Media və Mülki Cəmiyyət İctimai Birliyi iyulun 18-də Lənkəran şəhər Mədəniyyət Mərkəzində “Cənub bölgəsində mədəni irsin təbliği” mövzusunda ictimai müzakirə keçirib. Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinın maliyyə dəstəyi ilə həyata keçirilən “Cənub bölgəsində mədəni irsin təbliği istiqamətində təşəbbüslər” adlı layihəsi çərçivəsində baş tutub. Bu barədə təşkilatın və layihənin rəhbəri Xanoğlan Əhmədov məlumat verib. X.Əhmədov bildirib ki, layihə üzrə fəaliyyətlər əsasən Astara, Lənkəran, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarını əhatə edir.
Təşkilat sədrinin sözlərinə görə, layihənin məqsədi cənub bölgəsində yaşayan əhalinin, əsasən gənclərin maddi və qeyri-maddi irsimizin qorunması və təbliği işinə cəlb olunması üçün maarifləndirmə tədbirlərinin təşkil edilməsindən və mətbuatda geniş məlumatlandırma işlərinin həyata keçirilməsindən ibarətdir. “Çünki mədəni irsimizin öyrənilməsi və təbliği gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində rolu böyükdür. Əhalinin, xüsuslilə şagirdlərin, tələbələrin, gənclərin maddi və mənəvi irs nümunələri ilə tanış olmaları üçün kütləvi işlərin aparılması, onlar maddi mədəniyyət abidələrinin qorunmasına, qeyri-maddi irs nümunələrinin toplanmasına cəlb olunması və bu istiqamətdə maarifləndirilməsi çox vacibdir. Mətbuatda, mədəni-maarif və ali təhsil müəssislərində, məktəblərdə yerli mədəni irs nümunələrimiz kifayət qədər təbliğ və təşviq olunmalıdır. Bu istiqamətdə fəaliyyət göstərən dövlət qurumları ilə yanaşı, QHT-lərin, mətbuatın, sosial şəbəkələrin və bütövlükdə cəmiyyətin üzərinə böyük məsuliyyət düşür”-deyə layihə rəhbəri qeyd edib.
Tədbirdə AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Kamran İsmayılov “Cənub bölgəsində mədəni irsin təbliği” mövzusunda geniş məruzə edib. Məruzəçi çıxışında Lənkəranın mədəni irsi barədə geniş məlumat verməklə yanaşı, iştirakçıların diqqətini buradakı məscidlərə də yönəldib. O, qeyd edib ki, Lənkəranda tikilən məscidlər XIX əsrin axırları, XX əsrin əvvəllərinə təsadüf edir. Bu məscidlər öz milli üslubu, memarlıq kompozisiyası baxımından Cənubi Azərbaycanın memarlıq ənənələri ilə bağlıdır. Böyük bazar məscidi XIX əsrdə inşa olunmuşdur. Təşəbbüskarları və baniləri Kərbəlayi Qulu, Kərbəlayi Ağaqulu və Hacı Mirağa olmuşdur. Məscidin 1929-cü ilədək altı təkyəsi olmuşdur. Həmin təkyələrə onu inşa edənlərin adları verilmişdir. Kərbəla Hüseynin, general Hacı Mirabbas xan Talışinskinin, Kərimovların, Hacı Manafın və Hacı Əsləsgərin təkyələri otuzuncü illərdə dağıdılmışdır. Hacı Hacağa Əkbərovun təkyəsi isə bu günə kimi qalmışdır. Məscid fəaliyyətə başlayan ilk gündən ona molla Mirəhməd axund, Şeyx Hüseyn axund, Molla Ağabala axund, Molla Vəli axund, Mirzə Məmmədhüseyn axund başçılıq etmişlər. Məscidin divar materialları bişmiş kərpicdən hörülmüş, üstü isə kirəmitlə örtülmuşdür. Məscidin içərisində əsas yeri namaz qılmaq üçün geniş zal tutur. Bu yaxınlarda məsciddin 140 yaşı tamam olmuşdur. Sovet hakimiyyəti dövründə məsciddən anbar, kitabxana, şəkil qalereyası kimi istifadə olunmuşdur. Məscid ilkin görünüşünü saxlamışdır və ona bəzi əlavələr edilmişdir.
Məruzədən sonra Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin baş məsləhətçisi Tural Məmmədov çıxış edib. T.Məmmədov qeyd edib ki, Salyan Regional İdarəsinin inzibati ərazisinə 18 rayon daxildir. Bu rayonlarda 1000-dən çox abidə regional idarənin əməkdaşları tərəfindən qorunur. Baş məsləhətçinin sözlərinə görə, cənub bölgəsini əhatə edən rayonlara gəlincə, Lənkəranda dövlət qeydiyyatına alınmış 74, Biləsuvarda12, Cəlilabadda 46, Yardımlıda 92 , Lerikdə 101 , Masallıda 184 , Astarada isə 83 tarixi abidə mövcuddur. “Cənub bölgəsində abidələrin böyük əksəriyyəti arxeoloji abidələrdir. Arxeoloji abidələrin qorunmasını təşkil etmək nisbətən çətindir. Bildiyiniz kimi Azərbaycanda abidələr dövlət qeydiyyatına Nazirlər Kabinetinin 2 avqust 2001- ci il tarixli 132 saylı Qərarı ilə alınıb. Lakin 1997-98-ci illərdə ölkədə torpaq islahatı aparılıb və bir çox arxeoloji abidələrin yerləşdiyi ərazi sakinlərə pay torpaq kimi verilib. Bu da abidələrinin qorunmasında müəyyən çətinliklər yaradır. Həmçinin Sayan Regional İdarəsi tərəfindən işğaldan Azad olunan Füzuli, Cəbrayıl və Xocavənd rayonları ərazisindəki abidələrdə qorunur. Region İdarənin əməkdaşları bu ərazilərdə müntəzəm olaraq monitorinqlər təşkil edirlər. Ən böyük çətinliyimiz bu ərazilərdə yeni aşkar olunmuş abidələrlə bağlı mənbə və məlumatların az olmasıdır. Bugünki tədbirdə AMEA-nın əməkdaşlarının iştirak etməsindən isitifadə edərək bu məsələni diqqətə çatdırmaq istərdim” – deyə T.Məmmədov çıxışını yekunlaşdırıb.
Sonra tədbirdə Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, LDU-nun universitetinin baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Leyla Məcidova çıxış edib. L.Məcidova çıxışına bu il 100 ili tamam olan Lənkəran Tarix-Diyarşunaslıq muzeyindən başlayıb. O, qeyd edib ki, muzeyi 3 mərtəbədən, 12 otaqdan ibarətdir, hazırda tarixi abidə olan və 1913-cü ildə inşa edilmiş Mir Əhməd Xanın evində yerləşir. 1978-ci ildən Xan evi Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyətə başlayıb. Buradakı eksponatlar Lənkəranın zəngin tarixini, mədəniyyətini və adət-ənənələrini, milli-mənəvi dəyərlərini və bu gününü əks etdirir. Əsas fond 8000-dən çox eksponat vardır. Burada etnoqrafiya, arxeologiya, xalq tətbiqi sənəti, numizmatikanı əks etdirən nümunələr və Lənkəranın görkəmli şəxsiyyətlərinin şəxsi sənədləri və digər eksponatlar göstərilir. L.Məcidova onu da bildirib ki, muzeyi hər gün 2000-dən çox yerli və xarici turistlər ziyarət edir.
Tədbirdə AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Alı Balayev və digər iştirakçılar mövzu ilə bağlı çıxış edərək öz fikir və təkliflərini bölüşüblər.