Rejissoru Suad Qara (Suada Qarayeva) olan “Məhsəti” filmi Mədəniyyət Nazirliyi və Kino Agentliyinin təşkil etdiyi “Baku Cinema Breeze 25” film festivalı çərçivəsində keçiriləcək Bakı Beynəlxalq Film Festivalının proqramından çıxarılıb. Mədəniyyət Nazirliyi və Kino Agentliyi isə məlumat yayaraq bildirib ki, ekran əsərinin baş rolu olan şairə Məhsəti Gəncəvi filmdə əxlaqsız obraz kimi təsvir olunub.
Film və onunla bağlı qərar isə cəmiyyətdə, o cümlədən, mədəni sferada ciddi müzakirələrə səbəb olub. Həmin müzakirələr Məhsəti Gəncəviyə olan münasibətin də birmənalı olmadığını üzə çıxarıb. Bir qrup şairənin kinoda təsvir olunan obraz kimi həyat sürdüyünü, bunun ekranlaşdırılmasında heç bir problem olmadığını deyir. Buna qarşı çıxanların fikri isə ondan ibarətdir ki, Məhsəti Gəncəvi barədə deyilənlər şaiyədir, bunu təsdiqləyən tarixi faktlar yoxdur, heç bir mənbədə bununla bağlı nəsə yazılmayıb. Filmdəki obrazın əleyhinə çıxıb, M.Gəncəvini müdafiə edənlər bildirirlər ki, hətta şair eyş-işrət həvaskarı olubsa belə, onu ekrana gətirmək, elə bir obrazını yaratmaq olmaz.
İndiyədək Məhsəti Gəncəvinin həyat və yaradıcılığı bir neçə alim araşdırıb, monoqrafiya və kitablar yazıblar.
Milli Məclis sədrinin müavini, ədəbiyyatşünas, filologiya elmləri doktoru, akademik Rafael Hüseynovun “Məhsəti necə varsa” kitabı da, adından göründüyü kimi şairə həsr olunub.
“Yeni Sabah” xatırladır ki, kitabda Məhsəti Gəncəvi haqqında bəzi faktlar öz əksini tapıb. Müəllif, kitabında eyni zamanda dahi şair, mütəfəkkir Nizami Gəncəvi haqqında da bəzi nüanslara toxunub. Rafael Hüseynov yazır:
“1923-cü ilin noyabrında Tiflisdə çıxan “Yeni fikir” qəzetinin 206-cı nömrəsində Mir Abbas Bağırzadənin “Nizaminin qəbri” adlı məqaləsi dərc edilmişdi. Məqalədə bir qrup Gəncə ziyalısının (Şaır Mirzə Məhəmməd Axundzadə, müəllim Cavad bəy, tarixçi Rəfibəyov, müəllim Mir Kazım Mirsüleymanzadə) xüsusi komissiya təşkil etmələri və 1923-cü ilin aprelində Nizaminin qəbri yanında qazıntı işləri aparmalarından, məzarı şəhərin daxilinə - Şah Abbas məscidinin qarşısına köçürmək istədiklərindən bəhs edilir.
Qazıntı zamanı Nizaminin qəbri yanında bir qadın qəbrinin də olduğu üzə çıxır. “Bu kimin məzarı ola bilər” məsələsi haqqında da müxtəlif fikirlər söylənib. Vahid Dəstgerdi (red. Nizaminin tədqiqatçısı) belə güman edib ki, bu, Nizaminin sevimli ömür-gün yoldaşı Afaqın məzarıdır. Bunu dahi şairin qızının qəbri olduğunu bildirənlər də tapılıb. Halbuki, Nizaminin qızının olması barədə etibarlı və dürüst məlumat yoxdur. Ümumiyyətlə bu mülahizələrin heç birinin real əsası olmayıb.
“Məhsəti və Əmir Əhməd” adlı əlyazmada isə Məhsətinin məzarının Nizami məqbərəsi yanında olması haqqında qeyd var”.
Akademik qeyd edir ki, Məhsətinin qadın şair olaraq öz sevgisini açıq-saçıq formada danışması həmin dövrə uyğun deyildi:
“Məhsəti şəxsiyyəti, poetik irsi və dünyagörüşü ilə bağlı bir sıra mübahisəli, yanlış fikirlərin meydana çıxmasının ilk səbəbi şairənin “Şəhraşublar” silsiləsində axtarmaq lazımdır. Bu janrın mahiyyətindən xəbərsiz olan bu növ şeirin bir və ya bir neçə şairin yaradıcılığına mənsub fərdi dəsti-xətdən doğan hal deyil, regional xarakter daşıyan ədəbi hadisə olduğunu bilməyən təzkirəçilər və onların ardında tədqiqatçılar istər-istəməz çətin suallar qarşısında qalıblar. Niyə Məhsəti ayrı-ayrı cavan oğlanlara məhəbbət dolu şeirlər həsr etmişdi? Bu suala ilkin cavab tapmaq da çətin deyildi. Çiçəklənmə dövrünün ilk əsrini yaşayan farsdilli poeziyanın əsas mövzusu məhəbbət idi və hətta tamam başqa mətləblər belə ədəbiyyatın bu kökündə səslənirdi (Götürün elə öz ədəbiyyatımızdan Qətran Təbrizinin Zülfüqar Şirvaninin sıra-sıra qəsidələrini. Şeirin içərisində mədh olunan hökmdarın adı çəkilməsə, təsvir və ya tərif edilənin kişi, yoxsa qadın olduğunu söyləmək çox əngəlləşir). Buna görə də Məhsətinin məhəbbətdən yazması qeyri-adi deyildi. Qəribə olan o idi ki, Məhsəti qadın idi və bir qadının öz sevgisindən belə açıq-saçıq danışması dövrün etik kanonları və ədəbiyyatın bəlli əxlaq ölçüləri ilə uyuşmurdu. Lakin bundan da keçmək olardı”.
Rafael Hüseynov yazır ki, Məhsətinin rübailəri dəyişdikcə, orada təsvir olunan gənclər də dəyişirdi:
“Məsələnin əcaib tərəfi bu idi ki, Məhsəti bir gənci öyməklə, ona öz məhəbbətindən söz açmaqla işini bitmiş hesab etmirdi. Rübailər dəyişdikcə, o gənclər də dəyişirdi. Məhsətinin pərəstiş etdiyi cavanların da sayı artırdı. Bu da Məhsətiyə əxlaqsızlıq damğası vurmaq üçün kifayət idi.
Doğrudur, lokal patriotizm duyğusunun təsiri ilə demək olar ki, şair heç də həmişə “mən” söyləyərkən özünü düşünmürdü. Bu, bədii ədəbiyyatın şərtilik qanunlarından biridir ki, yazar özünü qəhrəmanın yerinə qoya bilər. Məhsəti də bu müxtəlif kişi xeylaqlarını öyərkən, məhəbbət izah edərkən heç də özünü deyil, “mən” deyimi arxasında gizlənən lirik qəhrəmanı düşünürdü. Məhsətiyə nəyin bahasına olursa, olsun bəraət qazandırmaq üçün belə demək olar. Lakin bu elm olmaz. Elm dedikləri danılmaz faktlar tələb edir və o qəbil faktlardan bol-bol göstərəcəyik”.
Qeyd edək ki, bu ilin mayında aktrisa Fərqanə Abdullanın rol aldığı “Məhsəti” filminin premyerası Kaliforniyada keçirilən “Mammoth Lakes” Beynəlxalq Film Festivalında baş tutub. Filmin rejissoru S.Qara keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin qızıdır.
Aydan Hacı