Novruzəli Aslanov: “Azərbaycan mühüm qlobal problemlərin həlli yollarının müzakirəsi üçün əlverişli platforma təqdim edəcək”

 

“Azərbaycanın enerji ölkəsi kimi əhəmiyyəti getdikcə artırır. Avropa Birliyi Cənubi Qafqazın əsas neft və qaz ölkəsi kimi enerji təhlükəsizliyinin təmin edilməsində və alternativ mənbələrə çıxışda ölkəmizin əhəmiyyətini yüksək dəyərləndirir. Digər bir tərəfdən isə Azərbaycan qazı və neftinin dünyaya çıxarılması özəlliklə bu layihədə bir neçə dövlətin iştirakını nəzərdə tutur. Beləliklə, həmin dövlətlərin hər birinin enerji təhlükəsizliyi də məhz Azərbaycanın enerji strategiyasından asılı olur. Azərbaycan istər region ölkəlri, istərsə də Avropa dövlətləri ilə əməkdaşlıqda özünü etibarlı tərəfdaş kimi təqdim edə bilib. 1994-cü ildən etibarən Bakıda təşkil olunan Xəzər neft-qaz sərgisi də Azərbaycanın bu statusunu təsdiq edən önəmli tədbirlərdən biridir. Cari ilin 4 iyun tarixində paytaxtımızda ənənəvi Bakı Enerji Həftəsinə start verildi. Tədbir çərçivəsində Bakı Ekspo Mərkəzində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışı oldu. Sözsüz ki, Bakı Enerji Həftəsinin bir neçə aydan sonra Azərbaycanda keçiriləcək COP29-a hazırlıq işlərinin fonunda baş tutması da rəmzi məna daşıyır. Bununla Azərbaycan neft və qaz ehtiyatları ilə zəngin olan bir ölkənin iqlim dəyişikliyinin fəsadları ilə mübarizədə də öndə olmasının zəruriliyi barədə cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin tamamilə doğru olduğunu təsdiqləyən növbəti önəmli amilləri dünyanın diqqət mərkəzinə çəkdi.”

Bunları aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Fikirlərini davam etdirən deputat daha sonra bildirib ki, COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycanın öz üzərinə götürdüyü məsuliyyətli vəzifənin öhdəsindən ləyaqətlə gələcəyi heç kimdə şübhə doğurmamalıdır: “Bakı Enerji Həftəsinin açılış mərasimində çıxış edən Ölkə Prezidenti cənab İlham Əliyev məxsusi olaraq belə bir fikir səsləndirdi: “COP29-a ev sahibliyi edən ölkə kimi bu məsuliyyətli vəzifəni öz üzərimizə götürərkən bunun bütün üstünlüklərini və çətinliklərini çox yaxşı dərk edirik.” Bu isə o deməkdir ki, noyabr ayında Azərbaycana səfər edəcək hər kəsə bu nüfuzlu tədbirin gedişində istər öz ölkəsini, istərsə də qlobal miqyasda bütün dünyanı narahat edən problemləri ətraflı müzakirə edə bilmək üçün hər cür şərait yaradılacaq. Öz çıxışında iqlim dəyişikliyinin təsirinin ölkəmizdə də hiss olunduğunu, Xəzər dənizinin səviyyəsinin ildən-ilə aşağı düşdüyünü vurğulayan dövlətimizin başçısı bu məsələnin də qlobal xarakter daşıdığını diqqətə çatdırdı. Qeyd olundu ki, Xəzər dənizinə axan çaylar başqa ölkələrdə qaynaqlanır və Azərbaycan dövlətinin bu təbii fəlakətlə bağlı heç bir məsuliyyəti yoxdur. Lakin istənilən halda bu problem özünə çox ciddi yanaşma tələb edir. Digər tərəfdən isə, cənab Prezident İlham Əliyev xırda ada dövlətlərinin daha ciddi təhlükələrlə, bəzi hallarda isə hətta onların fiziki mövcudiyyətlərinə qarşı yönəlmiş açıq-aşkar təhdidlərlə üz-üzə qaldıqlarını da bir daha tədbir iştirakçılarının nəzərinə çatdırdı. Bununla dövlətimizin başçısı COP29-un həqiqətən də qlobal, ümumbəşəri problemlərin həllinə nail olmaq məqsədilə yaradılmış bir platforma təqdim edəcəyinə dair dünyaya növbəti önəmli mesaj vermiş oldu” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.