Qarabağda həyat yenidən canlanır – Böyük Qayıdış

44 günlük Vətən Müharibəsində əldə etdiyimiz tarixin Zəfərdən sonra keçmiş məcburi köçkünlərimiz mərhələ-mərhələ doğma yurdlarına qayıdırlar. 2022-ci il iyulun 19-da Zəngilanın Ağalı kəndinə keçmiş məcburi köçkünlərin qaytarılması ilə start verilən Böyük Qayıdış çərçivəsində yurda dönüş, demək olar ki, hər həftə davam etdirilir.

Bu il may ayının 9-da Şuşa şəhərinə və Laçın rayonunun Sus kəndinə köç karvanları yola salınıb. Həmin gün Şuşa şəhərinə 20 ailə - 88 nəfər, Laçın rayonunun Sus kəndinə isə 20 ailə, 75 nəfər köçürülüb. Hazırda Şuşa şəhərində 105 ailənin, yəni 406 nəfərin, Sus kəndində isə 59 ailənin, yəni 215 nəfərin daimi məskunlaşması təmin edilib.

May Müstəqillik Günündə Böyük Qayıdış salnaməsinə Xocalı səhifəsi də əlavə olunub. Həmin gün yaraları ürəkləri göynədən və səkkiz ay ərzində yenidən qurulan bu şəhərə 20 ailə qayıdıb. Mayın 29-da isə Xocalı şəhərinə daha 24 ailə, başqa sözlə, 88 nəfər köçürülüb. Bununla da Xocalı şəhərinə 44 ailə, yəni 169 nəfər daimi məskunlaşıb. Şübhəsiz, bütün bunlar bir-biri ilə vəhdət təşkil edən tarixi hadisələrdir. Yeri gəlmişkən qeyd edək ki, ötən ay Laçın şəhərinə də ailələr köçürülüb. İndi bu şəhərdə 513 ailə, yəni 1906 nəfər öz xoşbəxt günlərini yaşayır.
Qarabağa və Şərqi Zəngəzura səfər etməyi ənənəyə çevirən Prezident İlham Əliyev mayın 28-də Xocalıda bu şəhərə köçən ilk sakinlərlə görüşü zamanı daha bir müjdə də verib. Bildirib ki, sentyabr ayından artıq Xankəndiyə də köç başlayacaq. Xankəndidə Qarabağ Universitetinin sentyabr ayından fəaliyyətə başlayacağını vurğulayan dövlətimizin başçısı bildirib ki, birinci köçən tələbələr və onların müəllimləri olacaqlar. Şübhəsiz, yaxın illərdə məcburi köçkünlərin Ağdama, Kəlbəcərə, Cəbrayıla, Qubadlıya və digər yaşayış məntəqələrimizə də qayıdacaqları xəbərlərini eşidəcəyik. Dövlətimizin 4-5 il əvvəl həyat nişanəsi olmayan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirdiyi genişmiqyaslı abadlıq və quruculuq işləri o günlərin də çox uzaqda olmadığının müjdəsini verir. Ümumilikdə isə 20 min keçmiş məcburi köçkünün bu ilin sonuna kimi doğma yurdlarına köçürüləcəyi proqnozlaşdırılıb. Şübhəsiz, bütün bunların yerinə yetirilməsi real görünən məsələlərdir. Dövlətimizin başçısının təkcə ötən ayda bir sıra açılışlarla yanaşı, Şuşa şəhərinin Turşsu qəsəbəsinin, Ağdamın Şoltanlı, Nəmərli, Güllücə, Tağıbəyli kəndlərinin, Zəngilanın Mincivan qəsəbəsinin, eləcə də Cəbrayılın Maşanlı, Sarıcalı, Karxulu, Böyük Mərcanlı kəndlərinin təməllərini qoyması belə deməyə əsas verir.

Prezident İlham Əliyev hələ 2024-cü il fevralın 14-də keçirilən andiçmə mərasimində bildirmişdi ki, keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qaytarılması prosesi uğurla gedir və bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlər qayıdacaq: "Bizim planımız azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir. Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib”.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramına əsasən keçmiş məcburu köçkünlərin öz yurdlarına qovuşmaları tarixi hadisədir. Bu hər şeydən öncə vətəndaşın sosial-itqisadi, mədəni həyatına təsir göstərən qürurverici bir haldır. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzurun dirçəlməsinə, inkişafına, təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Böyük Qayıdış nəticə etibarı ilə Azərbaycanın, onun dövlərçiliyinin dirçəlməsi deməkdir. Bu həm də Ali Baş Komandan İlham Əliyev cənablarının xalqımız qarşısında üzərinə götürdüyü öhdəliklərə sadiqliyinin göstəricisidir.

Bu gün Azərbaycan işğaldan əziyyət çəkən və məcburi köçkün düşmüş insanlarla iş nümunəsi ortaya qoyur. Sabitlik və iqtisadi tərəqqi mühitində aparılan bu işlər dövlət siyasətinin mərkəzində insan faktorunun dayandığının təsdiqidir. Biz dünyaya müasir dirçəliş modelini təqdim edirik. Tarixi Zəfərimizdən dərhal sonra başlanan genişmiqyaslı bərpa-quruculuq işləri soydaşlarımızın mərhələli şəkildə öz doğma yurd-yuvalarına qayıdışı ilə müşayiət olunur. 30 ilə yaxın işğalda qalmış böyük bir ərazidə həyat yenidən canlanır. Qürur və iftixarla deyirik ki, müqəddəs Qarabağ və Şərqi Zəngəzur torpaqlarına Günəş yenidən doğur. 

FUAD HÜSEYNZADƏ


Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yeni Həyat-İqtisadi İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Böyük Qayıdışa dair təşəbbüslər” layihə çərçivəsində çap olunur.