"Proseslər Azərbaycan Prezidentinin dövlətçilik strategiyasına uyğun həyata keçirilir"

"Milyonlarla insan, üçtərəfli görüşdə cənab Prezidentin soyuqqanlı, təmkinli və sərrast şəkildə Azərbaycanın mövqeyini ifadə etdiyinin şahidi oldu".

Bu sözləri Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev deyib.

Deputat xatırladıb ki, noyabrın 26-da Soçi şəhərində, Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib:

"Dövlət başçıları görüşün yekunları ilə bağlı bəyanatla çıxış ediblər. Bəyanatda bir daha 10 noyabr və 11 yanvar razılaşmalarının bütün bəndlərinin icra olunmasının, ardıcıllıqla yerinə yetirilməsinin, sərhədlərin delimitasiya və demarkasiya işlərinə başlanılması üçün birgə komissiyanın yaradılması, nəqliyyat-loqistika şəbəkəsinin açılması, regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə tezliklə konkret layihələrə başlanılmasının vacibliyi vurğulanıb.

Bəyanatda səsləndirilən fikirlər Azərbaycanın dövlət maraqlarına uyğundur və Prezident İlham Əliyevin diplomatik müstəvidə apardığı siyasətin növbəti qələbəsidir. Milyonlarla insan üçtərəfli görüşdə cənab Prezidentin soyuqqanlı, təmkinli və sərrast şəkildə Azərbaycanın mövqeyini ifadə etdiyinin şahidi oldu.

Eyni zamanda, yüksək alicənablıqla, "Biz uzun illər davam edən qarşıdurmalara son qoymağa, ümumiyyətlə düşmənçilik səhifəsini çevirməyə hazırıq" bəyanatını səsləndirməklə Ermənistana sülh çağırışı etdi. Hesab edirəm ki, erməni xalqı bu tarixi şansdan düzgün istifadə edərsə, regiona sülh gələr. Əks halda, gərginlik daha da arta, nəticə isə ermənilər üçün daha acınacaqlı ola bilər.

Prezident Putinin çıxışında qeyd etdi ki, Azərbaycan və Ermənistan qarşılıqlı olaraq bir-birinin suveren ərazilərini tanımalı, sülh müqaviləsinin bağlanması, kommunikasiyaların açılmasına, iqtisadi layihələrin icrasına başlanılmalıdır. Bu baxımdan, Rusiya ilə Azərbaycanın münaqişənin həllinə yönəlik baxışları tam olaraq üst-üstə düşür. Hiss olunur ki, şimal qonşumuz Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verir və münasibətlərin daha da dərinləşməsində olduqca maraqlıdır. Eyni zamanda, hiss olunur ki, Rusiya münaqişənin həllində hansısa üçüncü tərəfin daha yaxından iştirakına imkan verməyəcək. Düşünürəm ki, biz gələcəkdə bu amili nəzərə almalıyıq".

Deputat vurğulayıb ki, Paşinyanın olduqca gərgin və narahat olduğu da nəzərdən qaçmayıb:

"Düzdür, o, sərhəd məsələlərinin, kommunikasiyaların açılmasının vacibliyini qeyd etdi, lakin hiss olunurdu ki, Nikol hələ də "iki stulda oturmağa" davam edir, fikirlərində qeyri-səmimidir, üçtərəfli görüşdə açıq şəkildə düşündüklərini dilə gətirməkdə çətinlik çəkir. Onun fikirləri qəlbən Qərbin ermənipərəst qüvvələrinin yanındadır, onlara ümid bağlayır. O, dekabr ayında Avropa Birliyinin moderatorluğu ilə Brüsseldə keçiriləcək görüşdə Azərbaycana qarşı təzyiq olunacağını, Minsk qrupunun status məsələlərinin bərpa olunacağını düşünür.

Başa düşmür ki, indiki halda münasibətləri tənzimləmək üçün Avropa Birliyinin yox, Rusiyanın əlində real imkanlar var. Ermənistan, bir dövlət olaraq, nə Avropa Birliyi, nə də digər iri dövlətlər üçün hansısa maraq kəsb etmir. Özünün də qeyd etdiyi kimi, "dünya artıq ermənilərdən bezib".

Bir məsələni də vurğulamaq istərdim ki, Ermənistanın daxilində ictimai-siyasi gərginlik pik səviyyədədir. Cəmiyyətdə ciddi parçalanmalar, dövlət idarəetmə sistemində siyasi böhran davam edir. Paşinyan sistemli şəkildə ziddiyətli bəyanatları, tez-tez dəyişən fikirləri ilə cəmiyyəti çaşdırır. Rəhbərlik etdiyi komandanın daxilində belə, yekdillik yoxdur. Ciddi təzyiqlər altındadır. Qərar qəbul etməkdə çətinlik çəkir. Ümumiyyətlə, üçtərəfli Soçi görüşünü müsbət qiymətləndirməklə, hesab edirəm ki, proseslər Azərbaycan Prezidenti İlham Əliyevin dövlətçilik strategiyasına uyğun həyata keçirilir".