Prezidentin tarixi nitqi: müstəqillik illərinə prinsipial baxış, gerçəklər və perspektivlər

Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr edilmiş toplantıda Prezident İlham Əliyevin nitqi təkcə yubiley çıxışı deyil, 1991-ci ildə dövlət müstəqilliyi bərpa edildikdən sonra ölkəmizin keçdiyi yola gerçək baxış, onun soyuqqanlı dərin təhlili, ibrət dərsləri almaq və gələcəyə doğru necə getməyin yol göstəricisi olduğundan tarixi məna kəsb edir.

AZƏRTAC Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü professor Musa Qasımlının “Prezidentin tarixi nitqi: müstəqillik illərinə prinsipial baxış, gerçəklər və perspektivlər” sərlövhəli məqaləsini təqdim edir.

Partiya hansı zərurətdən yarandı?

Hamıya məlumdur ki, dövlət müstəqilliyi bərpa edildikdən sonra bir-birini əvəz edən hakimiyyətlər Azərbaycan xalqının qarşısında dayanan vəzifələri yerinə yetirə bilmədilər. Xaos və anarxiyanın tüğyan etdiyi, hakimiyyətin qanadları arasında didişmələrin, xalqla hakimiyyət arasında dərin uçurumun, mülki və hərbi hakimiyyət arasında ziddiyyətlərin hökm sürdüyü, siyasi, iqtisadi, mənəvi-psixoloji - bütövlükdə yaranmış ümumi böhranın və sabaha ümidinin olmadığı Azərbaycan xalqı dövlət müstəqilliyini itirmək, tək millət, tək dövlət və tək Vətən xaricdən dəstəklənən separatçılıqla parçalanmaq təhlükəsi qarşısında dayanmışdı. Ermənistanın hərbi təcavüzü davam edir, torpaqlar bir-birinin ardınca işğal olunurdu. Ölkəni xilas etmək üçün yollar axtarılırdı. Belə bir şəraitdə Azərbaycan xalqının böyük əksəriyyəti ölkənin nicatını Heydər Əliyev şəxsiyyətində görürdü.

Niyə məhz Heydər Əliyev?

Azərbaycanın bir qrup ziyalısının Heydər Əliyevə müraciət etməsi səbəbsiz deyildi. O, sovet hakimiyyəti illərində Azərbaycanı ön yerlərə çıxarmış, ittifaq və dünya miqyasında tanıtmış, dünyanın quru ərazisinin altıda birini tutan SSRİ-ni idarə edən rəhbərlərindən biri olmuşdu. Heydər Əliyevin hakimiyyəti illərində Ermənistan Azərbaycana qarşı iddialar irəli sürə və torpaq qopara bilməmişdi. Vəzifələrindən ayrıldıqdan sonra ən çətin anlarda, o cümlədən 1990-cı il yanvar hadisələrində cəsarətlə xalqının yanında olmuş, SSRİ-nin və Kommunist Partiyasının mövcud olmasına baxmayaraq, Naxçıvanda ağsaqqal deputat və parlamentin sədri olarkən tarixi qərarlar qəbul edilmiş, Naxçıvan MSSR-in adından “Sovet Sosialist” ifadələri çıxarılmış, “Ali Sovet” “Ali Məclis” adlandırılmış, Cümhuriyyətin bayrağı ilk dəfə olaraq rəsmi dövlət bayrağı olaraq qəbul edilmiş, Naxçıvan Muxtar Respublikası Ermənistanın hərbi təcavüzündən qorunmuşdu. Xalqın qəti inamına görə, ölkəni düşmüş olduğu ağır vəziyyətdən yalnız Heydər Əliyevin zəkası, cəsarəti və qətiyyəti çıxara bilərdi. Ziyalıların Heydər Əliyevə müraciət ünvanlamaları tarixi zərurətdən və ölkənin gələcəyinə məsuliyyət hissindən irəli gəlirdi. Müxalifət qüvvəsi kimi yaranan Yeni Azərbaycan Partiyası məhz Heydər Əliyevin şəxsiyyəti və zəkası sayəsində tez bir zamanda mövqelərini möhkəmləndirdi. Kəlbəcərin işğalından sonra ölkə çıxılmaz vəziyyətə düşdükdə, Gəncədə qiyam baş verdikdə hakimiyyət xalqın istəyi ilə Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etməyə məcbur oldu.

Hakim partiya

Dünya ölkələrinin siyasi tarixində seçki yolu ilə hakimiyyətə gəlməyin müxtəlif təcrübələri mövcuddur. Ya partiya üzvləri liderini hakimiyyətə gətirir, ya da lider zəkası, bacarığı, qətiyyəti, yenilməzliyi, təkcə partiya üzvləri tərəfindən deyil, xalqın böyük əksəriyyəti tərəfindən qəbul edilməsi, sevilməsi və etimadı nəticəsində partiyasını hakimiyyətə gətirir. Azərbaycanda ikinci təcrübə oldu. 1993-cü ilin iyununda parlamentin sədri, oktyabr ayında prezident seçiləndə xalq, ilk növbədə, Heydər Əliyev şəxsiyyətinə səs verdi. YAP-ın hakim partiya olması ilə Azərbaycan dövlətçilik tarixində yeni mərhələ başlandı.

