Prezident İlham Əliyevin cari ilin 26 aprel tarixində Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibədə həm ölkəmiz, həm də regionumuzla bağlı olduqca vacib məqamlara toxunulub.
Mayın 23-də işıq üzü görən müsahibədə Azərbaycan prezidenti hər şeydən öncə ölkəmizin dünyada artan nüfuzunu, gücünü və potensialını xarici auditoriyaya yüksək peşəkarlıqla çatdırdı.
Müsahibədə bir çox məsələlərə, o cümlədən COP29 tədbirləri çərçivəsində görüləcək işlərə toxunulub.
Azərbaycan dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi şübhəsiz ki, Prezident İlham Əliyevin uğurlu siyasətinin növbəti parlaq qələbəsidir. Bu böyük miqyaslı, beynəlxalq əhəmiyyətli tədbirin ölkəmizin paytaxtında keçirilməsi Qoşulmama Hərəkatına sədrliyimiz və BMT Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurlarından biridir.
Prezident müsahibədə qeyd edib ki, Azərbaycanda tədbir zamanı qlobal əhəmiyyətli məsələlər müzakirə olunacaq: “Qlobal Cənub -Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq kimi məsələlər fərqli yanaşmalar kontekstində aktiv şəkildə müzakirə olunacaqlar”.
Müstəqil, balanslı xarici siyasət yürüdən Bakı həm Qoşulmama Hərəkatında, həm də digər beynəlxalq platformalarda qlobal təşəbbüslərlə çıxış edir. Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalamış və qəbul edilmişdir.
Azərbaycan Prezidenti haqlı olaraq qeyd edir ki, təbii sərvətlərlə zəngin olan ölkələrə bəzi dövlətlər qısqanclıqla yanaşırlar, onları gözdən salmağa çalışırlar:
“Ölkələr malik olduqları təbii sərvətlərə görə mühakimə olunmamalıdırlar. Ölkələr onlardan necə istifadə etdiklərinə görə mühakimə olunmalıdırlar. COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik. Azərbaycan həm də OPEC+ üzv ölkəsidir. Neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Həmrəylik maliyyələşmənin və necə uğur qazanacağımızın ayrılmaz hissəsidir. Əgər yaşıl dünyaya doğru əlavə və davamlı olan konkret addımlar ata bilsək, bu, ən vacib miras olacaq. Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük ölkələrə “siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız” deməklə onlara qarşı tələblər irəli sürməməlidirlər.”.
Azərbaycan bərpa olunan enerji mənbələrinin əsas ixracatçılarından birinə çevrilmək iddiası və imkanındadır. Ətraf mühitin mühafizəsi, ekologiyanın qorunmasına hər zaman xüsusi diqqət yetirən dövlətimizin başçısı tərəfindən dövlət proqramları təsdiq edilmiş, müvafiq fərman və sərəncamlar imzalanmışdır. Respublikamız iqlim dəyişiklikləri ilə bağlı BMT-nin çağırışlarına fəal şəkildə qoşulan ölkələr sırasında yer alır.
Azərbaycan uzun illərdir ki, bir çox beynəlxalq tədbirlərə, konfranslara ev sahibliyi edir. Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Zirvə toplantısı, Qlobal Bakı Forumu, IV İslam Həmrəyliyi Oyunları, Qoşulmama Hərəkatı və digər tədbirlər məhz Azərbaycanda keçirilib. Azərbaycan torpaqlarını azad edib, ərazi bütövlüyünü bərpa etdikdən sonra beynəlxalq arenada öz nüfuzunu daha da artırıb.
Cənab Prezidentin müsahibəsində də qeyd olunduğu ki, Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən Azərbaycan öz coğrafi mövqeyinin verdiyi üstünlüklərdən faydalanaraq əməkdaşlıq edəcək ölkələrin hər biri üçün məqbul təkliflərlə çıxış edir. Ölkəmiz eyni zamanda regionun və özünün karbohidrogen məhsullarının Avropa bazarına çıxarılması imkanlarını genişləndirir. Təbii ehtiyyatlarla yanaşı Azərbaycanın alternativ enerji potensialı da yüksək dəyərləndirilir.Xüsusilə son illərdə günəş və külək enerjisinin istehsalı sahəsindəki uğurlar bu istiqamətdə əldə olunan nailiyyətlərin ən gözəl sübutudur. Bu baxımdan COP29-un ölkəmizin “yaşıl enerji” siyasətinə töhfəsi danılmazdır.
Əminliklə söyləmək olar ki, Azərbaycan bu mühüm qlobal konfransa ev sahibliyi etməklə beynəlxalq aləmdə nüfuzunu, etibarını daha da artıracaq, ekoloji gündəliyə sadiqliyini bir daha nümayiş etdirəcəkdir. Dünya ölkələri Azərbaycanın potensialı, niyyəti ilə daha yaxından tanış olacaq, təşəbbüslərinə qoşularaq qlobal problemlərin birgə həllinə çalışacaqdır.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı