“Azərbaycanın Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə ev sahibliyi yeni reallıqlar fonunda artan nüfuzunu bir daha təsdiqlədi. Bu fikir xüsusi qeyd edilir ki, Qoşulmama Hərəkatı Azərbaycanın bu Hərəkata üzv qəbul edilməsindən, ən əsası 4 illik sədrliyi dövründə özünün inkişaf mərhələsini, dünya siyasətində fəal dövrünü yaşayır. Daim ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycanın irəli sürdüyü təşəbbüslərin Hərəkata üzv dövlətlər tərəfindən dəstəklənməsi və səylərin birləşdirilməsi əsasında uğurla həyata keçirilməsi bugünkü reallıqlarda özünün aydın ifadəsini tapır. Azərbaycanın sədrliyinin COVID-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, dünya dövlətlərinin əksəriyyətinin özünə qapandığı zamanda ölkəmiz yenə də qlobal liderlik rolunu üzərinə götürdü. Qlobal problemlərin həllində səylərin birləşdirilməsinin vacibliyini önə çəkən dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin mayında beynəlxalq həmrəyliyin və əməkdaşlığın inkişafına xidmət edən Qoşulmama Hərəkatının Zirvə görüşü keçirildi. Həmin ilin dekabrında isə BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən Xüsusi Sessiyası təşkil olundu. Bu sessiyanın təşəbbüskarı dövlət başçısı İlham Əliyev oldu. Bu mühüm məqamı da qeyd etməliyik ki, Azərbaycan “peyvənd millətçiliyi”nə qarşı etirazını bildirdi. Ölkəmizin təşəbbüsü ilə həm BMT Baş Assambleyasında, həm də BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölüşdürülməsinə dair qətnamələr qəbul edildi. Zirvə görüşündə çıxış edən dövlət başçısı İlham Əliyev bir daha bu reallığı diqqətə çatdırdı ki, Qoşulmama Hərəkatı son bir neçə ildə beynəlxalq münasibətlərdə mühüm aktorlardan biri olub. Qoşulmama Hərəkatının sədri olaraq məqsədimiz ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir.” Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.
Millət vəkili diqqəti Azərbaycanın Qoşulmama Hərəkatının institusional inkişafına güclü dəstəyinə yönəldərək qeyd edib ki, ölkəmiz Hərəkatın Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış etdi. Şəbəkənin ilk iclası 2022-ci ilin iyun ayında Bakıda keçirildi. Ölkələr arasında əlaqələrin inkişafında parlamentlərin rolu daim yüksək dəyərləndirilir. Həmçinin həmin ilin iyulunda Şuşa razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradıldı. Cənab İlham Əliyev çıxışında bu hədəfi açıqladı ki, məqsədimiz institusional davamlılıq yaratmaq və Azərbaycandan sonra sədrliyi təhvil alacaq üzvlərə uğurlu miras qoymaqdır.
Əliabbas Salahzadə dövlət başçısı İlham Əliyevin Zirvə görüşündəki çıxışının nəinki ölkə daxilində, beynəlxalq aləmdə böyük rəğbətlə qarşılandığını, hər bir çağırışının, təklifinin gələcəkdə dünyanın yeni formalaşdırılan siyasətində öz uğurlu nəticələrini verəcəyinə böyük əminlik ifadə edildiyini bildirib: “Artıq yeni reallıqları yaşayırıq. Bu reallıqlar əsasında yeni dünya düzəninin formalaşdırılması əsas çağırışlar sırasındadır. Dövlət baçısı İlham Əliyev çıxışında bildirdi ki, Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir.”
Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin Zirvə görüşündə BMT sistemində islahatların aparılmasının zəruriliyi məsələsini gündəmə gətirərək təkliflərini verməsi hazırda dünya mətbuatında geniş müzakirə edilir: “Azərbaycan istər 30 illik işğal, istərsə də postmünaqişə dövründə BMT qətnamələrinin, beynəlxalq hüququn norma və prinsiplərinin vahid mexanizm əsasında icrasının vacibliyi məsələsini ən yüksək tribunalardan bəyan edib və bu gün də edir. İkili standartlara əsaslanan siyasətin mövcudluğu dövlətlərarası münasibətlərdə əsas faktor olan etimad mühitinin zəifləməsinə səbəb olur. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə bir daha dünyaya bu reallığı çatdırdı ki, ədalət və beynəlxalq hüquq mövcuddur və bunun üçün vahid mexanizmin müəyyənləşdirilməsi əsasdır. Dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında da bildirdi ki, BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun. Bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır.”
Əliabbas Salahzadə cənab İlham Əliyevin Zirvə görüşündəki çıxışında səsləndirdiyi hər bir fikrin gələcək üçün bir çağırış olduğunu önə çəkərək qeyd edib ki, möhkəm təməl üzərində daim irəliyə doğru inamlı addımlar atan Azərbaycan istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulmasına, yeni istiqamətlər üzrə inkişafına böyük töhfələr verməyə səy göstərir. Qoşulmama Hərəkatının timsalında ölkəmizin qlobal həmrəylik və əməkdaşlıq təşəbbüslərinin uğurlu nəticələrini görürük. Ədalətin və beynəlxalq hüququn müdafiə edildiyi məkanda qarşılıqlı etimad böyük olur ki, bu da hər bir çağırışın uğurla həyata keçirilməsində stimulverici amildir.