Moskvadan Bakı və İrəvana çağırış

Eskalasiyanın qarşısını almaq üçün Rusiya Federasiyası Bakı və İrəvanı ehtiyatlı olmağa, hərbi ritorikadan çəkinməyə və səylərini regionda sabit sülhün bərqərar olmasına və inkişafına töhfə verəcək qarşılıqlı məqbul həll yollarının tapılmasına yönəltməyə çağırır. 

Sabahinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Andrey Nastasin açıqlayıb. 

O, vurğulayıb ki, Rusiya Federasiyası Ermənistan və Azərbaycan arasında bütün mübahisəli məsələlərin müstəsna olaraq siyasi və diplomatik vasitələrlə həllinin tərəfdarıdır. 

Rəsmi onu da qeyd edib ki, buna nail olmaq üçün yol xəritəsi Azərbaycan, Rusiya və Ermənistan liderlərinin iştirakı ilə üçtərəfli formatın yenidən işə salınması hesab olunur: "Rusiya ardıcıl olaraq iki ölkə arasında möhkəm sülhün bərqərar olmasının tərəfdarıdır. Üçtərəfli sazişlər məhz bu tendensiyaya malikdir: onlar ən mürəkkəb problemlərin, o cümlədən sosial-humanitar problemlərin mərhələli həllini, vətəndaş cəmiyyətləri arasında dialoqun başlanmasını nəzərdə tutur".