Millət vəkili Anarı təbrik edib

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Səbinə Xasayeva şəxsi "feysbuk" hesabında Xalq yazıçısı Anarı təbrik edib:

"14 mart xalq yazıçısı Anarın doğum günüdür.
Hər bədii əsər oxucu könlünə yatmır. Könüləyatımlı əsərlərin hamısı oxucunun düşün­cə­lərinə ortaq olmur. Bu baxımdan xalq yazıçısı Anarın “Yaxşı padşahın nağılı”, “Gecə yarısı qətl”, “Dantenin yubileyi”, “Ağ qoç, qara qoç”, “Beşmərtəbəli binanın altıncı mərtəbəsi”, “Mən, sən, o və telefonlar”,.. əsərləri oxuyanların ruhunu ifadə edir. Bu əsərlər Azərbaycançılıq məfkurəsinin əsəri kimi sevilir, seviləcək də. 

Xalq yazıçısı Anarın əsərlərində obrazlar fərdiliyiylə, fərdilikdə ümumiləşdirilməsiylə səciyyəvidir. Onun ssenarisi ilə çəkilmiş “Dədə Qorqud”bədii filmi də, “Qəm pəncərəsi” də, “Beşmərtəbəli binanın altıncı mərtəbəsi” əsəri əsasında çəkilmiş “Təhminə və Zaur” bədii filmi də həm  hadisələrin həyatiliyi ilə, həm də obrazların özünəməxsusluğu ilə tamaşaçıların sevdiyi ekran əsərlərindəndir. Kəbirlinskiləri (“Dantenin yubileyi”) hamımız görmüşük, indi də görü­rük. Həyatdan əsərə gələn obrazın əsərdən həyata inteqrasiyası Anarın bədii təfəkkürünün qüd­rə­tidir.