Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Vətən Müharibəsində iştirak etmiş qazilərlə görüşləri davam edir, müalicə olunanlara baş çəkilir, ailələri ziyarət olunur.
Ombudsman Aparatında keçirilən növbəti görüşdə Vətən müharibəsi qaziləri Aleksandr Kornev və Yusif Məmmədov iştirak ediblər.
Ombudsman Vətən müharibəsində müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun qazandığı Qələbə münasibətilə qaziləri təbrik edib, onlara minnətdarlığını bildirib.
Səbinə Əliyeva 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının nümunəvi birlik və böyük şücaət göstərdiyini, respublikamızda hər zaman tolerant mühitdə yaşayan, dinindən, dilindən və etnik mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın ölkəmizin ərazi bütövlüyü uğrunda bütün səylərini səfərbər etdiyini vurğulayıb.
Görüş zamanı Ombudsman qazilərin qayğıları ilə maraqlanıb və müraciətlərində qeyd etdikləri məsələlərin nəzarətdə saxlanılacağını qeyd edib.
Görüşdə iştirak edən qazilər onlara göstərilən diqqətə görə təşəkkür ediblər.