Milli Konstitusiya - müstəqil Azərbaycanın demokratik inkişafının hüquqi əsası

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü xalqın suveren iradəsini, hüquqi və demokratik dövlət quruculuğu yolunda qətiyyətini təcəssüm etdirən əlamətdar tarixdir. Bu faktor vətəndaş cəmiyyətinin formalaşmasına yol açan mühüm mərhələ kimi dəyərləndirilir.

Azərbaycanın konstitusiya tarixinin kökləri XX əsrin əvvəlləri – Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə əlaqədardır. 1918–1920-ci illərdə cəmi 23 ay fəaliyyət göstərmiş Cümhuriyyət müstəqil dövlət quruculuğunun təməl prinsiplərini müəyyən etmişdir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilmişdir. SSRİ-nin yaradılması ilə əlaqədar 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunmuşdur. 1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiq edilmişdir. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar 1937-ci il martın 14-də IX Ümumazərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycan SSR-in yeni Konstitusiyası qüvvəyə minmişdir. 1978-ci il aprelin 21-də qəbul olunmuş son Sovet dövrü Konstitusiyası isə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə mühüm bir prinsip – Azərbaycan dilinin dövlət dili kimi tanınmasını özündə ehtiva etmişdir. Bu qərar milli özünüdərkin və mədəni kimliyin qorunması baxımından tarixi hadisə idi.

1991-ci il oktyabrın 18-də qəbul edilən “Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, həmin dövrdə siyasi sabitliyin pozulması, idarəetmədəki böhran və qeyri-müəyyənlik buna mane olurdu. Yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev bu prosesə yeni məzmun və strateji istiqamət verdi. Onun rəhbərliyi ilə Konstitusiya Komissiyası yaradıldı və dövlətin gələcək inkişafını təmin edən yeni Əsas Qanun layihəsi hazırlanaraq ümumxalq müzakirəsinə təqdim olundu.

1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 91,9 faizi Konstitusiyanın lehinə səs verdi. Bu sənəd demokratik, hüquqi və dünyəvi dövlətin əsasını qoydu, insan hüquq və azadlıqlarını ali dəyər kimi təsbit etdi. Ümummilli Liderin uzaqgörən rəhbərliyi ilə qəbul edilən Konstitusiya müasir Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi oldu.

Azərbaycan Respublikasının Konstitusiyası dövlətin siyasi, sosial, iqtisadi və hüquqi əsaslarını müəyyən edən fundamental sənəddir. Bu sənədin qəbul edilməsi ilə ölkədə hakimiyyət bölgüsü prinsipi – qanunvericilik, icra və məhkəmə hakimiyyətinin qarşılıqlı balansı təsbit olunmuşdur. Əsas Qanun, həmçinin vətəndaşların hüquq və azadlıqlarını təmin edən hüquqi mexanizmləri formalaşdırmışdır. Konstitusiyanın 48 maddəsi birbaşa insan hüquq və azadlıqlarının qorunmasına həsr edilmişdir. Bu amillər dövlətin və cəmiyyətin qarşılıqlı məsuliyyətinə əsaslanan hüquqi dövlət modelinin əsasını təşkil edir. Prezident İlham Əliyev bu barədə demişdir: “Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır”.

İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyətini nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1995-ci il 15 dekabr tarixli Fərmanına əsasən noyabrın 12-si Azərbaycan Respublikasının Konstitusiyası Günü elan edilmişdir. Ümummilli Lider Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Konstitusiyası Gününün ölkəmizdə təntənəli surətdə qeyd edilməsi tapşırılmışdır.

1998-ci ildə fəaliyyətə başlayan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi dövlət prinsipinin təmin olunmasında mühüm rol oynayır. “Konstitusiya Məhkəməsi haqqında” Qanuna əsasən yaradılan bu orqan qanunların Konstitusiyaya uyğunluğuna nəzarət edir və vətəndaşların əsas hüquqlarının qorunmasına hüquqi təminat yaradır. Həmin təsisat Ulu Öndər Heydər Əliyevin imzaladığı fərmanlarla öz müstəqilliyini və səlahiyyətlərini gücləndirmişdir.

Azərbaycan Konstitusiyası qəbul olunduqdan sonra sosial, siyasi və idarəetmə reallıqlarına uyğun şəkildə bir neçə dəfə təkmilləşdirilmişdir. 2002, 2009 və 2016-cı illərdə keçirilmiş referendumlar nəticəsində sənədə dəyişikliklər edilmişdir. Bu amilllər dövlət idarəçiliyinin çevikliyini artırmış, insan hüquqlarının müdafiəsini daha da gücləndirmiş, sosial dövlət prinsipini genişləndirmişdir. Son dəyişikliyə əsasən, idarəetmə sistemində yeni təsisat – Birinci vitse-prezidentlik institutu yaradılmışdır ki, bu da müasir dövlət modelinin səmərəliliyini yüksəltmişdir.

2020-ci ilin Vətən müharibəsində qazanılmış Qələbə və 2023-cü ilin antiterror əməliyyatları nəticəsində ölkənin ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Bununla Konstitusiyanın hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün ərazilərdə bərqərar edilib. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətimizin müstəqil hüquq sisteminin, milli birliyinin və siyasi iradəsinin təntənəsidir. Dövlətimizin başçısının 2025-ci il 11 fevral tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilib. Sərəncama əsasən, həm Konstitusiyanın qəbulunun 30 illiyi, həm də Qələbənin 5 illiyi münasibətilə xüsusi proqramlar həyata keçirilir. Bu çərçivədə təsis edilmiş “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalı dövlətçiliyimizin və hüquqi inkişaf yolunun təzahürünə çevrilib.

Azərbaycan Respublikasının Konstitusiyası həm dövlətin hüquqi əsaslarını, həm də xalqın mənəvi dəyərlərini və milli iradəsini ifadə edir. Bu sənəd hər bir vətəndaş üçün azadlıq, ədalət və bərabərlik ideallarının təminatıdır. Ümummilli Lider Heydər Əliyevin yaratdığı möhkəm hüquqi təməl, Prezident İlham Əliyevin müasir dövrün çağırışlarına uyğun olaraq həyata keçirdiyi islahatlarla daha da möhkəmlənmişdir. Konstitusiya Azərbaycanın suverenliyinin, siyasi sabitliyinin və davamlı tərəqqisinin təminatçısı kimi milli dövlətçiliyi təcəssüm etdirir.

Heydər Əsədov,
​Milli Məclisin deputatı