NATO-nun zirvə görüşü Rusiya-Ukrayna münasibətlərinin dönüş nöqtəsi ola bilər

Rusiya-Ukrayna müharibəsi Avro-Atlantik məkanda onilliklərdir davam edən təhlükəsizliyə təhdiddir. Müharibədə iştirakından, hansı ölkənin tərəfini tutmağlndan asılı olmayaraq, baş verənlər bütün dövlətləri narahat edir.

Bu sözləri Azadmedia.az-a millət vəkili Məşhur Məmmədov Belçikanın paytaxtı Brüsseldə NATO dövlət və hökumət başçılarının növbədənkənar zirvə görüşünü şərh edərkən bildirib.

M.Məmmədov BMT-nin baş katibi Antonio Quterreşin "Rusiya və Ukrayna arasında müharibə Yaxın Şərq və Afrikada ərzaq böhranı yarada bilər" fikrini xatırladaraq bildirib ki, Misir, Livan, Liviya, Somali, Sudan və Yəmən də daxil olmaqla, bir çox ölkə buğdanın təxminən yarısını Ukrayna və Rusiyadan alır.
Ərzaq, yanacaq və gübrə qiymətləri havaya qalxır, tədarük zəncirləri pozulur. Bu vəziyyət ən çox yoxsulları vurur və bütün dünyada siyasi qeyri-sabitlik və iğtişaşlar toxumu səpir.

"Mühüm buğda istehsalçısı olan Ukrayna dünyada 5-ci ən böyük buğda ixracatçısıdır. Ümumilikdə isə Rusiya və Ukrayna dünya buğda istehsalının 14 və ixracının isə 29 faizini qarşılayır" - deyən millət vəkili müharibənin yaradacağı ərzaq qıtlığı ilə yanaşı hər kəsin qan tökülməsindən, şəhərlərin dağıdılmasından təəssüf etdiyini, tezliklə müharibənin sona çatmasını arzuladığını qeyd etdi.

Xatırladaqki, iki ölkə arasında fevralın 24-dən müharibə gedir. Bu gün Belçikanın paytaxtı Brüsseldə NATO dövlət və hökumət başçılarının növbədənkənar zirvə görüşü keçirilib. İclasda Rusiya-Ukrayna böhranı ilə bağlı məsələlər müzakirə edilib.

NATO-nun saytında iclasın yekunlarına dair bəyanat yerləşdirilib.

Bəyanatda müttəfiq ölkələrin Ukrayna xalqı və hökuməti ilə həmrəyliyi bir daha ifadə edilib. Qeyd olunub ki, Alians bunda sonra da Ukraynaya siyasi və praktiki dəstəyini davam etdirəcək.

Bildirilir ki, müttəfiqlər, həmçinin Ukraynaya kibertəhlükəsizlik və kimyəvi, bioloji, radioloji və nüvə xarakterli təhdidlərdən müdafiə kimi sahələrdə yardım göstərməyə davam edəcəklər. Bəyanatda o da vurğulanır ki, müttəfiqlər bundan sonra da humanitar yardım sahəsində Ukraynaya dəstək göstərəcəklər.

İclasda NATO-nun təhlükəsizlik planları ilə bağlı məsələlər də müzakirə olunub.

Elnurə Abuşova