QHT layihəyə yekun vurdu

“Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yeniyetmə və gənclərin "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiya barəsində maarifləndirilməsi” layihəsi çərçivəsində Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbində və Xocalı şəhər 2 saylı tam orta məktəbində tədbirlər keçirib.
Tədbirdə çıxış edən layihə rəhbəri Ayşən Hüseynova layihə barəsində danışıb. Qeyd edib ki, həyata keçirilən layihə 2 ay müddəti əhatə edir və məqsəd "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanın verdiyi imkanlardan səmərəli istifadə edib ermənilər tərəfindən başımıza gətirilən Xocalı, 31 mart soyqırımları barəsində məsələni gündəmdə saxlamaq, yeniyetmə və gənclərin bu prosesin fəal tərəfdaşına çevrilməsini təmin etməkdən ibarətdir.Onun sözlərinə görə, Layihə dövründə konersiya və bir sıra beynəlxalq hüquqi aktları özündə əks etdirən 200 ədəd kitabça hazırlanıb. Eyni zamanda 180 ədəd xüsusi geyimlər tədbir iştirakçılarına pulsuz olaraq paylanılıb.
A.Hüseynova onu da deyib ki, 9 dekabr 1948-ci ildə BMT-nin Baş Assambleyasının 260 (III)A Qətnaməsi ilə "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiya qəbul olunub. Bu konvensiya 12 yanvar 1951-ci ildə qüvvəyə minib: “Aparılan araşdırma isə onu deməyə əsas verir ki, bir çox gənc və yeniyetmə bu konvensiya barəsində kifayət qədər məlumata malik deyil. Vətəndaş cəmiyyəti olaraq yeniyetmə və gənclərin konvensiya barəsində məlumatlandırma işinin həyata keçirilməsi başımıza gətirilən soyqırım hadisələrinin dünya miqyasında tanıdılmasında mühüm amil olduğunu nəzərə alıb bu istiqamətdə layihə keçirməyə qərar verdik”.
Tədbirdə çıxış edən Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin direktoru Cəmilə Əhmədova, Milli Qəhrəman Tofiq Hüseynovun qızı Yasəmən Hüseynova layihənin əhəmiyyətindən danışdılar.
Xocalı şəhər 2 saylı tam orta məktəbində çıxış edən məktəbin direktoru Lətafət Qasımova mövzunun aktuallığından danışdı. Məktəbin müəllimi Rövşən müəllim və digər natiqlər layihənin əhəmiyyətini xüsusi vurğulayaraq gənclərin və yeniyetmələri prosesdə aktiv olmağa səslədilər.