Ölkənin problemləri və həlli yolları

Prezidentin nitqində ölkənin problemləri və onlardan çıxış yolları da dərindən təhlil edildi. Başlıca problem dağılmaqda olan dövləti xilas etmək, Ermənistanın hərbi təcavüzünü dayandırmaq, ölkənin inkişafının açarını tapmaq, islahatlar aparmaq, xalqın həyat şəraitini yaxşılaşdırmaq, güclü ordu yaratmaq, torpaqları işğaldan azad etmək üçün hazırlaşmaq və s. idi. Ulu öndər Heydər Əliyev, ilk növbədə, Ermənistanla atəşkəsə getdi, “Əsrin müqaviləsi”nin imzalanması ilə xarici sərmayələri ölkəyə cəlb etdi, sui-qəsdlər, çevriliş və dövlət əleyhinə qiyam yolu ilə hakimiyyətə gəlməyin qarşısını kəsdi, bütün sahələrdə dərin islahatlara başladı, Konstitusiya qəbul edildi. Dövlətin xarici siyasəti milli maraqlara uyğun olaraq yenidən quruldu. Güclü ordu qurulmasına start verildi. Dövlət başçımızın dediyi kimi, 1993-2003-cü illərdə dövlətçiliyin çox möhkəm əsasları qoyuldu.

Heydər Əliyev siyasətinin davam etdirilməsi başlıca məqsədə nail olmaqda, qələbənin qazanılmasında və dirçəliş işlərində mühüm vasitə kimi və ya İlham Əliyevin şəxsiyyəti amili

Prezidentin nitqində 2003-cü ildən sonra keçilən yol da prinsipial olaraq təhlil edildi. 2003-cü ildə Azərbaycan xalqı İlham Əliyevi özünə rəhbər seçdi. Belə bir seçim səbəbsiz deyildi. O vaxta qədər İlham Əliyev ARDNŞ-nin vitse-prezidenti, birinci-vitse-prezidenti, Milli Məclisin deputatı kimi dünyada geniş tanınmışdı. Neft müqavilələrinin imzalanmasında müstəsna xidmətləri olmuşdu. Xalq İlham Əliyevə inanırdı, xaos və anarxiya günlərinə bir də geri qayıtmaq istəmirdi. Azərbaycanla əməkdaşlıq edən xarici ölkələr də Heydər Əliyev siyasətinin davam etdirilməsini istəyirdilər.

2003-cü ildən sonra Prezident İlham Əliyev ölkənin müasirləşdirilməsini, inkişafını, güclü dövlət qurulmasını və torpaqların işğaldan azad edilməsini başlıca vəzifə olaraq elan etdi. Bütün digər hər şey bu vəzifənin yerinə yetirilməsinə tabe etdirildi: ölkə iqtisadiyyatı inkişaf etdirildi, neft-qaz, nəqliyyat-kommunikasiya layihələri həyata keçirildi, hərbi-sənaye kompleksi yaradıldı, müasir ordu quruculuğu genişləndirildi, Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, Kosmik klubun üzvü oldu, “yumşaq güc” siyasətindən, mədəniyyət diplomatiyasından ustalıqla istifadə edildi, Bakıda Birinci Avropa, IV İslam Həmrəyliyi oyunları keçirildi, Azərbaycan Respublikası Qoşulmama Hərəkatının üzvü və sədri oldu. İlham Əliyev ərazisi və əhalisi bir sıra ölkələrdən kiçik və az olmasına baxmayaraq, Azərbaycanı birləşdirici güc dövlətinə çevirdi.

Əgər Ulu Öndər Heydər Əliyev Azərbaycanı dağılmaqdan xilas etmişdisə, Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi, millətin üstündəki ləkə silindi. Dünya erməniliyi yaranışından bəri ilk dəfə ağır zərbə aldı.

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasını qalib edərək bir daha sübut etdi ki, millətin tərəqqisində və qarşıya qoyduğu məqsədlərə çatmasında şəxsiyyət amili başlıca rol oynayır. Dövlət rəhbərimiz uğurlu xarici siyasət strategiyasını müəyyənləşdirərək və həyata keçirərək ölkəmizə dostlar qazandırdı.

İşğaldan azad edilmiş ərazilərdə ölkəmizin təkbaşına gördüyü dirçəliş işləri təkcə dövlətimizin gücünü deyil, eyni zamanda, gözəl perspektivlərin olduğunu göstərir.

Bu gün Prezident İlham Əliyevin liderliyində YAP təkcə üzvlərinin deyil, mahiyyətinə görə Azərbaycanı sevən və onun üçün çalışan insanların da partiyasıdır.