27 sentyabr 2023-cü il Azərbaycan tarixində yeni və qürurlu tarixin yazıldığı gündür. Ermənistan silahlı qüvvələrinin Azərbaycana növbəti dəfə təxribatının qarşısını alınması məqsədilə Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə müzəffər Ordumuzun əks hücum əməliyyatı nəticəsində işğal altında olan torpaqlarımız düşməndən təmizləndi. Viran qalmış, dağıdılmış və hər bir infrastrukturu talanmış torpaqlarımız işğaldan sonra yeni dövrünü yaşayır. Artıq aradan keçən müddət ərzində sözügedən ərazilərdə yeni-yeni infrastruktur layihələri reallaşır. Böyük Qayıdışa start verilib. Bir məsələyə xüsusi diqqət yetirmək lazımdır ki, yenidənqurma işlərini Azərbaycan öz daxili imkanları hesabına həyata keçirir.
Cəmi 44 gün ərzində həyata keçirilən əməliyyatlar düşmənin kapitulyasiya aktına imza atmağa vadar etdi. Bu imza həm də onu göstərdi ki, uzun müddət ATƏT-in Minsk Qrupunun görə bilmədiyi işi Azərbaycan Ordusu gördü. BMT-nin qəbul olunmuş və uzun müddət yerinə yetirilməyən qətnamələri də bu imzanın atılması ilə Müzəffər Ali Baş Komandanın şücaəti nəticəsində öz həllini tapdı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızın otuz ilə yaxın həsrətlə gözlədiyi bu şad xəbəri Azərbaycan vətəndaşlarına noyabrın 8-də sübh tezdən Şəhidlər xiyabanından çatdırdı: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq... Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
Son antiterror hadisələri Xankəndi və digər ərazilərdə qondarma rejimin çirkin planlarını həyata keçirmək üçün təhlükə yaradan terroristlər ağ bayraq qaldırmaqla Azərbaycanın irəli sürdüyü şərtlər daxilində Yevlaxda görüşə razılıq verdilər. Artıq zaman Azərbaycanın xeyrinə çalışır. Bu zamandan səmərəli istifadə Azərbaycanla yanaşı bölgənin inkişafına töhfə verəcək.
Heç bir müharibə qansız-qadasız, itkisiz ötüşmür. Hər qazanılan zəfərin arxasında cəsur oğulların tökülən qanları var. Əbəs demirlər ki, torpaq su ilə qarışanda palçıq, qanla qarışanda Vətən olur. Vətən məhz torpağı uğrunda gözünü qırpmadan canından, qanından keçməyi bacaran oğullar sayəsində var olur. Qəhrəman oğullarımız 44 gün davam edən Vətən müharibəsinin hər gününü zəfər salnaməmizə çevirdi. Bu gün biz Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edirik. Şanlı Zəfər naminə həyatlarını qurban vermiş qəhrəmanlarımızı anırıq. Onlar əsl vətənpərvərlik və Vətənə sədaqət nümunəsi nümayiş etdirərək öz qorxmazlığı, cəsarəti, möhkəm iradəsi və ruh yüksəkliyi sayəsində işğalçını darmadağın edib, ölkəmizin ərazi bütövlüyünü bərpa ediblər. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramımızı bir daha bildirmək üçün bu gün təsis edilmişdir. Allah bir daha bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa, uzun ömür versin!
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı