Polşa 45 rus diplomatı ölkədən qovur

Polşa Xarici İşlər Nazirliyi 40-dan çox rusiyalı diplomatın casusluq şübhəsi ilə ölkəni tərk etməsini tələb edib.

Axar.az xəbər verir ki, bunu Rusiyanın Polşadakı səfiri Sergey Andreyev deyib.

“Vyana Konvensiyasına uyğun olmayan fəaliyyətlərinə görə 45 əməkdaşımızın ölkədən çıxarılması barədə nota aldım”, - səfir jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, diplomatlar 5 gün müddətində Polşanı tərk etməlidirlər.

Andreyev qeyd edib ki, notanı aldıqdan sonra formal olaraq diplomatik münasibətlər davam edir, lakin Varşavanın qərarı əsassızdır:

“Əməkdaşlarımız normal diplomatik, ticarət fəaliyyətləri ilə məşğul olurdular”.

Andreyev Polşa hökumətinin onun ölkədən çıxması ilə bağlı tələb irəli sürmədiyini bildirib.