Qardaşı tərəfindən öldürülən qadının meyitinin ekspertiza nəticəsi bəlli oldu

Prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhərində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, cari il martın 14-də 1952-ci il təvəllüdlü Şirvan şəhər sakini Bəhruzə Rəsulovanın naməlum şəkildə ölməsi, hər hansı aidiyyəti təşkilatlara məlumat verilmədən meyitin dəfn edilməsi ilə bağlı Şirvan şəhər Prokurorluğuna müraciət daxil olub. Prokurorluq və polis əməkdaşları hadisə yerinə baxış keçirib, zəruri cinayət-prosessual hərəkətlər icra etməklə yanaşı, meyiti qəbirdən çıxararaq (ekshumasiya) məhkəmə-tibb ekspertinə təqdim ediblər.

Meyitin məhkəmə-tibb müayinəsi zamanı ölümə səbəb olan, sağlamlığa ağır zərər vurmaya aid qalxanvari vəz ətraflarındakı yumşaq toxumalarda geniş ölçüdə qansızma və dilaltı sümüyün sınığı xəsarətləri aşkar edilib.

Faktla bağlı Şirvan şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, 1968-ci il təvəllüdlü Alim Rəsulov martın 14-də, saat 7 radələrində yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı bacısı Bəhruzəni əllə boğaz nahiyəsindən vuraraq öldürüb.

Məhkəmə-tibb ekspertizası zamanı Alim Rəsulovun sağ əlinin üst və sağ ön boyun nahiyələrində sıyrıq xəsarətlərinin olduğu müəyyən edilib.

Alim Rəsulov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.