"Uzunmüddətli fasilədən sonra Dağlıq Qarabağ münaqişəsi regionuna səfər edən həmsədrlərin səfər zamanı səsləndirdikləri ziddiyyətli fikirlər və səfərin yekunlarına həsr olunmuş bəyanat vasitəçilərin fəaliyyətinin xaotik və konsepsiyasız olduğunu bir daha nümayiş etdirdi”. Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib.
O, qeyd edib ki, həmsədrlərin regiona səfəri ərəfəsi keçirdiyi görüşlər, Minsk qrupunun üzvü olan bəzi dövlətlərdən səslənən fikirlər Minsk qrupunun iclasına hazırlığın başlandığını deməyə əsas verirdi: "Həmsədrlər səfərdən sonrakı bəyanatında bu ehtimalı minimallaşdırdılar. Rəsmi Yerevan həmsədrlərin adından danışmaqda davam edir. Həmsədrlər yenə reaksiya vermədilər. Ermənistan Yenilənmiş Madrid prinsiplərinə qarşı iddialar və şərtlər irəli sürür: Hərtərəfli (Böyük) Sülh Sazişinin hazırlanması danışıqlarına başlamaq üçün əvvəlcə tənzimləmə prinsipləri barədə müqavilənin imzalanmasını, sonra isə bu prinsiplərin Dağlıq Qarabağ erməniləri ilə razılaşdırılmasını tələb edir”.
Politoloq vurğulayıb ki, "Madrid Prinsiplərinin Yenilənmiş variantı” adlanan, 3 həmsədr ölkə prezidentinin imzaladığı sənəd vahiddir, bitkindir və sənədin bütün məzmunu bir-birini qarşılıqlı tamamlayan tezislərdən ibarətdir.
M.Əhmədoğlu əlavə edib ki, "Madrid Prinsiplərinin Yenilənmiş variantı” preambula, 6 maddə və nəticədən ibarətdir: "Bu sənədin preambulası tənzimləmə üçün nəzərdə tutulan 3 prinsipdən ibarətdir. 6 maddənin birinci maddəsində Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması nəzərdə tutulub. Rezümedən isə başa düşülür ki,Cənubi Qafqaz 3 dövlətlı qalacaq və yeni dövlət yaranmayacaq. Erməniləri və ATƏT MQ həmsədrlərini indiki dövrdə ən çox narahat edən də birinci maddədir. Ona görə də tənzimləmə üçün nəzərdə tutulan 3 prinsipdən ibarət preambuladan bərk yapışıblar. 6 maddəli hissəyə keçmək istəmirlər. Rəsmi Yerevanın bu mövqeyinin savadsızlığı və tənzimləmə prosesinə süni maneə olması göz qabağındadır. Vasitəçilər bu mövqeyə nəinki etiraz etmir, əksinə dəstək verirlər”.
Politoloqun sözlərinə görə, ATƏT MQ həmsədrlərinin son bəyanatında bu qrupun öz səlahiyyətlərini və resurslarını Beynəlxalq Qırmızı Xaç Komitəsinin səlahiyyət və hüquqları ilə eyniləşdirməsi də diqqəti çəkir: "Həmsədrlər o qədər zəifdirlər ki, hətta erməni işğalı altındakı torpaqlarda olan valideynlərinin qəbrini ziyarətə getmiş Kəlbəcər rayonundan olan, ermənilərin girov götürdükləri iki azərbaycanlının vəziyyətini aydınlaşdıra bilmirlər. Onların statusunu itkin düşənlərin statusuna bərabərləşdirmək cinayətdir. Dilqəm Əsgərov və Şahbaz Quliyevin yeri və vəziyyətləri bəllidir. Görünür, həmsədrlər İslamafoba çevriliblər. Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşündə təkcə itkin düşənlərin siyahısının müəyyənləşdirilməsi məsələsi müzakirə edilməyib. Fransa Prezidenti F.Olland Böyük Sülh Müqaviləsi üzərində işə başlamağın vaxtının çatdığını da bildirmişdi. Həmsədrlərdə isə "Hərtərəfli (Böyük) Sülh Müqaviləsi” termininə tabu var. Hətta fransalı həmsədr öz prezidentinin bu bəyanatının yada düşməməsinə çalışır”.
Politoloq vurğulayıb ki, Azərbaycan Prezidentinin sülh yolu ilə tənzimləməyə bu dəfə daha çox hazır olduğunu qeyd edən həmsədrlər bunu özünəməxsus dəyərləndirdilər: "Son bəyanatda faydalı hesab olunan bəzi fikirlərdən imtina etdilər. Arzulayanlarda "hərtərəfli sülh sazişı” assosiasiyasını yaradan "hərtərəfli danışıqlar” terminini də işlətmədilər. Son bəyanatlarında bu termin tez-tez təkrarlanırdı. Həmsədrlərin prezidentlərin 2015-ci ilin sentyabrında ehtimali görüşünə indidən hazırlaşmaları onların münaqişəni tənzimləməyə güclərinin çatmaması barədə beynəlxalq aləmə verdikləri mesajdır. Hər-halda həmsədrlər başa düşürlər ki, belə bəyanatlarının fonunda avqust və yanvar insidentləri baş verdi. Qoşunların təmas xəttində indi sakitliyin yeganə səbəbkarı Ermənistandır; Serj Sarkisyan Ermənistanın daxilində qarşıdurma yaradıb. Daxili qarşıdurmanın qorxusundan S.Sarkisyan müharibəni dayandırıb. Yəqin ki, müvəqqətidir”.
M.Əhmədoğlu əlavə edib ki, həmsədrlər və Ermənistan 1,5 metr uzunluğu, 15 kq çəkisi olan snayper tüfənginə qarşı "mübarizə apara-apara” qoşunların təmas xəttinə uzunluğu 20 metr, ağırlığı 10 ton olan helikopter çıxardılar: "Həmsədrlərin "yalnız sülh yolu ilə” tənzimləməsinin mahiyyətini, məqsədini və istiqamətini bu ümumiləşdirmə olduğu kimi göstərir. Həmsədrlərin əvvəlki iki bəyanatında helikopter mövzusu var idisə, son bəyanatdan bu mövzunu yığışdırdılar. Prezidentlərin Paris görüşünü uğurlu hesab etsəydilər, həmsədrlər Ermənistan Respublikasına məxsus Ermənistan vətəndaşları tərəfindən idarə olunan hərbi helikopterin Ermənistan ərazisindən havaya qalxaraq birbaşa Ağdam ərazisinə uçmasını tədqiq etməli idilər. Bunun Ermənistandan hesabatını soruşmalı idilər. Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ideyasını ATƏT MQ həmsədrləri qədər hörmətsiz edən heç kim olmayıb”.
