“Ermənistan Vətən müharibəsindəki acı məğlubiyyətindən düzgün nəticələr çıxara bilmədi. Bəlkə də bu ölkənin düzgün qərarlar qəbul etməsinə, Azərbaycanla sülh sazişini imzalamağa tələsməsinə bir tərəfdən daxildə olan revanşist ruhlu qüvvələr, digər tərəfdən də bəzi xarici dairələr imkan vermədilər. İstənilən halda, son üç ildə Ermənistan demək olar bütün vacib məsələlərdə destruktiv mövqelərdən çıxış etdi, Aərbaycana qarşı düşmənçilik siyasətini davam etdirdi. 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın şətlərini kobud şəkildə pozan rəsmi İrəvan silahlı qüvvələrinin birləşmələrini Azərbaycan ərazilərindən çıxarmadı. Ölkəmizə qarşı həyata keçirilən mina terroru nəticəsində son üç ildə 300 nəfərdən çox vətəndaşımız həlak oldu. Həmçinin 19 sentyabr tarixində erməni silahlı birləşmələrinin törətdikləri son terror aktı nəticəsində ikisi mülki şəxs olmaqla daha 6 Azərbaycan vətəndaşı dünyasını dəyişdi. Məhz bundan sonra Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinə başladı. Cəmi bir gün ərzində qəhrəman hərbçilərimiz qarşıya qoyulmuş bütün vəzifələri uğurla yerinə yetirdilər. Sentyabrın 20-də Azərbaycan xalqına müraciətlə çıxış edən cənab Prezident İlham Əliyevin dediyi kimi, terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir. Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış erməni ordusunun böyük hissəsi tamamilə məhv edildi. Əfsuslar olsun ki, antiterror tədbirlərinin gedişində Azərbaycan da şəhid vermişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı əsgər və zabitlərimizə şəfa versin. Lakin şəhidlərimizin qanı əbəs yerə axmadı. Cəmi bir gün davam etmiş döyüşlərin nəticəsində qanunsuz silahlı birləşmələr artıq Azərbaycanın şərtlərini qəbul etməyə hazır olduqlarını bəyan etdilər və ağ bayraq qaldıraraq, təslim oldular. Vacib bir məqam da budur ki, antiterror tədbirlərinin nəticəsində Qarabağda yaşayan erməni icmasının nümayəndələri də Yevlax şəhərində görüşməyə hazır olduqlarını bildirdilər və sentyabrın 21-də artıq bu görüş baş tutdu.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Deputat fikirlərini davam etdirərək qeyd edib ki, cari ilin 19-20 sentyabr tarixlərində Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatları birbaşa Ermənistanın və Qarabağda oturmuş qondarma rejimin ölkəmizə qarşı yürütdükləri düşmənçilik siyasətinin məntiqi nəticəsi idi: “Antiterror əməliyyatı dayandırıldıqdan bir neçə saat sonra qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prosesinə, eləcə də Azərbaycanın tələblərinə uyğun olaraq silahların təhvil verilməsinə başlandı. Əlbəttə ki, Ermənistan bu prosesə hələ üç il bundan əvvəl başlamalı idi. İkinci Qarabağ müharibəsindən dərhal sonra ölkəmiz haqlı narahatlığını ifadə edərək dəfələrlə Ermənistan rəhbərliyinə, onların xaricdəki havadarlarına və digər tərəflərə müraciət edərək deyirdi ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qalması qanunsuzdur və buna son qoyulmalıdır. Əgər rəsmi İrəvan öz öhdəliklərinə vaxtında əməl etsə idi, hər iki tərəfdən insan itkilərinin qarşısı alınardı. Hər halda gec də olsa Ermənistan hökuməti öz səhvlərini başa düşməyə başlayıb. Cənab Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, əgər rəsmi İrəvan vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyirdisə, indi “Qarabağ Azərbaycandır” deyir və nəinki deyir, hətta bizim ərazimizin ölçülərini də dilə gətirməyi unutmur. Əlbəttə ki, bütün bu anlaşmalar və etiraflar ilk növbədə Azərbaycanın dəmir yumruğunun həlledici təsirinin nəticələridir. Azərbaycan necə ki, II Qarabağ savaşında ədalətli müharibə aparmışdı, Antiterror tədbirləri də hərbçilərimiz tərəfindən yüksək peşəkarlıqla və dəqiqliklə həyata keçirildi. Ali Baş Komandan cənab İlham Əliyevin göstərişlərinə uyğun olaraq heç bir mülki şəxsə və mülki infrastruktura ziyan vurulmadı və bu gün də onların təhlükəsizliyi tam təmin olunur.”
Daha sonra N.Aslanov Qarabağdakı cinayətkar rejimin təslim olmasından sonra bu bölgədə yaşayan ermənilərin də inkişafa aparan yola çıxmağa real şans əldə etdiklərini vurğulayaraq bunları deyib: “Öz çıxışında cənab Prezident İlham Əliyev hər zaman olduğu kimi, mövcud vəziyyəti dəqiq qiymətləndirərək bildirdi ki, kriminal xunta rejimi təslim olandan sonra Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər. Əlbəttə ki, bu insanlar da Azərbaycan vətəndaşlarıdır və onlar da uzun illər qondarma separatçı rejimin girovu olublar. Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru kəskin dönüşü öz gözləri ilə görə biləcək. Azərbaycan bu bölgədə sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət prinsiplərinə əsaslanan birgə həyat qurmaqda qərarlıdır. Dövlət başçısı birmənalı olaraq bildirdi ki, bütün haqsızlıqlara, kriminal Ermənistan rejimi tərəfindən törədilmiş cinayətlərə baxmayaraq, Azərbaycan erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmayıb. Xocalı soyqırımında, şəhərlərimizin, kəndlərimizin dağıdılmasında, qəbirlərin talan edilməsində dövlətimiz yalnız kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham edib. Bütüm bu cinayətlərə görə məhz onlar məsuliyyətə cəlb olunacaqlar. Qarabağda yaşayacaq ermənilərin isə bütün hüquqları, o cümlədən təhsil, mədəniyyət, din hüquqları, bələdiyyə seçki hüquqları Azərbaycan qanunlarına uyun şəkildə təmin ediləcək. Azərbaycan bütün Qarabağı və Şərqi Zəngəzuru yenidən qurduğu kimi, eyni şəraiti Xankəndində, Ağdərədə, Xocavənddə, Əsgəranda və bütün kəndlərdə yaradacaq. Azərbaycanın məntiqə, tarixi ədalətə, beynəlxalq hüquqa əsaslanan və gələcək inkişafa hesablanan birgəyaşayış təklifi unikal tarixi şansdır və Qarabağda yaşayan sadə insanlar bu şansı əldən verməməlidirlər” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.