Ötən gün Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonuna Vahid Hacıyevin xüsusi nümayəndə təyin olunması ilə bağlı keçirdiyi videoformatdakı qəbulda bildirib ki, biz unutmamalıyıq ki, Zəngilan rayonu işğaldan azad edilmiş digər rayonlar kimi böyük dağıntılara məruz qalıb, daşı daş üstündə saxlamayan erməni quldurları rayonun hər tərəfini talan edib: « Faktiki olaraq, Zəngilan rayonunda cəmi 1-2 normal şəraiti olan bina qalmışdı ki, onlardan da Ermənistan hərbçiləri istifadə edirdi. Prezident İlham Əliyev ötəngünkü çıxışı zamanı Zəngilan rayonunun önəmini xüsusi vurğuladı, həmçinin keçmiş məcburi köçkünlərin qayıdacağı ilk ərazinin Zəngilan rayonunun Ağalı kəndi olduğunu bildirdi. Ağalı kəndi, çox ehtimal ki, yaxın aylarda məskunlaşma üçün hazır vəziyyətə gətiriləcək. Keçmiş məcburi köçkünlər ilkin olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ümumi ərazisi üzrə məhz Ağalı kəndinə köçürüləcəklər. Ona görə də Zəngilan rayonunun önəmi böyükdür».
Bəli, məhz bu gün Qarabağda və Şərqi Zəngzurda aparılan quruculuq işlərinin məqsədi keçmiş məcburi köçkünlərin Böyük Qayıdışını təmin etməkdir. Xüsüilə Zəngilan rayonunda böyük infrastruktur layihələrinin icrasına başlanılıb. Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturu da məhz həmin rayonunun ərazisindən keçir. Həmçinin, Zəngilanda beynəlxalq hava limanının da tikilib istismara verilməsi planlaşdırılıb. Rayonunun ərazisi beynəlxalq əhəmiyyətinə görə böyük maraq kəsb edir, ərazidən keçən həm dəmir yolu, həm də avtomobil yolu nəinki Azərbaycanı əsas hissəsi olan Naxçıvanla birləşdirəcək, eyni zamanda beynəlxalq yükdaşımalar üçün də yeni imkanlar yaradacaq.
Həmçinin Zəngilan-Füzuli-Qubadlı kimi çoxsaylı istiqamətlərdə ən müasir standartlara cavab verən avtomobil yolları inşa olunur. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməlinin qoyulması, Laçın rayonunda Güləbird Su Elektrik Stansiyasının açılışı, Zəngilan rayonunda «ağıllı kənd» layihəsinə start verilməsi göstərir ki, Prezidentimizin əzmi və qətiyyəti, uzaqgörən siyasəti sayəsində ərazilərimiz tez bir zamanda bərpa olunacaq, insanlar öz ata-baba yurdlarına qayıdacaqlar. Qarabağda həyata keçirilən genismiqyaslı yenidənqurma, bərpa-quruculuq işləri dünyanın maraq dairəsindədir. Belə çətin və mürəkəb bir zamanda Azərbaycanın təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınması və nüfuz qazanması işğaldan azad edilmiş ərazilərimizdə müasir standartlara cavab verən genişmiqyaslı bərpa işləri çərçivəsində həyata keçiriləcək layihələrdə də özünü büruzə verir. Müharibədən yenicə çıxmış bir ölkənin tikinti-bərpa işlərini sürətlə həyata keçirməsi ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir. Tarixi sahibinə qayıdan torpaqlarımızda yeni həyat başlayır. Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi qüdrətli Azərbaycan beynəlxalq əməkdaşlığın inkişafında, dünya miqyasında təhlükəsizliyin təmin olunmasında çox əhəmiyyətli rol oynayır.
Elnur Əmiraslanov,
YAP Hacıqabul rayon təşkilatının sədri