M.Əhmədoğlu əlavə edib ki, həmsədrlər 2015-ci ilə ünvanlı bəyanatlarla başladılar: "Krakov bəyanatı Azərbaycana, Münhen bəyanatı Ermənistana ünvanlanmışdı. 20 fevral bəyanatını həmsədrlər görünür, özlərinə ünvanlayıblar: Aciz, zəif və köməyə ehtiyaclı olduqlarını bəyan etdilər. Yeri gəlmişkən, 20 fevraldan başlayan 28 və 26 fevral tarixləri Dağlıq Qarabağ münaqişəsinin başlanğıcında və bütün tarixində həlledici əhəmiyyətli tarixlərdir. Bu ilin də 20 fevral ərəfəsində həmsədrlər o cümlədən, C.Uorlik Ermənistanda və Dağlıq Qarabağda oldu. Həmsədrlərin 1988-ci ilin 20 fevralında Dağlıq Qarabağda baş verənlərdən xəbəri olardı. 20 fevral 1988-ci il erməni separatizminin mahiyyətinin rəsmi təsdiqidir. İndi ermənilər iddia edirlər ki, guya Dağlıq Qarabağ erməniləri müstəqillik uğrunda mübarizə aparıblar. Yalandır. Dağlıq Qarabağ erməniləri Azərbaycanın ərazi bütövlüyünü pozmaqla, azərbaycanlılara qarşı separatizmlə məşğul olublar. 1987-ci ilin 2-ci yarısından üzü bəri ermənilərin başladığı separatçı fəaliyyət fevralın 20-də rəsmiləşdirildi. Xalq Deputatları Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-nin tərkibindən çıxıb Ermənistan SSR-ın tərkibinə birləşməsi ilə bağlı qərar qəbul etdi. Dağlıq Qarabağın müstəqillik uğrunda mübarizə aparması Dağlıq Qarabağın Ermənistana birləşməsi istiqamətində sadəcə addımdır. Ermənilər sonradan başa düşdülər ki, onlar birbaşa Ermənistanın tərkibinə birləşə bilməyəcəklər. Beynəlxalq hüquq buna imkan vermir. Məhz beynəlxalq hüququ və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədilə ermənilər separatçı hərəkətlərinə "müstəqillik uğrunda mübarizə” donu geydirdilər və beynəlxalq aləmdəki havadarlarının köməyi ilə Helsinki Yekun Aktının 8-ci prinsipinə - xalqların bərabərliyi və öz müqəddəratını təyin etməsi prinsipinə apelyasiya etməyə başladılar”.
Politoloq əlavə edib ki, 20 fevral 1988-ci il Dağlıq Qarabağ münaqişəsi coğrafiyasında ermənilərin ilk qanı tökdüyü gündür: "Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olan Əsgəran rayonundakı azərbaycanlılar Ağdam sakinləri ilə birlikdə DQMV Xalq Deputatları Sovetinin Ermənistan SSR-ə birləşməklə bağlı qərarına etiraz etmək üçün dinc aksiya keçirdilər. Ermənilər atəş açaraq 2 azərbaycanlını - Ağdam sakinini qətlə yetirdilər. C.Uorlik bu tarixi öyrənsə, çox gözəl olar. Çünki Dağlıq Qarabağ münaqişəsi coğrafiyasında ilk tökülən qanın mahiyyətini bilmədən, 1987-ci ilin dekabrında Ermənistan SSR-dən azərbaycanlıların kütləvi deportasiyasından xəbərdar olmadan Sumqayıtda ermənilərin törətdiyi digər qanlı faciənin mahiyyətini anlamaq mümkün deyil. Xocalı soyqırımına gedən yol da ilk qan və Sumqayıt faciəsindən keçir. Həmsədrlər Dağlıq Qarabağda yerli ermənilərlə danışıqlar apardıqlarını da bildirirlər. Hər halda bu həqiqətləri də onlardan soruşa bilərlər. Amma həmsədrlərin, xüsusilə, C.Uorlikin Dağlıq Qarabağdakı sadə erməni əhalisi ilə söhbətində Dağlıq Qarabağdan qovulmuş azərbaycanlılar iştirak etsə idi, daha yaxşı effekt əldə edə bilər. Aciz həmsədrlərə kömək ünvanı tapmaqda yardım etmək məqsədilə fenomen ünvan göstərmək istəyirik: A.Merkel-F.Olland tandemi”.
Politoloqun sözlərinə görə, "Minsk” brendini qorumaq Belarus Prezidenti Aleksandr Lukaşenkonun vəzifələrindən birinə çevrilir: "Dağlıq Qarabağ münaqişəsini tənzimləməyə intellektual, mədəni və davranış səviyyələri çatmayanların toplaşdığı həmsədr qrupunun da adı Minsk qrupudur. Kömək üçün A.Lukaşenkoya müraciət edə bilərlər”.