Novruzəli Aslanov: “Fransa hökuməti və Fransa Senatının destruktiv yanaşmalardan imtina etməsi tarixi məsuliyyət məsələsidir”

 

“Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması istiqamətində əldə olunan real irəliləyişlər fonunda bəzi Avropa siyasi dairələrinin nümayiş etdirdiyi mövqe açıq-aşkar qərəzli və destruktiv xarakter daşıyır. Xüsusilə Fransa hökumətinin, Fransa Senatının və Avropa Parlamentindəki müəyyən dairələrin ardıcıl şəkildə sülh prosesinə kölgə salmağa yönəlmiş addımları artıq təsadüf yox, sistemli siyasi davranış kimi qiymətləndirilməlidir. Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidə konstruktiv və müsbət atmosferdə keçirilmiş görüşü günü Fransa Senatının müharibə cinayətlərində ittiham olunan şəxslərin azad olunmasına çağıran qətnamə qəbul etməsi siyasi məsuliyyətsizliyin və ikili standartların açıq təzahürüdür. Fransa Senatı bu qərarla nəinki beynəlxalq humanitar hüququn fundamental prinsiplərini tapdalayır, həm də on minlərlə azərbaycanlının həyatına son qoymuş ağır cinayətlərin faktiki olaraq legitimləşdirilməsinə cəhd göstərir. Bu addım sülh təşəbbüslərinə dəstək deyil, cəzasızlığın təşviqi və revanşist düşüncələrin stimullaşdırılmasıdır.”

Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Millət vəkili öz açıqlamasında Fransa hökumətinin bu cür addımlara səssiz qalmasının da Senatın mövqeyinin rəsmi Parisin ümumi siyasi kursundan kənar olmadığını göstərdiyini vurğulayıb: “Özünü beynəlxalq hüququn və insan haqlarının müdafiəçisi kimi təqdim edən Fransanın bu məsələdə nümayiş etdirdiyi selektiv yanaşma onun vasitəçi statusuna dair iddialarını tamamilə istisna edir. Vasitəçilik iddiasında olan bir dövlətin artıq bitmiş münaqişəni yenidən canlandırmağa çalışan qüvvələrin açıq təxribatçı mövqeyinə siyasi himayədarlıq etməsi qəbuledilməzdir. Eyni zamanda Avropa Parlamentində və bəzi Avropa ölkələrinin siyasi dairələrində qondarma strukturların “nümayəndələri” ilə təmasların davam etdirilməsi, “Qarabağ məsələsi bağlanmayıb” kimi reallıqdan uzaq bəyanatların səsləndirilməsi beynəlxalq hüquqa və Azərbaycanın ərazi bütövlüyünə açıq hörmətsizlikdir. Qarabağ məsələsi artıq tarixə qovuşmuş bir münaqişədir və bunu inkar etmək cəhdləri yalnız regionda gərginliyi diri saxlamaq cəhdlərinə xidmət edir. Bu cür məsuliyyətsiz siyasi davranışlar Ermənistan cəmiyyətində əsassız ümidlər yaradır, sülh gündəliyini zəiflədir və Cənubi Qafqazda sabitliyin formalaşmasına ciddi zərbə vurur. Avropa Parlamentinin və Fransa siyasi institutlarının bəzi nümayəndələri anlamalıdırlar ki, sülh prosesinə qarşı atılan hər bir addım təkcə Azərbaycana deyil, bütövlükdə regionun təhlükəsiz gələcəyinə yönəlmiş zərbədir. Azərbaycan beynəlxalq hüquqa, suverenliyinə və sülhə əsaslanan mövqeyindən geri çəkilməyəcək. Bu baxımdan Avropa siyasi dairələrinin, xüsusilə Fransa hökuməti və Fransa Senatının destruktiv yanaşmalardan imtina etməsi, ikili standartlara son qoyması və regionda sülhün bərqərar olmasına real töhfə verməyə çalışması tarixi məsuliyyət məsələsidir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.