2003-cü ildə Azərbaycan xalqı növbəti dəfə mühüm tarixi dövrünü yaşadı. Ulu öndər, ümummilli lider Heydər Əliyev 2003-cü il oktyabr ayının 1-də xalqa müraciət edərək prezidentliyə öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürdüyünü bəyan etdi. O, Azərbaycan xalqını onun siyasi varisi İlham Əliyevi dəstəkləməyə çağırdı. Müraciətində Ulu Öndər onun axıra çatdıra bilmədiyi taleyüklü planları, işləri və məsələləri İlham Əliyevin xalqın dəstəyi ilə başa çatdıracağına inandığı bildirdi.
Ümummilli lider Heydər Əliyevin öz inamında tamamilə haqlı olduğunu həyat və tarix sübut etdi. İlham Əliyev 2003-cü il oktyabrın 15-də keçirilmiş seçkilərdə səslərin 76 faizdən çoxunu qazanaraq, ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildi. Beləliklə, Azərbaycan xalqı bir daha ulu öndər Heydər Əliyevin səsinə səs verdi, onun çağırışına cavab verdi. Prezident İlham Əliyev onun layiqli siyasi varisi kimi ölkəmizə rəhbərlik etməyə başladı, yarımçıq qalmış işlərin uğurla tamamlanmasına doğru, sistemli və kompleks surətdə yanaşdı.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Adil Əliyev söyləyib.
O deyib: “Təbii ki, 19 illik prezidentlik dövründə İlham Əliyev saysız-hesabsız nailiyyətlərə imza atıb. Bu nailiyyətlər siyasi, diplomatik, iqtisadi, hərbi, sosial, mədəni, idman sahələri də daxil olmaqla həyatın hər bir sahəsində özünü parlaq şəkildə təzahür etdirir.
Bu nailiyyətlərin, bu sahələrin hər biri ölkəmiz üçün çox böyük əhəmiyyət daşıyır. Bununla belə, 44 günlük Vətən müharibəsində qazandığımız böyük Zəfər, torpaqlarımızın işğaldan azad edilməsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasətin təntənəsi və ümumiyyətlə, tarixən qazandığımız ən böyük, misilsiz Qələbə, uğurdur. Bu Zəfər cəbhədə, hərbi əməliyyatlar zonasında 44 gün ərzində əldə edilsə də, ona gedən yol uzun illərin ağır zəhməti, mürəkkəb çağırışları və çətin mübarizəsi ilə doludur. Bu mübarizə hərbi, iqtisadi, siyasi sahələrdən savayı, beynəlxalq səviyyədə aparılan gərgin və uzaqgörən diplomatiya, mürəkkəb xarici siyasət və xaricdən, müxtəlif güc mərkəzlərindən edilən təzyiqlərə mətanətlə sinə gərmək hesabına başa gəlib.
Prezident İlham Əliyev Vətən müharibəsində zəfərimizdən sonra çıxışlarında bildirmişdir ki, o Prezident seçilərkən gənc idi və ilk dövrdə Ermənistan-Azərbaycan münaqişəsinin diplomatik yolla həllinə, torpaqlarımızın işğaldan dinc yolla, danışıqlarla azad edilə biləcəyinə və BMT qətnamələrinin beynəlxalq vasitəçilərin köməyi ilə icra olunacağına dair müəyyən ümidləri var idi. Amma təcrübə göstərdi ki, Azərbaycana verilən vədlər və ümidlər işğalın və status-kvonun uzadılmasına xidmət edir və Azərbaycan özü öz torpaqlarını azad etməli, ərazi bütövlüyünü, suverenliyini bərpa etməlidir. Buna görə də müasir, güclü və peşəkar ordu quruculuğu, gənc nəslin vətənpərvər ruhda böyüməsi ölkə başçısının əsas prioritetlərinə çevrilmişdi”.
Adil Əliyevin sözlərinə görə, bütün bunlara baxmayaraq, Prezident İlham Əliyev beynəlxalq diplomatik səviyyədə Azərbaycanın mövqelərinin gücləndirilməsi və müxtəlif tərəfdaşlıqların qurulması işini usanmadan, yorulmadan davam etdirirdi. Bu, İlham Əliyevin Prezident kimi çox güclü xüsusiyyətidir, yəni, ölkəmizə qarşı yönəlmiş qərəzə, ədalətsiz münasibətə və ikili standartlara əsaslanan yanaşmalara baxmadan, bütün tərəflərlə və dövlətlərlə diplomatiyanı davam etdirir, diplomatik imkanlardan sona qədər istifadə edir. Dövlətimizin başçısının belə liderlik tərzi Vətən müharibəsinin ən ağır, ən gərgin günlərində də, ondan əvvəl və sonrakı dövrlərdə, elə bu gün də xarici siyasət və diplomatiyamızın aparıcı xətti kimi davam edir.
“Prezident İlham Əliyevin hazırda yürütdüyü fəal xarici siyasət Vətən müharibəsində qazandığımız Zəfərimizin nəticələrinin beynəlxalq səviyyədə tanınmasına xidmət edir. O, fərqli dövlətlər və güc mərkəzləri ilə fəal, səmərəli münasibətlər quraraq milli maraqlarımızı reallaşdırır. Son günlərdə Prezident İlham Əliyevin Bolqarıstana səfəri və səfər zamanı Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun rəsmən istifadəyə verilməsi, Praqaya səfəri və orada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşləri, Sankt-Peterburqa səfəri və MDB-nin qeyri-formal sammitində iştirakı, Qırğızıstan və Qazaxıstan səfərləri və keçirdiyi görüşlər, iştirak etdiyi tədbirlər, o cümlədən Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında iştirakı və çıxışı onun 2003-cü il oktyabrın 15-də ilk dəfə Prezident seçildiyi gündən milli maraqlarımızın qorunması, həyata keçirilməsi və inkişafı naminə qət etdiyi yolun məntiqi davamı kimi atılan addımlardır. Bu, mürəkkəb konfiqurasiyalı addımlar Azərbaycan dövlətinin mövqelərinin beynəlxalq münasibətlər sistemində dayanıqlı inkişafını təmin edən Prezident İlham Əliyev xarici siyasət strategiyasının parlaq təzahürləridir. Məhz bu strategiya Azərbaycanı müxtəlif risk və təhdidlərdən qoruyaraq ölkəmizin sabit və dayanıqlı inkişafını təmin edir”, - deyən Milli Məclis sədrinin müavini fikirlərini yekunlaşdırıb.