Novruzəli Aslanov: “Azad edilmiş ərazilərdə müasir infrastrukturun yaradılması prioritet istiqamət kimi müəyyən edilib”

“Otuz ilə yaxın davam edən işğal dövründə Azərbaycanın işğal altında olan bütün əraziləri misli görünməmiş dağıntılara məruz qalmışdır. Azərbaycan ordusunun şanlı qələbəsi ilə bitən Vətən müharibəsi işğal edilmiş ərazilərin azad edilməsi ilə nəticələnməklə yanaşı erməni işğalçılarının həyata keçirdiyi dağıntıların tam olaraq üzə çıxmasına imkan yaratdı. Bir daha məlum oldu ki, işğal müddətində erməni vandalları işğal etdikləri Azərbaycan ərazilərində böyük dağıntılar həyata keçirmiş və mövcud olan infrastrukturu demək olar ki, tamamən məhv etmişlər. Əvəzində isə hətta özləri üçün belə heç bir infrastruktur formalaşdırmamışlar. Ölkə Prezidenti cənab İlham Əliyevin mayın 4-də Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsinin təyin olunması ilə bağlı etdiyi çıxışında vurğuladığı kimi, bütün bu illər ərzində ermənilər bizim torpaqlarda vandallıq və talançılıqla məşğul olmuşlar. Bütün digər rayonlarımız kimi Zəngilan rayonu da böyük dağıntılara məruz qalmışdır. Ermənistanın işğalçı qüvvələri Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan etmişlər. Zəngilan şəhərində cəmi 1-2 salamat bina qalmışdı ki, o binalardan da erməni işğalçı-hərbçiləri öz məqsədləri üçün istifadə edirdilər. Həmçinin rayonun bütün kəndləri yerlə-yeksan edilmişdir ki, bu da bir daha erməni vandalizminin eybəcər sifətini bütün dünyaya göstərir. Lakin 2020-ci ilin sentyabr-noyabr aylarında Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu bütün bu haqsızlıqlara son qoydu. Azərbaycan Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsilə öz torpaqlarını işğaldan azad etdi, tarixi ədalət bərpa olundu.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Novruzəli Aslanov deyib.

Millət vəkili bildirib ki, bu gün Azərbaycan dövləti tərəfindən azad edilmiş torpaqların yenidən dirçəldilməsi və bu ərazilərə keçmiş məcburi köçkün vətəndaşlarımızın yenidən qayıtmaları istiqamətində irimiqyaslı işlər görülür: “Bu gün möhtərəm dövlət başçımızın işğaldan azad edilmiş ərazilərdə görülən irimiqyaslı işlərlə bağlı prioritet kimi müəyyən etdiyi əsas istiqamətlərdən biri keçmiş məcburi köçkünlərin öz dədə-baba torpaqlarına tezliklə qayıtmaları məsələsidir. Ümumiyyətlə, azad edilmiş ərazilərin əsaslı şəkildə bərpa edilməsi və orada müasir infrastrukturun yaradılması Qarabağın inkişafının əsas strateji istiqamətlərindən biridir. Çünki bərpa prosesi həyata keçirilmədən həmin ərazilərin sosial-iqtisadi inkişafını təmin etmək mümkün deyildir. Yenidənqurma və bərpa prosesinin həyata keçirilməsi Azərbaycanda ümumi iqtisadi inkişafa təkan verəcək, yeni iş yerlərinin yaranmasına şərait yaradacaqdır. Qarabağın bərpası prosesində texnoloji yeniliklərin tətbiqi və müasir standartlara cavab verən infrastrukturun yaradılması əsas məqsədlərdəndir. Daha sonra həmin ərazilərin bərpası nəticəsində əldə edilən təcrübə digər rayonlarda da tətbiq edilə bilər. Keçmiş məcburi köçkünlərin ilk olaraq geri dönəcəkləri birinci rayon da məhz Zəngilandır. Öz çıxışında dövlət başçısı qeyd etdi ki, birinci pilot layihə də Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kənd olacaq. Ağalı kəndinin timsalında hər kəs işğaldan azad olunmuş ərazilər ilə bağlı Azərbaycanın planlarını artıq görə biləcək. Ağıllı kənd konsepsiyasının əsasında duran başlıca prinsiplər təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf amilləridir. Bu məqsədlərə nail olmaq üçün Azərbaycan dövləti mümkün olan bütün addımları atır. Bircə bunu qeyd etmək kifayətdir ki, 2021-2022-ci illər ərzində bu məqsədlər üçün ümumilikdə 4,4 milyard manat məbləğində vəsait ayrılıb və bundan başqa da təxirəsalınmaz işlərin görülməsi üçün əlavə vəsait ayrılacaqdır. Bu, əlbəttə ki, çox böyük məbləğdir və həyata keçirilən layihələrin böyük miqyasından xəbər verir” – deyə N.Aslanov bildirib.

