Millət vəkili: "İran Azərbaycanın maraqları ilə hesablaşmaq məcburiyyətindədir"

"Azərbaycan İran əleyhinə təşkil olunan heç bir layihədə iştirak etməyib"

"Pezeşkianın səfərindən sonra ikitərəfli münasibətlərdə müsbət dinamika gözlənilir"

"Regionda yeni reallıqlar formalaşmaqdadır. İran da Azərbaycanın maraqları ilə hesablaşmaq məcburiyyətindədir".

Bu barədə Sherg.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib. 

Deputat bildirib ki, İranla Azərbaycan arasında gərginliyin, soyuqluğun yaşanmasının əsas səbəbi, qonşu ölkənin Cənubi Qafqaz siyasətindəki yanlışlıqları ilə bağlıdır: 

"Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi gündən etibarən İran ölkəmiz əleyhinə siyasət aparıb. İşğalçı Ermənistana iqtisadi, siyasi, humanitar, hərbi dəstək verib. Müharibədən sonra Zəngəzur dəhlizinin açılmasının qarşısını alan, Ermənistan ordusunun bərpasında iştirak edən dövlətlərin arasında İran xüsusi yer tutur. Baxmayaraq ki, son 30 ildən artıq müddətdə Azərbaycan İran əleyhinə təşkil olunan heç bir layihədə iştirak etməyib, qonşuluq, dostluq prinsiplərini qoruyub. Əfsuslar olsun ki, cənub qonşumuz Azərbaycanın əməkdaşlığa, barışığa yönəlik addımlarını düzgün qiymətləndirmədi. Əksinə, sərhədlərimizdə keçirilən hərbi təlimlərdən, Tehrandakı səfirliyimizə qarşı təşkil olunmuş terror aktından sonra münasibətlər daha da gərginləşdi".

Parlament üzvü vurğuladı ki, M.Pezeşkianın səfəri çərçivəsində imzalanan sənədlər, keçirilən görüşlər soyuqluğu tam aradan qaldırmasa da, ikitərəfli münasibətlərdə müsbət dinamika gözlənilir: 

"Nəzərə almalıyıq ki, İran siyasətində dominant qüvvə ali dini rəhbərdir. Prezidentin imzaladığı sənədlər dini rəhbəri, “SEPAH”-ı qane etməsə icra oluna bilməz. Bu yaxınlarda Təbrizdə Pezeşkianın Şəhriyarın şeirini Azərbaycan dilində səsləndirməsindən sonra, molla rejiminin reaksiyasını xatırlamaq kifayətdir. Hər bir halda, Pezeşkianın Azərbaycana səfəri əlamətdar hadisədir və  münasibətlərimizə təkan verəcək".