Mədinə dedi ki, Maqsud qızılları götürüb gedib - Maqsud Mahmudovun məhkəməsindən

Bakı Ağır Cinayətlər Məhkəməsində Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Sabahinfo.az-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrlik etdiyi prosesdə ifadə verən zərərçəkmiş Leyla Yusifova bildirib ki, lombarda bir neçə dəfə qızıl girov qoyub, əvəzində pul götürüb.

"Sonuncu dəfə də gedib pul götürdüm. Pulu ödədim, amma qızılları götürə bilmədim. Maqsud özü də orada idi. O dedi, 10 gün sonra qızıllarımı qaytardılar. Heç bir şikayətim yoxdur", - zərərçəkmiş bildirib.

Vəkilin suallarını cavablandıran zərərçəkmiş qeyd edib ki, qızıllarını ödəyəndə bildiriblər ki, qızıllar bankadır: "Mənə dedilər ki, qızıllar bankda girovdadır. Mən də dedim ki, mən banka girov qızıl qoymamışam. Lombardda Maqsudu tanımamışam, onunla heç bir söhbətim olmayıb. Fikirləşməmişəm ki, bu lombard kimindir. Orada qızlar vardı, onlarla iş görürdüm. Vaxtında faizlərimi ödəmişəm".

Maqsud Mahmudov isə bildirib ki, zərərçəkmiş istintaqa yalan ifadə verib: "Xanım deyir ki, polisə gedəndən iki-üç gün sonra məni orada görüb. Amma həmin vaxt mən Azərbaycanda olmamışam. Zərərçəkmişlər öyrədilir".

Prosesdə ifadə verən digər zərərçəkmiş Rəna Məmmədova deyib ki, ehtiyacı olduğu üçün lombarddan pul götürüb.

"70 qrama yaxın qızıl qoydum, pul götürdüm. Bir müddət faiz ödədim, pulu tam ödəyəndə qızıllarımı qaytarmadılar. Sonradan anam xəstələndi, başım qarışdı. Anam rəhmətə gedəndən sonra lombarda getdim. Mədinə dedi ki, Maqsud qızılları götürüb gedib. Hazırda da 70 qrama yaxın qızılı ala bilmirəm. Hamının qızıllarını qaytarıb, mənimkini yox. Ümumilikdə, 5 min manatdan artıq ziyan vurulub mənə", - zərərçəkmiş deyib.

Qeyd edək ki, M.Mahmudova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) , 182.2.2 ( (təkrar hədə-qorxu ilə tələb etmə) və 183.2.2 (xüsusi dəyəri olan əşyaları talama - təkrar törədildikdə) maddələri ilə ittiham elan olunub. Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.(trend)

İş üzrə 91 nəfər zərərçəkmiş tanınıb.