Yaddaşlara əbədi həkk olunan tarixi şəxsiyyət

"Azərbaycan Respublikasının dövlətçilik tarixində elə mühüm günlər vardır ki, həmin tarixlər ölkənin strateji inkişaf trayektoriyasının müəyyənləşdirilməsində və dövlətçilik ənənələrinin formalaşmasında əvəzsiz rol oynamışdır. 1969-cu il iyulun 14-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi məhz bu qəbildən olan dönüş nöqtələrindən biridir".

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Mahir Süleymanlı bildirib.

Qeyd edib ki, bu mühüm hadisə ilə Azərbaycan xalqının milli özünüdərk prosesi yeni mərhələyə qədəm qoymuş, dövlətçilik təfəkkürü güclənmiş, gələcək müstəqilliyin ideoloji, intellektual və institusional təməlləri qoyulmuşdur: "Ulu Öndər Heydər Əliyev milli maraqları hər zaman ali dəyər kimi qəbul edən uzaqgörən və prinsipial siyasi lider olaraq, Azərbaycanı Sovet imperiyasının ideoloji çərçivəsindən çıxarıb müstəqil inkişaf yoluna istiqamətləndirmişdir.

Milli-mədəni dəyərlərin qorunması və təşviqi, Azərbaycan dilinin hüquqi statusunun möhkəmləndirilməsi, milli kadrların hazırlanması, təhsil və elm sahəsində müasir yanaşmalar inkişafın əsas istiqamətlərini təşkil edirdi.

1978-ci ildə qəbul olunmuş Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması milli kimliyin qorunması və gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı.

Eyni zamanda, Ulu Öndərin təşəbbüsü ilə yüzlərlə sənaye müəssisəsi yaradılmış, kənd təsərrüfatı və infrastruktur sahələrində strateji layihələr həyata keçirilmişdir.

Bu nailiyyətlər təkcə statistik göstəricilərlə deyil, əhalinin həyat səviyyəsində, sosial rifahında və gələcəyə olan inamında da öz əksini tapmışdır.”

Mahir Süleymanlı bildirib ki, Heydər Əliyev, eyni zamanda, milli təhlükəsizliyin və müdafiənin əsas sütunlarını da formalaşdırmışdır.

Gənclərin xaricdə təhsil almasına göstərilən diqqət, Cəmşid Naxçıvanski adına Hərbi məktəbin yaradılması, gələcək müstəqilliyimizin təminatçısı olan intellektual və hərbi potensialın əsasını qoymuşdur.

Deputat vurğulayıb ki, Heydər Əliyev yalnız siyasi lider deyil, həm də müasir müstəqil Azərbaycan dövlətinin memarı, milli ideologiyanın banisi və Azərbaycançılıq məfkurəsinin təməlini qoyan tarixi şəxsiyyət kimi yaddaşlara əbədi həkk olunmuşdur.

Onun “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir və sarsılmazdır” fikri bu gün də milli ideoloji xəttin əsas dayaqlarından biri kimi qəbul edilir.

Deputat əlavə edib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli rəhbərliyi ilə ardıcıl və uğurla davam etdirilir.

Onun rəhbərliyi altında Azərbaycan Respublikası siyasi, iqtisadi, hərbi və diplomatik sahələrdə mühüm nailiyyətlər əldə etmiş, dövlət müstəqilliyinin möhkəmləndirilməsi və ərazi bütövlüyünün bərpası istiqamətində tarixi əhəmiyyətli nəticələrə imza atmışdır.