Qlobal Bakı Forumu yeni ideyaların yarandığı və təşəbbüslərin irəli sürüldüyü beynəlxalq diskussiya platforması statusunu alıb

Son illər ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin sayı sürətlə artmaqdadır. Ölkəmiz ev sahibliyi elədiyi tədbirlər fonunda öz həqiqətlərini də dünya ictimaiyyətinin diqqətinə çatdırır, beynəlxalq aləmdəki nüfuzunu sürətlə artırır. Bu tədbirlər beynəlxalq miqyasda siyasi-iqtisadi təşəbbüslərin Azərbaycanın əlində cəmləşməsinə, ölkəmizin yeni ideya və təşəbbüslərin mərkəzinə çevrilməsinə səbəb olur. 

“Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən bəri keçirilən Qlobal Bakı Forumu artıq müasir dünyamızın aktual problemlərinin müzakirə olunduğu, perspektivi müəyyən edən yeni ideyaların yarandığı və təşəbbüslərin irəli sürüldüyü gələcəyə nəzər salmağa imkan verən beynəlxalq diskussiya platforması statusunu alıb. Bu illər ərzində Qlobal Bakı Forumu müstəvisində aparılan müzakirələr, irəli sürülən təşəbbüslər dinlərarası dialoq, miqrasiya, multikulturalizm və inteqrasiya, enerji təhlükəsizliyi kimi məsələləri aktual saxlamağa, bu sahələrdə çətinliklərin aradan qaldırılması ilə əlaqədar qlobal əhəmiyyətə malik qərarların qəbuluna yardım göstərib.

“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda cari ilin 13 mart tarixində keçirilən XII Qlobal Bakı Forumunda da 3 gün ərzində qlobal aktual problemlər, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, BMT-nin gələcək paktı, postmünaqişə dövründə bərpa-quruculuq işləri və orta güclərin yeni dünya düzənində rolu kimi vacib mövzular müzakirə olundu. 

Forumu əhəmiyyətli edən məqamlardan biri də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ənənvi olaraq bu forumlarda iştirakı və iştirakçılarn çoxsaylı suallarını cavablandırmasından ibarətdir. Dövlət başçısı forumun açılışında ölkəmizin iqtisadi potensialı və gələcək planları barədə iştirakçılara ətraflı məlumat verərək bildirmişdir: “Azərbaycanın bərpaolunan enerji imkanları faydalı qazıntıdan olan enerji istehsalına demək olar ki, bərabər olacaq. Bu gün Azərbaycanda yaradılmış enerji istehsalı imkanları 8 giqavatdır. 2030-cu ilə qədər bərpaolunan enerjidən, əsasən günəş və küləkdən, o cümlədən Azərbaycanın azad edilmiş ərazilərdəki hidroresurslardan əlavə 6.5 giqavatlıq enerji güclərimiz olacaq. Beləliklə, bu günə olan potensialımızı demək olar ki, iki dəfə artıracağıq. Bunun sayəsində nəinki neft və qazı, o cümlədən yaşıl enerjini də ixrac edə biləcəyik. Bu rəqəmlər tamamilə realdır. Onlar artıq imzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsaslanır”.

Forumda Ermənistanla münasibətlər barədə danışan Ölkə rəhbəri qeyd etmişdir: “613 insanın, onlardan 60-dan çox uşağın və 100-dən artıq qadının ermənilər tərəfindən qətlə yetirildiyi Xocalı soyqırımını yaddan çıxarmayacağıq. Lakin, eyni zamanda, gələcəyə nəzər salmalıyıq. Cənubi Qafqazda sülhə nail olmalıyıq. Bu baxımdan, Azərbaycan sülh prosesinin təşəbbüskarı olub. Əslində, Azərbaycan hətta bu gün Ermənistanla müzakirə olunan və əsasən razılaşdırılmış sülh sazişi layihəsinin, həmin sülh müqaviləsinin müəllifidir. Bəndlərin əksər hissəsi razılaşdırılıbdır”.

Digər maraqlı məqam da ABŞ-Azərbaycan münasibətləri ilə bağlı oldu. ABŞ-ın keçmiş Dövlət katibi Antoni Blinkenin 30 il ərzində qurulan ABŞ-Azərbaycan münasibətlərini heçə endirdiyini deyən Ölkə başçısı cənab İlham Əliyev yeni Administrasiya ilə Cənubi Qafqaz, sülh, təhlükəsizlik, antiterror əməliyyatları, regionumuzun müasir inkişafı üçün vacib olan tərəfdaşlığın yenidən qurulacağına ümid etdiyini də bildirdi.Bütün bunlar onu deməyə əsas verir ki, XII Qlobal Bakı Forumu dünya üçün yeni perspektivlər açan və qlobal həmrəyliyi gücləndirən mühüm bir tribuna olmaqla yanaşı Azərbaycan yüksək beynəlxalq nüfuzunu əks etdirməklə ikitərəfli və çoxşaxəli münasibətlərin inkişafına da əlavə stimul vermiş olacaq.

Rəşad SADIQOV, 
s.e.ü.f.d., ADPU-nun Magistratura və doktorantura şöbəsinin müdiri