Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir

Uzun illər mənfur düşmənin istismarında olan gözəl guşələrimizdən biri Qubadlı olub. Qubadlı dəfələrlə Ermənistanın işğalçı qüvvələrinin hücumlarına məruz qalmışdır. Bu dövrdə bütövlükdə Zəngəzurla birlikdə Qubadlının kəndləri yandırılmış, dinc əhaliyə divan tutulmuşdur. Bununla belə çətinlik və əzablara baxmayaraq, hər dəfə erməni qoşunları torpağımızdan qovulmuşdur.

Laçın, Ağdam, Füzuli, Cəbrayıl rayonları işğal olunduqdan sonra faktiki yarimmühasirə vəziyyətinə düşən Qubadlı rayonu 1993-cü il avqust ayının 30-31-də erməni təcavüzkar qüvvələrinin işğalına məruz qalmışdır. İşğal nəticəsində 29997 nəfər Qubadlı sakini yurd-yuvasından didərgin düşmüş, respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. Qadın və uşaqlar daxil, çoxlu sakinlər öldürülmüş, əsir götürülmüş, bir coxlarından bu günə qədər heç bir məlumat yoxdur.

Ermənilər Qubadlıda 205 mədəni – məişət obyektini, 12 tarixi abidəni, 5000-dən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini yandıraraq talan etmişdilər. İşğal nəticəsində 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır.

44 günlük Vətən müharibəsi zamanı Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. İlk növbədə Azərbaycan Ordusunun peşəkarlığı, fədakarlığı nəticəsində şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədilər. Öldürülən, əsir götürülən insanların, uzun illərdir həsrət acısından gözləri qan ağlayan məcburi köçkünlərin və bütövlükdə, qəhrəman Azərbaycan xalqının qisası alındı.

2020-ci il noyabrın 26-da "Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildi. Prezidentimiz cənab İlham Əliyev Qubadlı şəhəri və Qubadlı rayonunun işğaldan azad olunmasında fərqlənmiş

hərbi birlik komandirləri Yaşar Həsənov və Zaur Quliyevi təbrik etmiş və bu təbriki bütün şəxsi heyətə çatdırmağı tapşıraraq, növbəti hərbi əməliyyatlarda bütün ordumuza uğurlar arzulamışdır.

Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban xanım Əliyeva öz Instagram hesabında Qubadlı şəhərinin azad olması münasibətilə paylaşım etmişdir: «Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhəri işğaldan azad edildi! Bu münasibətlə bütün xalqımıza səmimi təbriklərimi çatdırıram! Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur. Onların hər birinə hədsiz dərəcədə minnətdaram! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun.

 

 

Fərqanə Cəbrayılova,

Salyan rayonu, respublikanın Əməkdar müəllimi