Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı və tarixi Zəfərlə başa çatdırdığı II Qarabağ savaşının mühüm nəticəsi olaraq Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaratdı. Cənubi Qafqazda yeni reallıqların yaranması Mərkəzi Asiya ilə əməkdaşlığın formatına da öz təsirini göstərib. Zəngəzur dəhlizinin açılması Türk dövlətləri ilə tranzit əlaqələrinin inkişafına şərait yaradacaq, nəqliyyat sahəsində yeni layihələrin həyata keçirilməsinə imkan verəcək. Həmçinin onu da deməliyik ki, Türk Dövlətləri Təşkilatı təkcə siyasi-mədəni deyil, həm də yaxın gələcəkdə türk dövlətlərinin hərbi ittifaqının qurulmasının da əsasını qoyub. Bu reallıqlar eynilə ölkəmizin və regionun qarşısında yeni inkişaf perspektivləri açdığı kimi, Türk dünyasının da birliyinin möhkəmlənməsinə, gücünün artmasına böyük töhfələr verəcək.
Bu baxımdan 6 iyul tarixində Şuşada keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşünün təşkili Azərbaycanın növbəti beynəlxalq təşəbbüsü idi. Prezident İlham Əliyevin həmin Zirvə görüşündəki çıxışı Azərbaycan xalqının növbəti nailiyyəti olmaqla, istəyimizi və gələcəyə baxışımızı bir daha özündə ehtiva etdi.
Dövlətimizin başçısı Şuşada qeyri-rəsmi Zirvə görüşündə qarşıda dayanan ən vacib vəzifələrdən danışaraq bildirdi ki, Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycan dövlətinin xarici siyasətinin üstün istiqamətidir.
Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, siyasi, iqtisadi və hərbi qüdrətinin artması, beynəlxalq aləmdə güc mərkəzinə çevrilməsi naminə səylər göstərib. Türk Dövlətləri Təşkilatının dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməsi vəzifəsini müəyyənləşdirən Prezident İlham Əliyev bunun təbii əsaslarını da dedi. Böyük coğrafi məkanı əhatə edən üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur.
Döyüş meydanlarında özünü dəfələrlə göstərən hərbi potensial, zəngin təbii ehtiyatlar, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tarix, eyni etnik köklər, ənənəvi dəyərlərə sadiqlik və s. bunun təbii təməllərini təşkil edir.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın və regionun mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşa şəhərini Qarabağın tacı adlandırdı. Qarabağ və Şərqi Zəngəzurda “Böyük Qayıdış” proqramının icra olunması, şəhər və kəndlərin dirçəldilməsi, bu torpaqlara həyatın qayıtması, azad edilmiş torpaqlara ilin sonuna qədər 20 min insanın qaytarılmasının planlaşdırılması işlərin sistemli şəkildə aparıldığını göstərir".
İlham Əliyev türk dövlətləri rəhbərlərinin azad edilmiş torpaqlara səfərlərini qardaşlığın təzahürü kimi qiymətləndirdi.
Bu qardaşlığın rəmzi tikilən məktəb və yaradıcılıq mərkəzidir. Azərbaycan dövləti Türk Dövlətləri Təşkilatının gücləndirilməsi üçün örnək olan bir addım atıb. Təşkilatın büdcəsi nəzərdə tutulan hədəflərin reallaşdırılması üçün yetərli olmadığından Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürüb. Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi, Orta Dəhlizin ayrılmaz bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyətinin artırılması başlıca məqsədlərdəndir. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətlərinə tranzit xidmətləri göstərir. Bakı gəmiqayırma zavodunda 6 gəminin inşa edilməsi, Ələt Beynəlxalq Ticarət Limanı da həmin məqsədlərə yönəlib. Ən vacib addımlardan biri İstanbulda Türk İnvestisiya Fondunun təsis iclasının keçirilməsi olub. Qarşıdakı illərdə sərmayələrin qoyuluşu əməkdaşlığın maddi təməllərini daha da dərinləşdirəcəkdir.
Türk dövlətləri arasında enerji sahəsində strateji tərəfdaşlıq, o cümlədən bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlıq mühüm vəzifələrdən biri kimi müəyyənləşdirildi. Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən Avropa və Asiya arasında fiber-optik telekommunikasiya marşrutu yaratmaq məqsədi daşıyan “Rəqəmsal İpək Yolu” layihəsi də mühüm təşəbbüslərdən biridir. Bununla da "Dəmir İpək Yolu"na yenisi əlavə edilir.
Əminliklə deyə bilərik ki, Şuşa Zirvə görüşü bir daha onu sübut etdi ki, Türk Dövlətləri Təşkilatı bir qurum kimi beynəlxalq münasibətlərdə önəmli rol oynayır. Ölkəmiz hər zaman türk dünyasının sıx birləşməsinə öz töhfələrini verib və bundan sonra da bu kursa sadiq qalacaq.
Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri