Qubadlının azad edilməsindən 1 il ötür!

Ötən il sentyabrın 27 dən başlayaraq Azərbaycan tarixində xüsusi mərhələ başladı. Biz 30 ilə yaxındır ki, bu günləri gözləyirdik! Bir- birinin ardınca gələn Qələbə xəbərləri bizi nə qədər sevindirirdisə, erməni terroru nəticəsində dinc əhalinin, o cümlədən qadın və uşaqların həlak olması, döyüşlərdə igid övladlarımızın şəhid olması xəbərləri bizi bir o qədər kədərləndirirdi. Lakin insanları ruh yüksəkliyi bir söz deyirdi: “Təki Vətən sağ olsun!”, “Təki torpaqlarımız işğaldan azad olunsun!”. Bu qəribə bir hiss idi, hər kəs bacardığı işi yerinə yetirməklə Qələbəyə öz töhfəsini vermək istəyirdi. Ermənistanda döyüşməyə əsgər tapılmırdı, fərarilərin sayı durmadan artırdı. Azərbaycanda isə hərbi səfərbərlik xidmətləri qarşısında döyüşə getmək üçün cavanlarımız növbəyə dururdular. Hamı bir nəfər kimi. Ölkə başçısının, Ali Baş Komadan İlham Əliyevin ətrafında sıx birləşərək mübarizə apardı. Hər gün xoş xəbərlər aldıqca sanki, yenidən ruhlanırdıq.

Azərbaycanın hər qarşı bizim üçün Vətəndir, doğmadır! Oktyabrın 25-də Qubadlı işğaldan azad edildi. Əlbəttə, bu xəbər hər kəsi sevindirdi. Qubadlının işğaldan azad edilməsi təkcə bu həsrətlə yaşayanları deyil, həm də bu arzu ilə dünyadan köçən narahat ruhları da sevindirir. Bu gün mənim atamın, nənəmin də ruhu şaddır. Torpaqlarımız düşmən tapdağından azad olunur, nəfəs alır, sanki biz də yenidən cavanlaşırıq, Yeni arzular, yeni planlarla yaşayırıq!. Bizə bu möhtəşəm hissləri yaşadan başda Ali Baş Komandan İlham Əliyev olmaqla, hər bir əsgərimizə, zabitimizə təşəkkür edirik!. Şəhidlərimizin qarşısında baş əyirik!

Qubadlı rayonunun təbiəti olduqca gözəl və zəngindir. Palıd, vələs, alma, armud, fındıq, əzgil, zoğal ağaclarından ibarət meşələr, dağ çayları, şəlalələr, bulaqlar, xınalı kəkliklər, qırqovullar, turaclar, və digər qiymətli quş və heyvan növləri ilə zəngindir. Çox təəssüflər olsun ki, Qubadlı meşələri ermənilər tərəfındən qırılaraq Ermənistana və ya xarici ölkələrə aparılmışdı. Qubadlılar heyvandarlıqla, tütünçülüklə və taxılçılıqla məşğul olurdular. Qubadlıda hələ istifadə olunmamış böyük əqiq (aqat) yatağı, mərmər və digər faydalı maddi sərvətləri var. Qubadlı qədim yaşayış məskənlərindəndir. Burada tarixi abidələr, qalalar, türbələr,mağaralar, məscidlər var idi. Əfsuslar olsun ki, bütün bu tarixi- mədəni irsimiz erməni vandalizminin qurbanı olublar. Qubadlı təkcə təbiətinə görə deyil, görkəmli şəxsiyyətləri ilə də zəngindir. Seyid Mir Həmzə Nigari, Mir Sədi ağa, Qaçaq Nəbi haqqında yeganə elmi araşdırmanın müəllifi pedaqoq, filoloq, ədəbiyyatşünas, tarixçi Bəhlul Behcət, geoloq-alim, geologiya-mineralogiya elmləri doktoru, professor, SSRİ EA-nın ilk azərbaycanlı müxbir üzvü (1953) Əli Əmiraslanov, tanınmış yazıçı Süleyman Rəhimov, Azərbaycanın Milli Qəhrəman Əliyar Əliyev, Şükür Həmidov. Xalqımıza rəşadətli Qələbəni yaşadan hərbiçilərimizdən biri Azərbaycan ordusunun general-mayoru Mais Bərxudarov və adlarının qeyd etmədiyim neçə- neçə alimlər, ziyalılar, hərbiçilər və s.

Mən də bu torpağın yetirməsiyəm. Atam Kamran Hüseynov, dövrünün tanınmış ictimai –siyasi xadimi olmaqla yanaşı, şerə, sənətə böyük önəm verirdi. Qubadlıya, onun bərəkətli torpağına, saf suyuna, təravətli çiçəklərinə o qədər vurğun idi ki, şerlər yazır, fəlsəfi düşüncələrini qələmə alırdı. O, doğma yurdunun təbiətinə, dağına, gülünə o qədər vurğun idi ki, həyatında ilk və son şerini də məhz Qubadlının Hərtiz dağına həsr etmişdi. Bu kəndin, təbiətin həsrətinə dözməyən Kamran müəllim yazırdı ki,

Səndən ayrıldığım xeyli müddətdir,

Vətən ayrılığı nə böyük dərddir.

Vətən həsrəti, çox çətindir. Bir an belə ruhdan düşmürdü, inanırdı ki, Vətəninə qovuşacaq. Elə bu niyyətlə “Zəngəzur ”cəmiyyəti yaratdı. Gənclərimiz yaddan çıxarmasın, tariximizi unutmasınlar deyə, böyük təbliğat işləri aparırdı. İnanıram ki, onun ruhu indidir.

Ötən ilin dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarına səfər edərkən biz gördük ki, ermənilər bütün kəndləri dağıdıblar. Onlar təkcə bizə deyil, evimizə, onun daşına, divarına, ağaca da nifrət hissi ilə yanaşıblar. Ekoloji terror törədiblər. 30 ilə yaxın işğalda saxladıqları ərazidə heç nə tikməyib, heç nə yaratmayıblar. Ancaq talan ediblər. Əgər bu torpaqlar onların idisə, bəs niyə, bir dənə də yeni tikilmiş binaya rast gəlmək olmur? Demək, onlar da hardasa dərk edirdilər ki, bu torpaqların əsl sahibi azərbaycanlılardır!

Hazırda, Qubadlıda, ümumiyyətlə, erməni işğalından azad olunan Qarabağ və Şərqi Zəngəzurda bərpa tikinti işlər aparılır. Görülən işlər, həyata keçirilən layihələr bunlar hamısı xalqımızın iradəsini, dövlətimizin gücünü, iqtisadi potensialını bir daha nümayış etdirir. Çox tezliklə, bu ərazilərdə yenidən həyat canlanacaq, insanlar öz doğma evlərinə qayıdacaqlar, yaşayıb, yaradacaqlar. Bir daha Qələbə münasibəti ilə, bütün xalqımızı təbrik edirəm. Şəhidlərimizin əziz ruhlarına ehtiramımı bildirirəm. Onların valideynləri qarşısında baş əyirəm. Xalqımız mərd, igid, cəsur, zəhmətkeş, yaradan xalqdır! Biz bütün çətinliklərin öhdəsindən birlikdə gəlmişik! Bu.ndan sonra da cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək yeni uğurlar imza atacağıq!

Hicran Hüseynova

 Milli Məclisin Ailə,qadın və uşaq məsələləri

komitəsinin sədri,siyasi elmlər doktoru,professor