"Rusiya ilə Ukrayna arasında gedən müharibə yalnız iki ölkə üçün deyil bütün dünya dövlətlərinə mənfi təsir göstərməkdədir. Buna görə də yaxşı olardı ki, həm beynəlxaq təşkilatlar həm də dünyanın böyük dövlətləri bu müharibəni dayandırılması ilə bağlı konkret addımlar atsın".
Bu fikirləri SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev bildirib. Onun sözlərinə görə, əslində bu müharibənin başlaması və bu vaxta kimi davam etməsi, bu qədər mülki vətəndaşın həlak olması, yaralanması, şəhərlərin viran qalması faciədir: "Analiz etsək görəcəyik ki, bu müharibənin başlanması və davam etməsi nə Rusiyaya nə də Ukraynaya sərf edir. Hazırda müharibənin dayanmasını lazım bilməyən qüvvələr bu münaqişəni başladan və indi də davam etdirənlərindir! Əziyyət çəkənlər isə mülki vətəndaşlar, həlak olan əsgərlərin ailə üzvləri, müharibədən mənfəət qazananlar isə qeyd etdiyimiz kimi münaqişəni başladanlardır. Əslində bu proses bizə yad deyil, çünki 30 ildən çox bir dövrdə biz də ikili siyasətdən və məkirli siyasi planlardan əziyyət çəkmişik. Açığını desək hələ də ölkəmiz üçün bu məkirli siyasi oyunlar davam edir. Ancaq bizim uğurumuz ondadır ki, dövlətimizin başcısı cənab İlham Əliyevdir! Hansısa bir xarici gücün hesabına deyil, öz xalqının dəstəyi və etimadı ilə hakimiyyətə gəlib və bu gündə xalq ətrafında sıx birləşib. Bu cür xalq-hakimiyyət birliyi hər ölkəyə nəsib olmur. Ona görə də əminliklə deyə bilərəm ki, Prezident cənab İlham Əliyev atmış olduğu qətiyyətli addımların gücünü məhs xalqdan alır! Hesab edirəm ki, hər bir ölkə rəhbəri idarəçilikdə xalqın güvənərək, onu düşünərək addımlar atmalıdır, hansısa xarici gücə arxalanıb addımların atılması ölkəni fəlakətə gətirib çıxardır. Bu gün dünyada müxtəlif proseslər gedir, bu həm siyasi, həm iqtisadi, həm informasiya, həm də hərbi sahədə özünü göstərir. Bu gün Rusiya-Ukrayna müharibəsinin də xalqlar arasında getmədiyini və müxtəlif mənafelər və siyasi, iqtisadi oyunların nəticəsində baş verdiyinin şahidiyik.
Bu müharibənin payız aylarında dayanması gözlənilir, ona görə ki, bilirsiniz Avropanın qaza olan ehtiyacının böyük bir hissəsini Rusiya qarşılayır, böyük güclər də çox güman ki, qış aylarında avropa dövlətlərinin qaza olan tələbatını nəzərə alaraq müharibənin dayanması ilə bağlı əməli addımlar atacaqlar. Ancaq onu da qeyd edək ki, hər iki ölkənin xalqları arasına səpilmiş bu zəhər toxumları hələ uzun illər bəlkə də əsirlər boyu xalqların biri birinə olan münasibətinə təssüflər olsun ki, özünü büruzə verəcəkdir".