Qardaşlığın təntənəsi

Dövlət olaraq qardaşlaşma amal eyniliyidi, dünyəvi dəyərlərə yaxın, doğma, bəzən eyni münasibətlərdi. Bəşəriyyət belə qardaşlaşmaları alqışlayır. Bu alqışlama haqqın, ədalətin təntənəsi kimi izlənilir, eşidilir.

Vətən müharibəsi başlayanda Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar birmənalı şəkildə bildirdi ki, Azərbaycan tək deyil. Hadisələrə həssas, doğma münasibət göstərərən Pakistanın da dövlət mövqeyi məhz bu fikri ifadə edirdi.

Vətən müharibəsi Zəfərlə başa çatdı. Türkiyə də, Pakistan da Azərbaycanın bu qələbəsini haqqın, ədalətin qələbəsi bildi, müəyyən mənalı, öz qələbəsi bildi. Bu, qardaşlığın mənəvi sarsılmazlığının ifadəsiydi.

Bu günlərdə Laçın rayonunda Türkiyə ilə Azərbaycan arasında birgə təlim keçirildi, hər iki dövlətin xüsusi təyinatlıları qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirdi. “TurAz Şahini – 2021” təlimləri də davam etməkdədir. Bu təlimlərin mahiyyətini Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə “Üç qardaş - 2021” beynəlxalq təlimi tamamlayır.

Bu bayraqların hər biri dünyəvilik, bəşərilik rəmzidir. Bu bayraqların üçü bir amal uğrunda yan-yanaşı dalğalanması dünyəviliyin, bəşəriliyin dönməzliyinin təcəssümüdür, “Türkiyə, Pakistan və Azərbaycan!” səsləşməsinin ecazkarlığıdır.

"Üç qardaş - 2021" beynəlxalq təlimi ordular arasında mövcud olan ikitərəfli əlaqələrin daha da gücləndirilməsinə xidmət edəcək, eyni zamanda, terrorla mübarizə üçün yeni üsulların kəşf edilməsinə və qarşılıqlı təcrübə mübadiləsi yolu ilə bacarıqlarımızı inkişaf etdirməyə imkan yaradacaqdır.

Təlimlər hər üç dövlətin ordusunun döyüş hazırlığının daha da möhkəmləndirilməsində əhəmiyyətli olacaq. əl əldən (əllərdən) yapışanda daha güclü olur, yumruq yumruqla (yumruqlarla) qoşalaşanda, biri digərinə arxa, dayaq olanda daha qüdrətli olur.

Səbinə Xasayeva

Milli Məclisin deputatı