Dünya okeanları xlorofluorokarbonlar daxil olmaqla nəhəng qaz anbarıdır. Onlar ozon qatını tükətmək xüsusiyyətinə malikdirlər.
Phys.org-un məlumatına görə, Massaçusets Texnologiya İnstitutunun alimləri belə qənaətə gəlib.
Okeanlar indi ozonu dağıdan kimyəvi maddələri mənimsəyirlər, lakin 2075-ci ilə qədər əksinə, onları atmosferə atmağa başlayacaqlar.
Söhbət əsasən CFC-11 olaraq bilinən xlorofluorokarbon növündən gedir. Bu kimyəvi maddə soyuducu və izolyasiya köpükləri istehsalında istifadə edilir. “Montreal Protokolu”na uyğun olaraq 2010-cu ildən bəri CFC-11-in istehsalı və istifadəsi ləğv edilib.
Alimlər 2130-cu ilə qədər okeanların bütün planetin iqlim vəziyyətinə təsir göstərə biləcək miqdarda qaz buraxacağını düşünürlər. Eyni zamanda, qlobal istiləşmə sürəti bu proseslərin başlanğıcını 10 il yaxınlaşdıra bilər.