“Xarici siyasətində bərabərhüquqlu, qarşılıqlı hörmət və maraq prinsiplərini öndə saxlayan Azərbaycanın ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri yüksələn xətlə inkişaf edir. Tarixi Zəfərimizdən sonra bu əməkdaşlığın daha da möhkləmlənərək yeni prioritetlər üzrə inkişaf etdiyi diqqətdən kənarda qalmır. Dövlətimizin başçısının son illər müxtəlif beynəlxalq tədbirlərə, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinə, Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə toplantısının plenar iclasına, “Avropa siyasi birliyi” Zirvə toplantısına xüsusi qonaq qismində dəvət olunması Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir. Sentyabrın 14-də Prezident İlham Əliyev Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə də fəxri qonaq qismində iştirak etdi. Cənab İlham Əliyev tədbirdəki çıxışında bu mühüm məqamı xüsusi qeyd etdi ki, Məşvərət Şurasının işində ilk dəfədir iştirak edir və regional əməkdaşlığın bu formatının ölkələrimizin, xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacağına əmindir. Dövlət başçısı bu xatırlatmanı da etməklə Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əlaqələrin hazırkı inkişaf səviyyəsinə aydınlıq gətirdi. Belə ki, son iki ildə Mərkəzi Asiya dövlətlərinə doqquz səfər etdiyini bildirən Prezident İlham Əliyev vurğuladı ki, bu müddət ərzində bütün qardaş dövlətlərin başçıları Azərbaycana dəfələrlə səfərlər ediblər. İlin sonuna qədər qarşılıqlı səfərlərin fəal dinamikası davam etdiriləcək.”
Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Malik Həsənov qeyd edib ki, dövlət başçısı İlham Əliyev bu il ikinci dəfə Tacikistana səfər edir: “Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Dövlətimizin başçısı İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirakı Azərbaycanın, həmçinin ölkə Prezidentinin nüfuzunun göstəricisidir. Ölkəmizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti beynəlxalq səviyyədə təqdir edilir və əməkdaşlığın inkişafında stimulverici amildir. Mərkəzi Asiya dövlətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdır və bu özünün aydın ifadəsini qarşılıqlı səfərlərdə tapır. Sözügedən tədbirdə bu əlaqələrin əhatə etdiyi sahələr, eyni zamanda, yeni istiqamətlər diqqətə çatdırıldı. Belə ki, nəqliyyat və logistika sahəsi münasibətlərimizdə mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsi fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş və üzərində fəal çalışdığımız “Rəqəmsal İpək Yolu” layihəsidir.”
Millət vəkili bildirib ki, münasibətlərin inkişafında möhkəm təməl əhəmiyyətli rol oynayır: “Qarşılıqlı etimada əsaslanan əməkdaşlıq uğurla inkişaf edir. Prezident İlham Əliyevin cari ilin ötən dövründə Tacikistana iki səfəri həm bu əlaqələrin, həm də xalqlarımızın çoxəsrlik qarşılıqlı ünsiyyət tellərinin məntiqi davamıdır. Azərbaycan və Tacikistan Prezidentlərinin təkbətək görüşündə, həmçinin cənab İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışı zamanı səsləndirilən fikirlər ölkələrimiz arasında münasibətlərin inkişafına böyük nikbinliklə baxmağa əsas verir. İki ölkə arasında bu günədək imzalanan onlarla sənəd əlaqələrin müxtəlif istiqamətlər üzrə inkişafında möhkəm hüquqi bazadır. Cənab İlham Əliyevin ötən səfəri çərçivəsində imzalanan sənədlər arasında “2025-ci ilədək Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Tədbirlər Planı” iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün geniş imkanların mövcudluğunu təsdiqləyir. Dövlətimizin başçısı sözügedən tədbirdəki çıxışında da bu məqamı xüsusi vurğuladı ki, ikitərəfli əməkdaşlığın mühüm meyarlarından biri qarşılıqlı ticarətin və sərmayələrin artımıdır. Həmin iki istiqamət üzrə göstəricilərin davamlı artıma malik olması sevindiricidir. Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb.”
Malik Həsənov onu da əlavə edib ki, ölkəmizin Mərkəzi Asiya ilə əlaqələrində Türk dünyası ilə münasibətlər də xüsusi önəm daşıyır: “Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib. 2019-2021-ci illərdə Türk Dövlətləri Təşkilatına uğurla sədrlik edən Azərbaycan bu müddətdə üzv ölkələr arasında dostluğun, qardaşlığın və əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində ciddi səylər göstərib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türk Dövlətləri Təşkilatına çevrilərək beynəlxalq təşkilat statusu qazanması Azərbaycanın və Türkiyənin uzun illərdən bəri həyata keçirdikləri uzaqgörən siyasətin bariz nümunəsidir. Bu gün dünya Azərbaycan-Türkiyə münasibətlərinin timsalında türk dünyasının birliyini, həmrəyliyini görür.”
Millət vəkili diqqəti 15 sentyabr 1918-ci ildə Bakının daşnak-bolşevik işğalından azad edilməsinə yönəldərək bildirib ki, bu hadisə XX əsr Azərbaycan tarixinin şərəfli səhifələrindən biri olmaqla yanaşı, Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun dərin köklərə malik olmasının təqdimatıdır: “Dövlət başçısı İlham Əliyevin 2018-ci ildə Bakı şəhərinin azad olunmasının 100 illiyinə həsr olunmuş hərbi paradda səsləndirdiyi “Bu gün, sözün əsl mənasında, tarixi bir gündür, Türkiyə-Azərbaycan birliyi, Türkiyə-Azərbaycan qardaşlığı günüdür. Biz bu nəslin nümayəndələri bu günü yaşadırıq, yaşadacağıq. Bu gün bütün dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir, bütün dünya görür ki, bizim sarsılmaz dostluğumuz, qardaşlığımız əbədidir” fikirləri iki qardaş ölkənin istər sevincli, istərsə də kədərli anlarlarda biri-birinin yanında olduğunu, dəstək verdiyini nümayiş etdirdi. 44 günlük İkinci Qarabağ müharibəsi bu birliyin sarsılmazlığını bir daha təsdiqi oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk andan dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanladı. Tarixi Zəfərimizin hər bir anını iki dost ölkə bir yerdə qeyd edir. Azərbaycan və Türkiyə bu qardaşlığı, dostluğu və müttəfiqliyi Şuşa Bəyannaməsini imzalayıb rəsmi şəkildə təsdiqləməklə münasibətlərin gələcək inkişafının aydın mənzərəsini təqdim etdilər.”