Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Arabaçı Əlillər Şəbəkəsi" İctimai Birliyi tərəfindən "Paralimpiya idman növlərinin təbliğatı" adlı layihə həyata keçirilir. Layihə üzrə ilk tədbir "Əlilliyi olan şəxslərin peşə-əmək reabilitasiya mərkəzi"-də baş tutub.
Layihə rəhbəri və "Arabaçı Əlillər Şəbəkəsi"-in sədri Ruhin Cəfərov layihə haqqında çıxış etdikdən sonra 100-ə yaxın əlilliyi olan şəxslərə paralimpiya idman növləri haqqında məlumat verilib. Daha sonra isə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin idman şöbəsinin sektor müdiri Yaşar Rzayev, millət vəkili Ceyhun Məmmədov, Yay Paralimpiya Oyunları çempionu Elvin Aslanov, "DanceAbility Azerbaijan"-ın təsisçisi Nigar Sultanova, Azərbaycan Respublikası Boccia İdman Federasiyasının vitse-prezidenti İlham Məhərrəmov və Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Rəhilə Həsrətova "paralimpiya idman növləri", "əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya üsulları" və s. mövzular üzrə çıxışlar ediblər. Eşitmə və nitq qabiliyyəti məhdud iştirakçı şəxslər üçün çıxışlar jest dilində canlı olaraq tərcümə edilib.
Tədbirin sonunda iştirakçılara motivasiya məqsədi ilə sertifikatlar təqdim edilib və çay süfrəsi ətrafında əlilliyi olan şəxslər ilə səmimi görüş keçirilib.