“Azərbaycanın xarici siyasətində dost qonşu ölkələrlə münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsi, əməkdaşlıq əlaqələrinin daim genişləndirilməsi hər zaman xüsusi diqqət mərkəzində olub. Əlbəttə ki, cənub qonşumuz olan İranla münasibətlər də Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Məlumdur ki, İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci ilin dekabr ayında tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci ilin martında qurulmuşdur. Azərbaycan İranla hər iki tərəfdən güclü siyasi iradənin mövcudluğu təməl olmaqla, mehriban qonşuluq, bərabərhüquqluluq, qarşılıqlı hörmət və faydaya əsaslanan əlaqələrin inkişafına önəm verir. Bu baxımdan İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın cari ilin 28 aprel tarixində Azərbaycana səfəri əlbəttə ki, ölkələrimiz arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə və iqtisadi sahədə əməkdaşlığın genişlənməsinə böyük töhfə olacaq. Cənab Prezident İlham Əliyev İran Prezidentinin ölkəmizə səfərinin nəticələri ilə bağlı mətbuata verdiyi bəyanatda da bildirdi ki, xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıblar və bu gün dövlətlərarası münasibətləri də bu möhkəm təməl üzərində inkişaf edir. Həmçinin qeyd olundu ki, İran Prezidentinin Azərbaycana rəsmi səfəri mövcud əlaqələrin yüksək səviyyədə olmasının təzahürüdür.”
Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Fikirlərini davam etdirən deputat daha sonra Azərbaycan və İranın beynəlxalq təsisatlar çərçivəsində bir-birilərini hər zaman dəstəklədiklərini və bunun mühüm amil olduğunu vurğulayıb: “Azərbaycan və İran iki qonşu ölkə olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birilərinin mövqeylərini dəstəkləyiblər. Cənab Prezident İlham Əliyevin dediyi kimi, istər BMT olsun, istər İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində daim ölkələrimizin nümayəndələri bir-birinin yanındadır. Hazırda ölkələrimiz arasında geniş fəaliyyət gündəliyi mövcuddur. Azərbaycan və İran Prezidentlərinin görüşü əsnasında isə ölkələrimiz arasında münasibətlərin strateji xarakteri bir daha təsdiqləndi. Əsas məsələ budur ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır. Əlbəttə ki, müzakirə olunan məsələlər arasında üçtərəfli əməkdaşlıq layihələri də öəmli yer tutmuşdur və onların da arasında Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi vurğulanmalıdır. Bu layihə bütün iştirakçı ölkələrə çox böyük səmərə gətirəcək. Eyni zamanda da Azərbaycan və İran Prezidentləri humanitar sahədə, mədəniyyət sahəsində ənənəvi dostluq əlaqələrinin davam etdirilməsi üçün konkret göstərişlər verdiklərini diqqətə çatdırıblar. Bu isə öz növbəsində xalqlarımız arasında səmimi dostluq əlaqələrinin daha da möhkəmlənməsinə böyük töhfə olacaq” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.