Xəbər verdiyimiz kimi, avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldırıb, radikal dini şüarlar səsləndiriblər.
Bununla bağlı Sonxeber.az-a danışan Nəsib Məhəməliyev bildirib ki, "Mehdinin nökərləri" adlı bir qrup terrorçunun Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya birləşmiş Krallığındakı səfirliyinə barbarcasına hücumu, müqəddəs bayrağımızı yerə atmaları sıradan bir hadisə deyil:
"Bu, ölkəmizin müstəqil siyasətini, iqtisadi inkişafını, günü-gündən güclənməsini, Ermənistan üzərində tarixi qələbəsini həzm edə bilməyən bəzi qonşu dövlətlərin dəstəklədiyi terror təşkilatlarının törətdiyi cinayətdir. Hərtərəfli düşünülmüş, təşkilatlanmış bu terrorçuların əsas məqsədi bütün mümkün vasitələrlə eyni amala, xislətə malik erməni terrorçularını Azərbaycanın haqlı davasında müdafiə etməkdir. Son illər regionda baş verən hadisələrin xronikasını, cənubdan gələn təhdidləri, ən yüksək səviyyəli din xadimlərinin İslam dəyərləri ilə daban-dabana zidd bəyanatlarına diqqət etmək kifayətdir ki, məsələnin mahiyyətinə aydınlıq gətirilsin. Problem bizim düşündüyümüzdən də dərin və mürəkkəbdir. Dövlət və cəmiyyət olaraq, sivil, mədəni, insani dəyərlərdən uzaq, olduqca təhlükəli, məkrli, xain düşmənlə üz-üzəyik.
Avqust ayının 2-də Laçın rayonunda əsgərimiz şəhid oldu və Ordumuz "Qisas" əməliyyatına başladı. Şəhidimizin qanı artıqlaması ilə alındı. Bundan narahat olan düşmən qüvvələr açıq mübarizə ilə heç nəyə nail ola bilməyəcəklərini anladıqları üçün xaincəsinə arxadan zərbə vurmağa cəhd etdilər. Bu dəfə də yanıldılar. Düşmənlər bir həqiqəti başa düşməlidirlər ki, ölkəmizə, bayrağımıza yönəlik hər bir mənfi hərəkət xalqımızı daha da birləşdirir. Üçrəngli Bayrağımız müqəddəsdir və bu bayraq uğrunda minlərlə gəncimiz şəhid olub".
Deputat vurğulayıb ki, hökumətimiz Britaniyanın aidiyyəti strukturları ilə sıx təmasda olacaq, hadisənin ideoloji mənbələri aşkarlanacaq və terrorçuların ciddi şəkildə cəzalanması təmin olunacaq:
"Eyni zamanda, çox təəssüflər ki, ölkə daxilində də uzun illər ərzində bəzi din dəllallarının yetişdirdiyi, beyinləri yuyulmuş kifayət qədər insanlar var. Həmin insanların sosial şəbəkələrdəki fəaliyyətləri, fikirləri bilavasitə Azərbaycanın müasir dövlət quruculuğuna qarşı, konstitusion quruluşunun zorla dəyişdirilməsinə hesablanıb. Müxtəlif mətbuat və digər orqanlarda onlara informasiya dəstəyi verənlərin də olması heç kim üçün sirr deyil. Azərbaycanda din və vicdan azadlıqları üçün münbit şəraitdən sui-istifadə edən din dəllalları ətraflarında bütöv bir cəhalət ordusunun yaranmasına nail olublar. Xaricdən maliyyələşən bu feodal təfəkkürlü dəllallar gecə-gündüz çoxsaylı primitiv rəvayətlər uydurmaqla cəmiyyəti işığa, zəkaya, müasirliyə yox, qaranlığa, cəhalətə sürükləyirlər.
Baxın, müqayisə edin: onların istinad etdikləri hansı ölkədə insanlar xoşbəxtdir? O cəmiyyətlərin hər birində geri feodal təfəkkür, cəhalət hökm sürür. Savadsız, kütbeyin mollalar gecəli-gündüzlü öz əxlaqlarını başqalarına sırımaqla məşğuldurdurlar.
Londonda baş verən hadisə bizim üçün ciddi siqnaldır. Hesab edirəm ki, aidiyyəti dövlət qurumlarımız əhalinin dini cəhətdən savadlanması üçün yeni konsepsiya hazırlamalı, zərərli xarici qüvvələrə bağlı din dəllallarının fəaliyyəti məhdudlaşdırılmalıdır. Azərbaycan dünyəvi dövlətdir və teokratik dövlət quruculuğuna cəhd edən bütün siyasi, ictimai təşkilatların fəaliyyəti qadağan edilməlidir".