2022-ci il martın 11-də yerli vaxtla saat 02:50-də Qırğızıstan-Tacikistan dövlət sərhədinin ərazisində Qırğızıstan və Tacikistan sərhədçiləri arasında növbəti atışma olub.
Sabahinfo.az-ın məlumatına görə, bu barədə Qırğızıstan Respublikası Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidmətinin mətbuat xidməti bildirib.
Məlumata əsasən, Batken-İsfana avtomobil yolunun Batken rayonunun Eki-Taş ərazisindəki hissəsində Tacikistan sərhəd naryadı magistral yoldan keçən avtomobillərə daş atmağa başlayıb.
Tacikistanın sərhədçiləri Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd dəstəsinin avtomobillərə daş atmağı dayandırmaq tələbinə məhəl qoymayıblar. Qırğızıstan sərhədçiləri Tacikistan hərbçilərinin qanunsuz hərəkətlərinin qarşısını almaq üçün havaya xəbərdarlıq atəşi açmağa məcbur olublar.
Bu zaman Tacikistanın bu ərazidə xidmət edən digər sərhəd dəstəsi qırğız sərhədçilərinin olduğu müşahidə məntəqəsini atəşə tutub.
Qırğızıstan və Tacikistan sərhəd dəstələri arasında təxminən 20 dəqiqə davam edən atışma başlayıb və saat 03:10-da başa çatıb.
Qırğızıstan tərəfdən ölən və yaralanan yoxdur.
Münaqişənin daha da genişlənməsinin qarşısını almaq üçün Qırğızıstan və Tacikistanın sərhəd nümayəndələri arasında telefon danışığı, daha sonra hadisə yerində görüş keçirilib.