduğunu, evin mənim olmadığını, həm də villa yox toyuq hini desə daha doğru olduğunu bildirəndə o, "budur İcra nümayəndəsi Cəfər müəllim, Qaçqınkomun yerli nümayəndəsi Sərdar müəllim, 1-ci müavin Vahid müəllim sənin adının qarşısına işarə qoyub”, - dedi. Mən "xahiş edirəm”, "komissiya yaradın araşdırsın” desəm də, o polislərə məni aparmağı əmr etməyi daha münasib bildi. Hörmətli dövlət, hökumət və ictimaiyyət nümayəndələri xahiş edirəm, bu məsələnin məhkəmə qaydası ilə həll edilməsinə yardımçı olasınız. Siz cəmiyyətin önündə olan insanlarsınız doğrudanmı şəhidin ailəsinə verilən 100 manat müavinətlə, 12 manat sığorta pulu ilə, 18 manat yemək xərci ilə ailə saxlayıb villa tikmək mümkündür?”.
Yasəmən İsmayılova müraciət etdiyi dövlət adamlarından şəhid ailəsi kimi 23 il gözlədiyi növbəsində haqqına düşən evinin verilməsində köməklik etmələrini xahiş edib. Kənd sakini qeyd edib ki, Bakıda yaşayan, 0 il əvvəl Bərdədən gedən, həqiqətən də villası olan tanıdığı şəxslər pul verib ev alıblar: "Bütün bunları və digər özbaşnalıqları məhkəmədə sübut etməyə hazıram. Çünki belə olmasaydı 300-400 manat əməkhaqqı alan Cəfər müəllimin oglu "Range Rover”, özü "Mercedes E-Class” sürə bilməz, maşına 6-7 min manat qiyməti olan nömrə vurmaz. Eləcə də Sərdar müəllimin oğlanları "Semiorka”, "Petiorka”, "BMV”-lərdə gəzməzlər. Hələ villaları, 150 metrlik çardaqları, "moykaları”, tikinti malları mağazası, kirayə verilmiş avtomobil sexləri, avtomobil ehtiyat hissələri dükanı və mənim bilmədiyim, görmədiyim nələr. Doğrudanmı təxminən 10 il əvvəl "Qaz-53” markalı avtomobildə qapı–qapı gəzib odun satan icra nümayəndəsi 3-4 yüz manatla milyonçu oldu? Bəli nə qədər ki, qaçqınlara verilən dizel yanacağı Əzizağanın yanacaqdoldurma məntəqəsində satılır, 6 ay əvəzinə 3-4 ay verilir. 40 litr əvəzinə 25-30 litr verilir, yerli əhaliyə əkin uçün verilən kartın 100-dən artığı Cəfər müəllimin oğlunun əlində gecə saat ikidə bonkomatın qabağında polislər tərəfindən tutulur 1 saat sonra nəyə görəsə, buraxılır”. Yasəmən İsmayılova qaçqınlara verilən evlərdə müəyyən şəxslərin kirayə qaldırlarını bildirib: "Necə olur ki, onların bu boyda böyük nöqsanlarını heç kim görmədi, şəhid ailəsinin 200 manat müvinətlə tikdiyi "villa”nı hamı gördü. Hörmətli cənab prezident, digər dövlət və ictimayət nümayəndələri inanıram ki, tezliklə Allahın və sizin köməyinizlə ədalət öz yerini tapacaq və mən evlə təmin olunacam”