“Bu gün Azərbaycanda cari ilin noyabr ayında ölkəmizdə keçiriləcək COP29-a hazırlıq işləri tam sürətlə davam edir. Əlbəttə ki, BMT-nin növbəti İqlim Dəyişikliyi Konfransının məhz dünyanın neft sənayesinin əsasının qoyulduğu bir şəhərdə, Bakıda keçirilməsi kifayət qədər rəmzi məna daşıyır. Bununla belə nəzərə almaq lazımdır ki, cənab Prezident İlham Əliyevin də dəfələrlə öz çıxışlarında vurğuladığı kimi, neft-qaz ehtiyatlarına sahib olmaq həmin ölkənin günahı deyil. Əksinə, bu, böyük bir nemətdir və əsas məsələ bu resurslardan necə istifadə olunmasındadır. Azərbaycanda qazıntı yanacağının ixracından əldə olunan gəlirlər ölkənin inkişafına, yoxsulluğun azaldılmasına, sərvətin ədalətli paylanılmasına yönəldilir. Həmçinin bu resurslar infrastruktur və yaşıl enerji layihələrinə yönəldilir. Buna görə də qazıntı yanacağı ehtiyatlarına malik olmaq həmin resursların düzgün istifadə olunacağı halda çox böyük şans deməkdir.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Deputat öz fikirlərini davam etdirərək bildirib ki, aprelin 23-də ADA Universitetində öz işinə başlamış “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edən Prezident İlham Əliyev ölkəmizin əslində ekoloji problemlərlə artıq çoxdan və kifayət qədər ciddi şəkildə məşğul olduğuna dair əhatəli açıqlamalar təqdim etmişdir: “Tədbir iştirakçılarının suallarını cavablandıran dövlət başçısı Azərbaycanda ekoloji problemlərlə ciddi məşğul olunduğunu xüsusi qeyd etdi. Ölkəmizin qarşılaşdığı belə problemlərdən biri əlbəttə ki, Xəzərin suyunun getdikcə azalmasıdır. Xüsusi diqqət ediləcək məqam budur ki, bu tendensiya eyni zamanda həm ekoloji, həm də iqtisadi problemlər yaradır. Xəzər dənizinin geri çəkilməsi olduğu kimi davam edərsə, məsələn, Orta Dəhliz üzərində yerləşən ölkələr kommunikasiya layihələri ilə də bağlı ciddi problemlər yaşayacaqlar. Çünki bu önəmli transmilli layihə məhz Xəzər dənizindən keçir. Dənizin geri çəkilməsinin əsas səbəblərindən biri isə Xəzər üçün əsas su mənbəyi olan Volqa çayında suyun azalmasıdır. Beləliklə, Xəzər dənizinin geriyə çəkilməsi iqlim dəyişikliyi səbəbindən deyil, həm də Volqa çayının Xəzər dənizini lazımi qədər su ilə təmin etməməsindəndir ki, bu da artıq çoxtərəfli əməkdaşlıq məsələsidir. Lakin Azərbaycan Xəzər sahillərinin özünə aid hissəsində ekoloji sistemin bərpası və mühafizəsi baxımından kifayət qədər işlər görür. Xüsusilə Abşeron yarımadasının təmizlənməsi hazırda dövlətin xüsusi diqqət mərkəzində saxladığ məsələlərdir. Bunun bariz nümunələrindən biri əlbəttə ki, Ağ Şəhər layihəsidir. Həmçinin vaxtilə çox bərbad vəziyyətə gətirilmiş Bibiheybət buxtası bu gün artıq Bakının ən yaşıl ərazilərindən biridir.”
Daha sonra N. Aslanov beynəlxalq əlaqələr mövzusunun da Forumda geniş müzakirə olunan mövzulardan olduğu qeyd edərək bunları deyib: “Azərbaycan bu gün həqiqətən də Avrasiya məkanında cərəyan edən geosiyasi proseslərə təsir imkanlarına malik olan bir ölkəyə çevrilmişdir. Məhz bunun nəticəsidir ki, hətta dünyanın ən böyük və güclü dövlətləri belə Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını açıq-aşkar nümayiş etdirirlər. Bu baxımdan Çin ilə Azərbaycan arasında əməkdaşlıq perspektivləri barədə cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər də xüsusi önəm kəsb edir. Dövlət başçısı bildirdi ki, ölkələrimiz arasında münasibətlər çox uğurla, qarşılıqlı hörmət və dəstək, hər iki ölkənin ərazi bütövlüyünün tanınması əsasında inkişaf edir. Həmçinin qeyd olundu ki, Azərbaycan Tayvanda seçkilərə münasibətini bildirən ilk ölkələrdən biri olmuş və bu seçkiləri qınamışdır. Azərbaycanın “vahid Çin” siyasəti çinli tərəfdaşlarımıza çox yaxşı məlumdur və Çin də həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir. Bu gün Azərbaycan ilə Çin arasında əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də nəqliyyat sahələrində genişlənir və hər iki ölkə bu əməkdaşlığı çox ümidverici və çox nəticəyönümlü şəkildə inkişaf etdirir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.