Mərkəzi Gömrük Hospitalında 8 Noyabr Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (DGK) Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Tibbi Xidmət İdarəsinin rəis müavini Elnurə Novruzlu, Mərkəzi Gömrük Hospitalının baş həkimi Elman Məmmədov, DGK Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının kollektivi iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsiilə başlayıb, daha sonra torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsibir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan DGK Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov qeyd edib ki, 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqı işğalçı Ermənistan üzərində tarixi qələbə qazanıb, işğal altında olan torpaqlarımız geri qaytarılıb, ölkəmizin ərazi bütövlüyü bərpa olunub.
Ceyhun Məmmədov böyük qələbəyə gedən yolun heç də asan olmadığını, qəhrəman əsgər və zabitlərimizin qanı, canı bahasına başa gəldiyini vurğulayıb.
Sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci ilin 8 noyabr tarixindəki çıxışının videoyazısı nümayiş etdirilib.
Ceyhun Məmmədov Vətən müharibəsinin möhtəşəm qələbə ilə başa çatmasında Mərkəzi Gömrük Hospitalının əməkdaşlarının da payı olduğunu vurğulayıb, döyüşlərdə iştirak edən əməkdaşlara qələbənin ildönümü münasibətilə xatirə saatları hədiyyə olunub.
Daha sonra hospitalın Vətən Müharibəsində iştirak edən əməkdaşlarından bir qrupu çıxış edərək xatirələrini bölüşüb, göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.