“Dövlətimizin başçısı İtaliyada Azərbaycanın sülhsevər siyasətini bir daha nümayiş etdirdi və işğaldan azad etdiyimiz ərazilərdə qısa müddət ərzində həyata keçirdiyimiz quruculuq işlərini, bütün regionu birləşdirməyə hesablanmış infrastruktur layihələrini sadalamaqla Qarabağın əsl sahibinin kim olduğunu bir daha göstərdi”.
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 2-də Çernobbio şəhərində İtaliyanın “İl Sole 24 Ore” qəzetinə verdiyi müsahibəyə münasibət bildirən Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Paralament üzvü dövlətimizin başçısının həmin müsahibədə və ümumiyyətlə İtaliya səfəri zamanı iştirak etdiyi Forumda və keçirdiyi digər görüşlərdə etdiyi çıxışlarda toxunduğu vacib nüanslar barədə danışıb: “Daha əvvəl Brüssel səfərində Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında üçtərəfli görüşlərini xatırladan Prezident İlham Əliyev Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh sazişi ilə bağlı praktiki danışıqlara başlamaq məqsədilə görüş keçirmək barədə razılığa gəldiklərini, müharibə bitəndən sonra dərhal irəli sürdüyümüz bu təkliflə razılaşmaq üçün Ermənistana təqribən iki il lazım olduğunu yada saldı. Prezident İlham Əlyev vacib bir məqama da toxundu ki, biz bu işləri yalnız qonşular ilə bağlılığı təmin etmək və daxili istifadə üçün görmürük; bu səylər, həmçinin Ermənistan vasitəsilə Azərbaycanı özünün Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin icrasına yönəldilib”.
N.Aslanov dövlətimizin başçısının İtaliya səfərində əsas müzakirə edilən məsələlərdən birinin Rusiyanın təbii ehtiyatlarından asılılığına son qoymağa çalışan Avropaya satılan Azərbaycan qazının həcminin artırılması mövzusu olduğunu deyib: “Bu məsələdə Prezident İlham Əliyev avropalı tərəfdaşlara çox incəliklə xatırlatdı ki, Ukrayna müharibəsindən dolayı yaranmış yeni situasiyaya heç kim hazır deyildi və biz təkcə İtaliya vasitəsilə Avropanı deyil, qardaş, Türkiyəni, yaxın qonşumuz Gürcüstanı da qazla təmin edirik. Əgər Avropa Azərbaycandan aldığı qazın həcminin artamasında maraqlıdırsa, texniki imkanların artırılması üçün sərmayə yatırmağa hazır olmalıdır. Prezident İlham Əliyev siyasi uzaqgörənliklə bir mühüm məqamı da qeyd etdi ki, biz nə əvvəllər, nə də indi öz qarşımıza Avropa bazarında Rusiya qazı ilə rəqabətə girmək kimi hədəf qoymamışıq, bizim öz yerimiz var. Bizim regiondakı münasibətlərimiz çox yaxşı balanslaşdırılmışdır. Azərbaycanın iqtisadiyyatı, qeyri-neft və qeyri-qaz ixracını şaxələndirmək perspektivləri, İtaliya şirkətlərinin Azərbaycanda gerçəkləşdirilən layihələrdə fəal iştirakı, İtaliya-Azərbaycan Universitetinin yaradılmasının əhəmiyyəti barədə də söhbətlər aparıldı. Dövlətimizin başçısına cavabı diplomatik məharət tələb edən suallar da verildi. Prezident İlham Əliyev siyasi incəliklə vurğuladı ki, əlverişli coğrafi mövqedə olan ölkəmizin üzərindən keçə biləcək nəqliyyat dəhlizlərinin, o cümlədən, Xəzər üzərindən İpək Yolunun gerçəkləşməsi üçün Azərbaycandan daha çox öz resurslarını Avropa bazarlarına çıxarmaq istəyən Çin və Mərkəzi Asiya ökələri təşəbbüskar olmalıdırlar. Eyni zamanda xatırlatdı ki, Azərbaycan öz ərazisindən keçən Cənub-Şimal dəhlizinə heç də Şərq-Qərb dəhlizindən az əhəmiyyət vermir. Mənə elə gəlir ki, sonda müsahibə üçün təşəkkürünü bildirən müxbir cənab Prezidentimizin nəzakətini də xüsusi vurğulamaqla, məhz dövlətimizin başçısının diplomatik məharətinə heyranlığını ifadə etmiş oldu”.