Prezident İlham Əliyevin “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında Sərəncamı mədəniyyətimizə, tarixi ənənələrimizə, milli irsimizə göstərilən yüksək dövlət qayğısından xəbər verir.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Milli Məclisin deputatı Cəbi Quliyev söyləyib.
“Tarixiliyi, adət-ənənələrə sadiqliyi ilə seçilən, Ulu Öndərin “Azərbaycanın incisi” adlandırdığı Ordubad üçün yeni inkişaf dövrü başlayır. Sərəncam Ordubadın tarixiliyini qorumaqla yanaşı, müasir inkişafına da böyük təkan verəcək. Naxçıvan Muxtar Respublikasının 100 illiyini qeyd etdiyimiz bu günlərdə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması bütün Naxçıvan ictimaiyyətinin, xüsusilə Ordubad əhalisinin sevincinə səbəb oldu”, - deyə o əlavə edib.
Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 21-də “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanın tarixi və mədəni irsinin nadir nümunələrindən olan Ordubad şəhərinin ərazisində yerləşən abidələrin daha yaxşı qorunması, təbliği və idarə olunmasının təkmilləşdirilməsi məqsədilə Ordubad Tarix-Memarlıq Qoruğunun ərazisi “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan olunub.
Nazirlər Kabinetinə Qoruğun sərhədlərini və mühafizə zonasını üç ay müddətində müəyyənləşdirib təsdiq etmək, Qoruğun ərazisinin xüsusi rejimini dörd ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək və Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Qoruğun fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsi Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək.