Milli maraqlara əsaslanan xarici siyasət

Aprelin 29-da ADA Universitetində iyirmi üç ölkədən 40 nümayəndənin iştirak etdiyi “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın ideyası hələ ötən il aprelin 13-də ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə keçirilmiş “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda yaranıb. Ötən ilki konfransı xatırladan Prezident İlham Əliyev diqqətə çatdırıb ki, “sonuncu dəfə biz ötən ilin aprelində burada görüşdük və münaqişədən sonrakı vəziyyətə aid bir çox məsələləri müzakirə etdik. Əlbəttə ki, planlarımızı, niyyətlərimizi daha yaxşı anlamaq və görülmüş işləri nəzərdən keçirmək məqsədilə bizim üçün və fikrimcə, beynəlxalq ictimaiyyət üçün bu ənənəvi görüşlərin təşkili çox vacibdir.”

Beynəlxalq konfransda Prezident İlham Əliyev Cənubi Qafqazın bu günü və gələcəyi ilə bağlı mövcud reallıqlar və gələcək planlar haqqında mühüm mesajlar verərək bütövlükdə regionun sülh və əməkdaşlıq məkanına çevrilməsi istiqamətində yol xəritəsini ortaya qoydu.

Eyni zamanda xarici ekspertləri maraqlandıran suallara cavab verən dövlətimizin başçısı 44 günlük Vətən müharibəsindən sonra geosiyasi vəziyyət, Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşdırılması istiqamətində irəli sürülən təşəbbüslərlə bağlı ətraflı məlumat verdi. Prezident İlham Əliyev beynəlxalq konfransda milli maraqlarımız naminə qətiyyətli mövqe sərgilədi. Dövlət başçısının səsləndirdiyi bəyanatlar ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsi istiqamətində atılmış növbəti düşünülmüş addım oldu. Prezident İlham Əliyev zəngin təcrübəsi və böyük diplomatik istedadı sayəsində mövqeyini dəqiq və aydın şərh etməklə qalib dövlətin lideri kimi mühüm mesajlar verdi. Prezident İlham Əliyev bu fikri xüsusi qeyd etdi ki, “ biz Qafqazda yeni eranı, sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq edirdik. Nəhayət biz bu yaxınlarda Ermənistandan müsbət cavab aldıq. Onların hökuməti Azərbaycanın irəli sürdüyü 5 təməl prinsipi qəbul etdi. Bu prinsiplər Ermənistanla sülh müqaviləsinin əsasını təşkil etməlidir. Həmçinin Azərbaycanın təklifinə uyğun olaraq, Ermənistan sərhədlərimizin delimitasiya prosesinə başlamaq üçün Azərbaycanla birgə işçi qrupunun yaradılmasına, nəhayət razılıq verib. Fikrimcə, bunlar son hadisələrin mühüm təzahürüdür və onlar, həmçinin göstərir ki, hazırda, İkinci Qarabağ müharibəsindən ilyarım keçdikdən sonra Ermənistan rəhbərliyi və ümid edirəm ki, onun əhalisi sülhün zəruriliyini anlayır. Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq. Niyyətimiz budur.”

Beynəlxalq konfransda bir daha qeyd edildi ki, Ermənistan bu bölgədə təcrid olunmuş ada kimi yaşamaqda davam edə bilməz, qonşularla münasibətləri normallaşdırmalı, Azərbaycana və Türkiyəyə ərazi iddialarına son qoymalı, Cənubi Qafqazda üçtərəfli səviyyədə qarşılıqlı təmasdan çəkinməməlidir. Ermənistanın üçün yeganə müsbət çıxış yolu bölgənin reallıqlarını qəbul etməkdir.

Üç saata gədər davam edən tədbirdə xarici ekspertlərin çoxsaylı suallarını cavablandıran ölkə başçımız Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair Azərbaycan tərəfinin irəli sürdüyü təşəbbüslər və beynəlxalq qurumların münasibətlərin tənzinməsində oynadıqları rol haqqında qəti fikirlərini bildirdi.

Prezident İlham Əliyevin konfransdakı çıxışı və suallara cavabları ilə bu günümüz və gələcəyimiz üçün mühüm əhəmiyyətə malik olan bir sıra məqamlara yenidən və ətraflı şəkildə aydınlıq gətirildi. Dövlət başçısının nitqində qeyd olunduğu kimi, Azərbaycan Qafqazda yeni dövrü – sülh və əməkdaşlıq dövrünü aktiv şəkildə təşviq edir. Qarşıda duran ən mühüm məsələlərdən biri beynəlxalq təşkilatlarla əməkdaşlıq sayəsində yeni reallıqları daha da gücləndirməkdən, regionla bağlı strategiyanı təqdim etməkdən ibarətdir.

Pərvin Kərimzadə

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı