Pezeşkianın Azərbaycan səfəri münasibətlərdə yeni səhifə açacaq

Aprelin 28-də İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri bir sıra maraqlı və əhəmiyyətli tərəfləri ilə yadda qaldı. Səfər iki ölkə arasındakı anlaşılmazlıqların, problemlərin  dialoq və müzakirələr yolu ilə həllinin mümkünlüyünü ortaya qoydu. Siyasi liderlər münasibətləri daha da dərinləşdirməklə regionda sülh, inkişaf yaratmaq niyyətində olduqlarını ifadə etdilər. Tarixi köklərimizə, milli-mənəvi dəyərlərimizə və Ana dilimizə bağlı cənab  Pezeşkian yüz ildən sonra İrana rəhbərlik edən Türk əsilli bir liderdir. Onun Bakıda  rəhbəri olduğu İranın siyasi maraqlarını müdafiə etməsinə də təbii yanaşmaq lazımdır. Pezeşkianın Bakıda yüksək səviyyədə qarşılanması, xalqımızın ona olduqca sevgi ilə yanaşması İran dövlətinə olan münasibətdən daha çox, Cənubdakı soydaşlarımıza olan hörmətin, bağlılığın əlaməti idi, desək yanılmarıq.    

700 ildən artıq türklərin idarə etdiyi İranın rəhbərliyində yendən bir türk oğlunu, soydaşımızı görmək həqiqətən qürurverici idi. Təsadüfi deyil ki, Pezeşkianın prezident seçilməsindən sonra İranda türklər arasında milli oyanış baş qaldırıb. Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı ilə  keçirilən Azərbaycan-İran biznes forumunda doğma ana dilində, şirin Təbriz ləhcəsi ilə görkəmli şairimiz Məhəmməd Hüseyn Şəhriyarın “Heydər babaya salam” şeirini səsləndirməsi hər birimizdə xoş ovqat yaratmaqla yanaşı, həm də siyasi mesaj idi. 

Dahi şairimizin iki yerə parçalanmış Azərbaycanın bölünməsinə qarşı hayqırtısının əks olunduğu bu şeirin Bakıda yüksək tribunadan özü də İranın türkəsilli prezidentinin dilindən səsləndirilməsi birlik, bötüvlük hisslərini yenidən alovlandırdı. İran lideri brifinqdə açıq nitqlə deyə bilmədiyi ürək sözlərini şeirlə ifadə etdi. 

Xəlil Rza Ulutürkün Moskvadakı Lefortovo zindanında yazdığı “Azadlıq həsrəti” şeiri qədər milli ruha xidmət edən Şəhriyarın bu şeirinin yenidən gündəmə gəlməsi olduqca təqdirəlayiq və qürurvericidir.  

Bundan başqa İran və Azərbaycan prezidentlərinin Bakıda bir-birinə “qardaşım” deyə müraciət etmələri də diqqətdən qaçmadı. 

Pezeşkianın Bakıda özünü Təbrizdə, Ərdəbildə olduğu kimi hiss etdiyini deməsi də düşündürücü idi. 

“Əziz qardaşıma qonaqpərvərliyə görə bir daha böyük minnətdarlığımı bildirirəm. Ölkəmizdə bəzi hadisələr baş verdiyinə görə burada əlavə müddətə qala bilmirəm. Burada olanda heç zaman özümü yad ölkədəki kimi hiss etmirəm. Elə bil ki, sanki Təbrizdəyəm, Ərdəbildəyəm. Sanki doğulduğumuz, böyüdüyümüz, yaşadığımız İran Azərbaycanındayıq. Çox şadam ki, Sizinlə bir yerdəyəm. İqtisadi, mədəni, elmi, təhlükəsizlik, hərbi və digər sahələrdə əl-ələ verib özümüz, övladlarımız və sonrakı nəsillər üçün möhkəm gələcək quraq. Gələcək nəsillər fəxr etsinlər ki, bu cür sağlam əlaqələr qurmuşuq” deyən Pezeşkianın Bakıda çıxışında diqqətçəkən məqamlardan biri də Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səsləndirdiyi fikirlərdir.

”Sizin, Azərbaycanın və əziz Azərbaycan xalqının Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərindəki hüququnu tanıyırıq. Biz inanırıq ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və buna hörmətlə yanaşırıq”, deyən Pezeşkianın bu açıqlaması Ermənistanda dərin məyusluq doğurdu, anti-azərbaycançı qüvvələrin kefinə soğan doğradı.

Bu gün iki ölkə liderlərinin siyasi iradəsi nəticəsində Azərbaycan-İran münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatıb. 44 günlük Vətən müharibəsindən sonra İranda, xüsusilə də türklərin yaşadıqları bölgələrdə Azərbaycan lideri cənab İlham Əliyevin nüfuzu yüksəldiyi kimi, İrandakı son president seçkilərindəki qələbəsindən sonra Pezeşkiana da ölkəmizdə sevgi və hörmət artıb. 

Beynəlxalq sanksiyalardan, iqtisadi blokadalardan əziyyət çəkən İranın bu gün bütün dünya ölkələri ilə geniş əlaqələri olan Azərbaycana böyük ehtiyacı var. Tehran beynəlxalq kommunikasiya xətlərinin keçdiyi Azərbaycanın iştirakçısı və təşəbbüskarı olduğu nəqliyyat layihələrinə qoşulmaqla həm də təhlükəsizliyini qarantiyaya almaq məsqədi güdür. Buna da təbii yanaşmaq lazımdır. 

Bütün hallarda İran Prezidentinin Azərbaycan səfəri vacib siyasi hadisə kimi yadda qalacaq və bu səfərin uğurlu nəticələrinin olacağına şübhə yoxdur. Bu səfər iki ölkənin siyasi və iqtisadi əlaqələrini gücləndirəcək, münasibətlərində yeni səhifə açacaq.

Cəbi Quliyev,

Milli Məclisin VI cı cağırış deputatı