Xocalı soyqırımı ilə əlaqədar Litva Seyminin 51 üzvü müraciət qəbul edib. Azərbaycanın Litvadakı səfirliyindən Trend-ə bildiriblər ki, müraciətdə Azərbaycan dövlətinə və millətinə dərin başsağlığı bildirərək, deputatlar bəşəriyyətə qarşı yönəlmiş hər bir cinayəti qınadıqlarını qeyd ediblər. Litva tərəfindən hər zaman Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərdən çıxarılmasına çağırıldığı vurğulanıb. Məlumat üçün bildiririk ki, müraciətə imza atmış deputatlardan iyirmi altısı Seymdə hakim koalisiyada çoxluq təşkil edən Sosial Demokratlar Partiyasının, qalan üzvlərdən əksəriyyəti müxalifətdə olan Vətən-Xristian Demokratları Partiyasının və hakim koalisiyada olan digər partiyaların üzvləridir. Müraciətdə qeyd olunub ki, Litva Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və işğal olunmuş ərazilərdən ordu çıxarılmalıdır: "Xocalıda yüzlərlə insan qətlə yetirilib, insanlığa qarşı cinayət törədilib. Humanitar dəhliz vasitəsilə döyüş yerindən getmək istəyən mülki şəxslər güllələnib, onların böyük hissəsi qadınlar, qocalar və uşaqlar olub. Xocalı hadisəsi XX əsrin ən dəhşətli faciələrindən biridir. Təəssüf ki, Xocalı faciəsi ədalətli qiymətini almayıb".
Müraciət Seymin internet səhifəsində yerləşdirilib.