Öz fikirlərini davam etdirən Milli Məclisin deputatı daha sonra qeyd edib ki, son 10-15 ildə ölkəmizdə nəqliyyat sektorunda aparılan əhatəli işlər hazırda işğaldan azad edilmiş ərazilərdə də eyni intensivliklə davam etdirilir: “İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması istiqamətində atılan ilk addımlar avtomobil yolların çəkilməsi oldu. Qarabağın dirçəlişinə aparan dövlət proqramının birinci mərhələsi məhz işğal olunmuş ərazilərdə yeni yol-nəqliyyat infrastrukturunun yaradılmasıdır. İcra edilən nəqliyyat layihələri Şimal, Cənub və Şərq istiqamətindən Qarabağa hərəkət etmək imkanı yaradacaqdır. Təbii ki, bu layihələrin arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturu xüsusi önəm kəsb edir. Ölkə Prezidenti cənab İlham Əliyevin öz çıxışında xüsusi olaraq vurğuladığı kimi, Zəngilan gələcəkdə beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcək. Bu il artıq Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcək və bu hava limanının çox böyük funksiyaları olacaqdır. Rayonun coğrafi mövqeyi, beynəlxalq bazarlara yaxın olması və digər amillər geniş perspektivlər açır. Dövlət başçımızın qeyd etdiyi kimi, azad edilmiş torpaqlarda Füzulidən sonra ikinci hava limanının məhz Zəngilanda yaradılması, əlbəttə ki, coğrafi vəziyyəti nəzərdə tutur, buna əsaslanır. Eyni zamanda da bu strateji obyekt ölkənin həm iqtisadi, nəqliyyat, həm də təhlükəsizliklə bağlı məsələlərini həll etmək üçün vacib vasitə olacaqdır. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə Horadiz-Füzuli və Füzuli-Şuşa dəmir yolu xəttləri də inşa olunacaqdır. Şuşanın Qarabağda əsas turizm və mədəniyyət mərkəzlərindən birinə çevrilməsi nəzərdə tutulduğundan avtomobil yolu ilə yanaşı Şuşaya dəmiryolu xətti də çəkiləcəkdir. Digər nəzərdə tutulan dəmir yolu layihəsi isə Horadiz-Ağbənd dəmir yolunun yenidən tikilməsidir. Bu yol Ermənistan ərazisindən keçməklə Naxçıvana gedən Zəngəzur dəhlizinin əsas komponentlərindən biridir. Zəngilan rayonunun ərazisindən keçən dəmir yolu və avtomagistral nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni bir yol olacaq. Məhz buna görə də hazırda dörd və altı zolaqdan ibarət olan avtomobil yolu sürətlə inşa edilir. Nəzərə almaq lazımdır ki, bu yol həm də keçmiş məcburi köçkünlərin rahatlığını yüksək səviyyədə təmin edəcək. Bununla yanaşı, Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına çoxzolaqlı yol çəkilir ki, bu da Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcək. Məlumdur ki, son vaxtlar Azərbaycana Xəzər dənizinin Şərq hissəsindən çoxlu müraciətlər daxil olmaqdadır. Azərbaycan ərazisindən yük göndərmək istəyənlərin həm sayı, həm də yüklərin həcmi getdikcə artır. Bu səbəbdən Zəngəzur dəhlizi həm Azərbaycan üçün, həm də qonşu dövlətlər üçün əlavə imkanlar yaradacaq” – deyə, Novruzəli Aslanov öz fikirlərini tamamlayıb.