Qlobal layihələrin əsası

Silahlı qüvvələrimiz Ermənistanın 30 il ərzindəhərbi qüdrəti ilə öyündüyü ordusunu 2020-ci ildə 44 günlük Vətən müharibəsində darmadağın etdi. Azərbaycan güc yolu ilə tarixi haqq-ədaləti gerçəkləşdirərək düşmənə öz yerini göstərdi. Bununla da işğal altında olan ərazilərin boşaldılması üzrə BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi güc yolu ilə, uğurla yerinə yetirildi və tarixə “Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” adı ilə düşmüş mürəkkəb qarşıdurma aradan qaldırıldı. Beləliklə, İkinci Qarabağ müharibəsində Ermənistanın biabırçı məğlubiyyəti ilə Cənubi Qafqazda bu qlobal münaqişə sona çatdırıldı.
Müharibədən sonrakı dövrdə məlum oldu ki, Azərbaycan torpaqları işğal altında olan dövrdə erməni faşizmi Qarabağ və Şərqi Zəngəzurda kənd və şəhərlərimizi, maddi-mədəni abidələrimizi yer üzündən silib. Bütün infrastruktur, o cümlədən elektrik stansiyaları, yarımstansiyalar, ötürücü xətlərdağıdılaraq yerlə-yeksan edilib. Bu ərazilərdə enerji sistemindən əsər-əlamət belə qalmayıb, bütün enerji qurğuları sıradan çıxarılıb, düşmənin gücü çatıb apara bildiyi avadanlıqlar daşınıb, apara bilmədiyi isə ya partladılıb, ya da yandırılıb.
Ölkə başçısı cənab İlham Əliyev çıxışlarının birində bu barədə ətraflı bəhs edərək, işğaldan təmizlənən torpaqlardakı yaşayış sahələrinin tamamilə dağılmış vəziyyətdə olduğunu vurğulayaraq bildirmişdir: “Mənim azad olunmuş ərazilərə çoxsaylı səfərlərim olub və avtomobillə hərəkət edərkən 400-450 kilometr yolboyu yalnız dağıdılmış şəhər və kəndlər görünür. Son altı ay ərzində mənim azad olunmuş ərazilərə bir çox səfərlərim olub, şəhər və kəndlərin 90 faizi tamamilə dağıdılmış vəziyyətdədir. Həmin dağıntılar Birinci Qarabağ müharibəsi zamanı baş verməyib. Bu şəhərləri bombardman etməklə bu hala salmaq mümkün olmazdı. Bunlar sonrakı dönəmdə baş verib. Əvvəlcə, onlar bizim inşa etdiyimiz evlərin və məktəblərin tikinti materiallarını, dam örtüklərini və pəncərələrini oğurlayırdılar. Daha sonra isə onlar işğal olunmuş torpaqlarda Azərbaycanın mədəni irsini silməyə çalışırdılar. İşğal altındakı torpaqlarda 60-dan artıq məscid dağıdılıb”.
Zəngilan rayonu da bu cür dəhşətli dağıntılara məruz qalıb. Burada işğalçı ölkənin hərbçilərinin yerləşdiyi bir neçə tikili nəzərə alınmasa, demək olar ki, salamat bir bina saxlanılmayıb, bütün yaşayış məntəqələri yerlə-yeksan edilib. Bununla da düşmən vəhşiliyini, əzazilliyini bir daha dünyaya göstərib, dağıdıcılığını, talançılığını ciddi şəkildə nəzərə çarpdırıb.
Cari ilin may ayının 4-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vahid Hacıyevi Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbulu zamanı Vətən müharibəsindən dərhal sonra başlanan tikinti-quruculuq işlərinin sürətlə aparıldığını, rayonda tarixi və dini abidələrin bərpası işlərinə artıq başlanıldığını bildirərək, işğalçının dagıtdığı şəhər məscidinin Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə əsaslı şəkildə təmir olunduğunu vurğulayıb. Ölkə rəhbəri keçmiş məcburi köçkünlərin azad edilmiş dədə-baba torpaqlarına tezliklə qayıtmasının vacib məsələlərdən biri olduğunu qeyd edərək, böyük qayıdışın Zəngilandan başlanacağı anonsunu verib. Təxirəsalınmaz işlərinin görülməsi üçün əlavə vəsaitlərin ayrılacağını bildirən Ölkə başçısı rayonun böyük və müasir yaşayış sahəsi olacaq Ağalı kəndinin yenidən qurululduğunu vurğulayaraq, sakinlərin burada tam təhlükəsiz, rahat, rifah içində yaşayacaqlarını diqqətə çatdırıb: “Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik və Zəngilan rayonu bu sahədə birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Bildiyiniz kimi, birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kənd olacaq. Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər. Biz azad edilmiş torpaqları necə görmək istəyirik? Biz insanlara, oraya qayıdacaq insanlara hansı şəraiti yaratmaq istəyirik? Hər kəs görəcək ki, işlərimiz planlı və sistemli şəkildə aparılacaq, bütün amillər nəzərə alınacaq – təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf”.
Dövlətimizin başçısı daha sonra əhalinin məşğulluğunun vacib amillərindən biri kimi, Ağalı kəndində yeni müəssisələrin yaradılmasının da nəzərdə tutulduğunu, bununla da keçmiş məcburi köçkünlərin doğma torpaqlarında onlar üçün geniş imkanlar yaradıldığını qeyd edib. Bu gün işğaldan azad edilən ərazilərdə tikinti-quruculuq, bərpa layihələri çərçivəsində yol infrastrukturunun qurulması da diqqət mərkəzində saxlanılır. Ölkə rəhbərinin videoformatda çıxışında da diqqəti bu məsələyə yönəldərək, Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturunun Horadiz-Ağbənd dəmir yolu xətti layihəsinin birinci mərhələsində nəzərdə tutulan tikinti işlərinin sürətlə icra edildiyini, eyni zamanda, son dərəcə mühüm əhəmiyyət daşıyan Zəngilan Beynəlxalq Hava Limanının bu il istismara veriləcəyini söyləyib. Şərqi Zəngəzurda yol infrastrukturunun yaradılması ilə bağlı nəzərdə tutulan böyük layihələr təkcə bunlarla kifayətlənmir. Zəngilandan Qubadlıya və oradan da Laçına çoxzolaqlı yol çəkilir. Bu da Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları arasında birləşməni gerçəkləşdirəcək. Bu, bölgənin loqistik baxımdan imkanlarını genişləndirəcək.
Göründüyü kimi, Ölkə başçısı cənab İlham Əliyevin qətiyyətli siyasəti ilə indi regionda diqtə edən tərəf Azərbaycandır. Azərbaycan dövlətinin qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə gördüyü işlər, ortaya qoyduğu iqtisadi layihələr onu göstərir ki, ölkəmiz 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq yalnız ərazi bütövlüyünü bərpa etmədi, həm də regionun lider dövləti kimi qlobal layihələrin əsasını qoydu.

Fikrət Rzayev
ADPU-nun Sosial və humanitar məsələlər üzrə prorektoru,
əməkdar müəllim, professor