Qarabağ Universiteti Xankəndiyə qayıdış prosesini sürətləndirəcək

Uzun müddət erməni separatizminin körükləndiyi, cinayət planlarının hazırlandığı və terrorçu yuvası kimi fəaliyyət göstərən Xankəndi şəhərinin 30 ildən sonra Azərbaycanın nəzarətinə qayıtması tarixi hadisə idi. İşğal olunmuş digər rayonlara nisbətən Xankəndidə yaşayış binaları, iaşə obyektləri dağıdılmamışdı, şəhər xarabalığa çevrilməmişdi. Amma heç bir dövlət bura nəzarət etmirdi. Erməni terrorçuları burada tam sərbəst hərəkət edirdi. Onlar törətdikləri əmələ görə hansısa qurumun qarşısında cavab vermirdilər. Bu mənada Xankəndinin Azərbaycanın hüquqi nəzarəti altına keçməsi beynəlxalq əhəmiyyətli hadisə idi. Bu şəhərin dağıdılmaması, yaşayışın olması keçmiş köçkünlərimizin öz evlərinə qayıdış prosesinə müsbət təsir göstərir.

Onu da vurğulamaq lazımdır ki, məcburi köçkünlərin qayıdışı və Qarabağda yaşayışın bərpası üçün hökumət iki mərhələli dövlət proqramını həyata keçirir. "İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış" üzrə birinci proqram iki əvvəl başlayıb və 2026-ci ilədək davam edəcək. Bu proqram Azərbaycanın 2030-cu ilədək beş milli prioritetindən biridir. Proqrama bu bölgələrdə dövlət və özəl sektorda iş yerlərinin açılması da daxildir.

Bu il həm Xankəndi və Qarabağın digər bölgələrinə də ilk köçün başlanması nəzərdə tutulur. Güman edirəm ki, Xankəndiyə köç daha sürətli və daha asan başa gələcək. Ötən ilin sonu Prezident İlham Əliyevin sərəncamı ilə Xankəndidə Qarabağ Universiteti yaradılıb. 2024-2025-ci tədris ilində işə başlayacaq Qarabağ Universitetində ilkin mərhələdə təxminən 1000 tələbənin oxuması planlaşdırılır. Qarşıdakı beş ildə bu rəqəmin 5000-ə çatacağı gözlənilir. İlk təhsil ilində universitetdə yalnız bakalavr, növbəti illərdə isə magistr və aspirantura təhsilinin tədrisi nəzərdə tutulub. Qarabağ Universitetində pedaqoji, mühəndislik, iqtisadiyyat, incəsənət, humanitar və sosial sahələrdə fakültələri olacağı planlaşdırılır. Burada ibtidai sinif, riyaziyyat və başqa fənnlər üzrə müəllimlik ixtisasına yiyələnmək, iqtisadiyyat, mühasibat uçotu, maliyyə, hüquqşünaslıq, komputer mühəndisliyi üzrə təhsil almaq mümkün olacaq. Universitetdə 70 nəfərlik professor-müəllim heyətinin işləyəcəyi planlaşdırılır. Universitetin professor-müəllim heyəti dövlət tərəfindən yataqxana və ya mənzillə təmin olunacaq.

Ümumiyyətlə, Xankəndidə Qarabağ Universitetinin açılması gözəl təşəbbüs idi və bu, Böyük Qayıdış prosesinə müsbət təsir göstərəcək. 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulmuş bu təhsil ocağı 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib. Ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırıb. 2023-cü ildə Xankəndi azad ediləndən az sonra Prezident burada Qarabağ Universitetinin yaradılması barədə sərəncam verdi. Bu, tarixi və strateji əhəmiyyət kəsb edirdi. Sentyabrın 15-də Xankəndi Qarabağ Universiteti fəaliyyətə başlayacaq ki, bu da Azərbaycan təhsil tarixinin ən parlaq səhifələrindən biri kimi yadda qalacaq. Qarabağ Universitetinin yaradılması işğaldan azad olunmuş ərazilərimizin yenidən bərpası istiqamətində aparılan uğurlu siyasətin çox önəmli addımlarından biridir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Sentyabr ayından artıq Xankəndiyə də köç başlayır. Birinci köçən tələbələr və onların müəllimləri olacaqlar”. Tələbələr və müəllimlər Qarabağ Universiteti ailəsinin üzvü kimi Xankəndi şəhərinə ilk köç etmənin qürurunu yaşayacaqlar. Tələbələrimiz gələcəkdə böyük fəxrlə “Mən Qarabağ Universitetinin ilk tələbəsiyəm” sözünü deyəcəklər.

Qarabağ Universitetinin fəaliyyətə başlaması Böyük Qayıdış çərçivəsində doğma yurd yerlərimizin yenidən qurulması, dayanıqlı inkişafı və həmin ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsi prosesinin çox vacib elementidir. Qarabağ Universiteti Azərbaycan təhsilinin və elminin inkişafında müsbət nəticələrə səbəb olacaq.

Qarabağ Universiteti Xankəndidə yeni iş yerlərinin açılması, yeni-yeni ailələrin bura köç etməsi, yaşaması deməkdir. Xankəndi gənclər, tələbələr şəhəri olacaq. Sentyabrın 15-dən sonra burada qaynar, aktiv həyat hpkm serəcək. Bu şəhərin təbiəti, relyefi, ab-havası gənclərimizdə xoş ovqat yaradacaq və təhsil sahəsində inkişaf üçün stimul verəcəkdir.

Əminliklə bildirmək olar ki, Qarabağ Universiteti Azərbaycanın və regionun ən nüfuzlu təhsil ocaqlarından biri olacaq və yaxın gələcəkdə xarici ölkə vətəndaşları da oxumaq üçün bura üz tutacaqlar.

FUAD HÜSEYNZADƏ


Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yeni Həyat-İqtisadi İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Böyük Qayıdışa dair təşəbbüslər” layihə çərçivəsində çap olunur.