2024-cü il sentyabrın 1-də keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 42 saylı Sumqayıt birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Hicran Hüseynovanın Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin zalında 4-cü mikrorayon və 45-ci məhəllə seçiciləri ilə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Giriş sözü ilə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının ideoloji işlər üzrə məsləhətçisi Elvin Əlizadə Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını vurğulayıb. Elvin Əlizadə partiyanın keçmişdəki tarixi qələbələrindən bəhs edərək, bu dəfə də qalib gələcəyinə inamını ifadə edib.
Deputatlığa namizəd Hicran Hüseynova çıxışında YAP-ın seçki platformasını geniş şəkildə təqdim edib. O, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi nailiyyətlərdən danışaraq ölkənin ərazi bütövlüyünün bərpa edildiyini və milli gücünün artırıldığını qeyd edib.
Namizəd seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Görüşdə təşviqat qrupunun üzvləri Sevindik Hüseynov, Mirzəağa Rəşidov, Sahib Şamilov və digərləri YAP-ın ölkəmizə qazandırdığı nailiyyətlərdən danışaraq seçiciləri partiyanın namizədinə dəstək verməyə çağırıblar. Onlar YAP-ın xalqın mənafeyini qoruyan və güclü dövlət quruculuğu yolunda çalışan bir siyasi qüvvə olduğunu vurğulayıblar.
Seçicilər də çıxışlarında YAP-ın namizədinə səs verəcəklərini bəyan edib, partiyanın xalq üçün etdiklərini yüksək qiymətləndiriblər.
Görüşdən sonra Hicran Hüseynova, İkinci Qarabağ müharibəsinin şəhidi Yusifov Hüseyn İsaq oğlunun ailələsini ziyarət edib.