Məlum olduğu kimi, Səhiyyə Nazirliyi tərəfindən aparılan yoxlamalar nəticəsində “Laser Beauty Clinic”in filiallarından birində (Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi) nöqsanlar aşkar edilib və klinikanın lisenziyasının dayandırılması və ya ləğvi ilə bağlı Səhiyyə Nazirliyindən İqtisadiyyat Nazirliyinə müraciət daxil olub.
İqtisadiyyat Nazirliyindən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, Səhiyyə Nazirliyinin lisenziya şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair göstərişlərini yerinə yetirmədiyi üçün “Laser Beauty Clinic”in həmin filial üzrə lisenziya əlavəsi İqtisadiyyat Nazirliyinin inzibati aktı ilə dayandırılıb. Hazırda fəaliyyəti dayandırılmış filiala 2025-ci ilin 12 mart tarixinədək nöqsanların aradan qaldırılması üçün müddət qoyulub.
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq nöqsanlar aradan qaldırıldıqdan sonra lisenziya əlavəsinin bərpası üçün yenidən müracət oluna bilər. Göstərilən müddətdə nöqsanlar aradan qaldırılmadıqda isə lisenziya ləğv edilir.
Qeyd edək ki, hazırda İqtisadiyyat Nazirliyi tərəfindən 23 növ fəaliyyət üzrə lisenziya verilir. Lisenziyalar verilərkən sahibkarlıq fəaliyyəti növünün xüsusiyyətlərindən asılı olaraq, aidiyyəti dövlət qurumlarının rəyi əsas götürülür.
Sahibkarlar lisenziya almaq üçün fəaliyyət göstərəcəkləri ərazi üzrə müvafiq “Asan xidmət” mərkəzi, KOB evi və ya “lisenziya.gov.az” portalı vasitəsilə İqtisadiyyat Nazirliyinə elektron formada müraciət edə bilərlər. Təqdim edilən sənədlər qaydasında olduqda lisenziya 10 iş günündən gec olmayaraq verilir.
Lisenziya verilməsinə görə dövlət rüsumu ödənilir. Regionlarda sahibkarlığın təşviqi məqsədilə dövlət rüsumuna 50 faiz güzəşt edilir.
Əlavə edək ki, “Laser Beauty Klinikası”nın təsisçisi və baş həkimi Rəna Soltanovadır